Maraqlı

Bu həkimlər xəstələrin başına min oyun açıb, QATİLƏ ÇEVRİLİBLƏR - FOTO

6 May 2023 01:38
Baxış: 2 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son aylarda dünyada COVİD-19 koronavirusuna qarşı mübarizə məqsədilə tətbiq edilmiş karantin çərçivəsində fəaliyyət göstərən tibb işçilərinin dəqiq iş qrafiki yoxdur.

Həkimlər və tibb bacılarının iş günü ən yaxşı halda 10 saat, əksər hallarda isə 16-18 saat davam edir.

Bəzi həkimlər günlərlə ailə üzvlərini görmürlər.

Bununla bağlı məhdudiyyət və ya yasaq yoxdur. Həkimlərin özləri karantin müəssisəni tərk etmək istəmirlər.

Yardım üçün, həyatları xilas etmək üçün.

Həyat ən dəyərli məhfumdur. İndi o dəyəri qoruyanlar da həkimlərimizdir.

İnsanlar daim həkimlərə ən qiymətli olanı etibar ediblər - öz həyatlarını və sağlamlıqlarını.

Amma tarixdə elə hadisələr olub ki, şəfa verənlər açıq-aşkar cinayətkarlara çevrilib.

Milli.Az tarixin ən amansız və ağılsız həkimlərinin bir neçəsini qısa icmalla oxuculara təqdim edir.

Henri Kotton

Amerikalı həkim-psixiatr Henri Kotton XX əsrin başlanğıcında dəfələrlə ağır xəstələri müşahidə edirdi. Yüksək təzyiqi olan pasiyentlər sayıqlayır, onlarda hallüsinasiyalar olurdu. Bu zaman həkim Henri öz əcaib məntiqlini irəli sürdü: o belə qənaətə gəldi ki, psixi xəstəliklərin səbəbi müxtəlif orqanlarda infeksiyaların olması ilə əlaqədardır.

Həkim Henri öz xəstələrinin müalicəsini onların dişlərinin çıxarılması ilə başladı. Məhz dişlərdə, onun düşüncəsinə görə, adətən naxoşluğun səbəbi "gizlənir". Nəticə əldə olunmayanda, cərrah yumurtalıqları, öd kisəsini, dalağı və s. orqanları tədqiq etməyə başlayır. Əgər bu orqanlardan hansısa normadan sapmış olardılarsa, dərhal kəsilirdi. Henri Kotton öz metodunun məhsuldarlığına əmin idi. Onun sözlərinə görə, xəstələrin 85 %-i sağalırdı.

Amma həqiqət onun tərəfində deyildi: belə "müalicədən" sonra əksər pasiyentlər ölürdülər. 1907-1930-cu illərdə, həkim Henrinin əməliyyat etdiyi pasiyentlərin yarısından çoxu dünyanı tərk edir.

Siro İsii

Yapon ordusu tərəfindən işğal edilmiş Çinin Xarbin şəhərinin ətraflarında, 1932-ci ildə məxfi kompleks açıldı. Kompleks "Dəstə 731" adlanırdı və orada dəhşətli hadisələr baş verirdi. Tədqiqat mərkəzinin əsas məqsədi kimyəvi silahın hazırlaması idi. Bunun üzərində alim-mikrobioloq Siro İsiinin başçılığı altında 3000 insandan ibarət kollektiv işləyirdi.

Bununla yanaşı "Dəstə 731"in həkim-alimləri həm də canlı insanların üzərində bir çox qeyri-insani təcrübə keçirirdilər. Eksperimentatorlar hər hansı, hətta ən qorxunc tibbi suala belə cavab tapmağa çalışırdılar. Bu amansız yollarla yaponlar bildilər ki, insan neçə dərəcəli soyuq şəraitdə yaşaya bilər, hansı yüksək temperatura tab gətirə bilər və s. Bütün bu təcrübələr insan ölümləri ilə əldə olunurdu. Eyni zamanda insanları ölümcül xəstəliklərə yoluxduraraq, onların müalicəsinin mümkün olub-olmadığını əyani surətdə tapmağa çalışırdılar.

İkinci dünya müharibəsi qurtardıqdan sonra "Dəstə 731"in əməkdaşlarının bir çoxu Yaponiyada və başqa ölkələrdə cəzasız qaldılar. Bütün qeyri-insani tədqiqatlara nəzarət etmiş Siro İsii isə ABŞ-a köçərək, bakterioloji silahın hazırlanması istiqamətində orada işini davam etdirməyə başladı.

Yozef Menqele

İkinci dünya müharibəsi illərində nasist Almaniyasında dəhşətli əməlləri ilə məşhur daha bir həkim fəlaliyyət göstərirdi. Osventsim - həbs düşərgəsində Yozef Menqele həkimi hamı tanıyırdı. Bu zahirən ürəyiyumşaq və güləyən insan öz pasiyentlərini ya ölümə göndərir, ya da uzun müddətli əzablara məhkum edirdi.

Onun rəhbərliyi altında insaniyyətdən uzaq ən müxtəlif təcrübələr aparılırdı. Əsirləri axtalayır, ölüm həddinə qədər soyuqda saxlayır, anesteziyasız əməliyyat edir, onlara yad - fərqli rezuslu qan köçürürdülər. "Ölüm mələyi" ləqəbli həkim əkizləri çox sevir və onların üzərində ən amansız təcrübələr keçirirdi. Təcrübələr zamanı 3000 uşaq-əkizdən cəmi 200-ü sağ qalır.

Stabbins Firf

Amerikalı Stabbins Firf hələ yeni-yeni həkimlik oxuyurdu ki, 1793-cü ildə Filadelfiyada "sarı titrətmə" epidemiyası yayıldı. Xəstəlik 5000 insanın həyatına son qoyur və Firf onun yaranmasının səbəblərini öyrənməyə qərar verir. O, fərziyyə irəli sürür ki, bu naxoşluq insandan-insana ötürülmür və o, bu fikrində o qədər əmin idi ki, öz üzərində bir sıra təcrübələr keçirməkdən də çəkinmədi. Xəstələrdən ifrazlar alaraq, öz yaralarına sürtürdü. Doktor Firf bu mayeləri həm də içirdi. O, sağ qalaraq uzun müddət öz kolleqalarını çaşdıra bilmişdi. Yalnız yarım əsr sonra məlum oldu ki, heç də belə deyilmiş, "sarı titrətmə" mığmığalar tərəfindən insandan-insana ötürülür.

Endrü Yur

Şotlandiyalı Endrü Yur kimyaçı, geoloq, iqtisadçı kimi tarixdə qalıb. Amma Endrü daha çox 1818-ci ildə, qatil və oğru Metyu Klaydsdeylin bədənində keçirilmiş qeyri-adi sınaqla məşhurlaşıb.

Meri Şellinin məşhur kitabındakı doktor Frankenşteyn kimi, Yur da ölünü diriltməyə qərar verir. Ölünün boynuna və ayağına elektrodlar bərkidərək, cərəyan buraxır. Elektrikin təsiri altında ayaqlar hərəkət edir, diafraqma azalırdı. Cərəyanı cəsədin kəllə hissəsinə verəndə isə, gözlər bərəldi, üz tamamilə əyildi. Təbii ki, ölü dirilmədi və tamaşaçılar dəhşət içərisində idilər.

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.