Maraqlı

Vəsiyyət edən

7 Fevral 2023 22:20
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi isə vəsiyyət edənin kimliyini aydınlaşdıraq. Həzrət (ə) özünü ölümü yaxınlaşmış pir ata kimi tanıtdırır. O, ölümünün yaxınlaşdığı bir vaxtda coşqun gəncliyini yaşayan bir cavana vəsiyyət edir.

Həzrət (ə) bu tə'birlərlə özünü yalnız bir ata kimi nəzərdə tutur. Öz həyatı və keçmişlərdən əldə olunmuş mə'lumat və təcrübələrə əsaslanan pir ata bildirir ki, hələ də həyatın bütün çətinliklərini dərk etməmişdir və qarşıda bir çox müsibətlər vardır. Gələcəkdə çətinliklərlə qarşılaşacağını bilən, xilas yolu axtaran hər bir gənc bu vəsiyyətdən istifadə etməyə can atır. Əgər Həzrət (ə) bu vəsiyyəti mə'sum övladı imam Həsən ibn Əliyə (ə) ünvanlasaydı, başqaları bu vəsiyyətlə bir o qədər də maraqlanmazdılar. Belə bir fikir yaranardı ki, bu vəsiyyət iki mə'sum imama aiddir və başqaları ilə heç bir bağlılığı yoxdur. Həzrət (ə) öz ali məqamından enərək, sadə pir atanın sadə gənc övladına tövsiyyəsi dilində danışır ki, bütün başqa cavanlar bu vəsiyyətnamədən faydalana bilsinlər. Bu üslub başqalarının da uyğun vəsiyyətnamədən bəhrələnməsinə səbəb olur. Bu səbəbdən də ata və oğul arasındakı bağlılıq olduğu kimi təsvir olunur: "Ey oğlum! Mən sənə nə qədər bağlıyam! O qədər bağlıyam ki, bütün fikrim özümdə cəmləşdiyi vaxtda səni unuda bilmirəm!"

Gündəlik həyatda insanın diqqətini bir çox müxtəlif məsələlər cəlb edir. Malik olduğu müxtəlif məs'uliyyətlərə görə, müşahidələr və düşüncələr səbəbindən ortaya çıxan müəyyən işlər olur. Bununla belə, ata öz canparəsi övladını unuda bilmir. Ona görə də Həzrət (ə) buyurur ki, hamını kənara qoyub, yalnız özü ilə qaldığı vaxt da övladını unuda bilmir, onu öz canparəsi, bəlkə də, bütün varlığı hesab edir, onu özü kimi bilmir.

Həzrət Əli (ə) bu sözləri ona görə buyurur ki, başqasının nəsihətini eşidərkən onun məhəbbətdən deyildiyinə, öz xeyrinə olduğuna inanan şəxs həmin nəsihətə həvəslə qulaq asır. Siz də deyilən məsələni sınaqdan keçirə bilərsiniz. İnsan bir şəxsə inandığı qədər onun nəsihətini dinləyir. Ehtimal versək ki, deyilən sözlərin yaxşı-pisliyindən asılı olmayaraq, onlar bizə yox, bir başqasına xatir deyilir, həmin sözlərə laqeyd olarıq. Belə bir nəsihətə diqqət və əməl etməyə lüzum qalmır. Amma əmin olsanız ki, nəsihət verənin məqsədi sizə qarşı xeyirxahlıqdır, nəsihəti diqqətlə dinləyir, ona əməl edirsiniz. Bu səbəbdən də Həzrət (ə) özünü ömrünün sonu çatmış ata kimi təqdim edərək, bəlalar və çətinliklərlə qarşılaşacaq oğluna buyurur: "Mən səni o qədər sevirəm ki, sanki vücudumun parəsisən, bəlkə də, bütün vücudumsan..." müraciət olunan şəxs bu sözləri oxuduqda vəsiyyət edənin xeyirxahlığını anladığından onu həvəslə dinləyir. Əmirəl-mö'minin (ə) kimi bir atanın özü kimi bildiyi bir övladına bu sayaq vəsiyyətindən hamının faydalanmasına dəyər. Xoşbəxtlik yolunu öyrənib, biz də bu yolla səadətə çatmalıyıq. Bəli, Həzrət (ə) diqqəti cəlb etmək üçün həmin yoldan istifadə edib, sonra sözə başlayır.

Deyildiyi kimi, az moizələrdə bu ilahi vəsiyyətin xüsusiyyətləri ilə rastlaşırıq. Bu vəsiyyətnamə elə bir vaxtda yazılır ki, Əmirəl-mö'minin (ə) Süffeyn döyüşündən yenicə qayıtmış və müharibə çətinlikləri arxada qalmışdır. Bu döyüş "həkəmiyyət" məsələsi ilə nəticələnmişdir. İndi Həzrət (ə) ömrünün bütün təcrübəsini öz övladına təhvil verir. Artıq o, ömrünün son günlərini yaşayır. Fürsəti əldən vermək olmaz. Ona görə də altmış illik ömrün təcrübəsi vücudunun parəsi və ya öz vücudu kimi olan ən üstün bir şəxsə verilir. Altmış yaşlı ömür ağacının meyvəsindən daha layiqli kim var ki?

Bu vəsiyyətdə insanın kamilliyinə çox tə'sirli olan dəyərli mətləblər bəyan olunmuşdur. Ümid var ki, bu izahlar dinləyici və oxucuların həmin vəsiyyəti anlamasına və ona əməl etməsinə səbəb olacaqdır. İnşaəllah.

Vəsiyyətnamədə Əmirəl-mö'minin (ə) özünü ömrü sona çatmış pir kimi təqdim edərək, imamət elmi və mə'sumluğunu nəzərdə tutmadan öz oğlunu belə nəsihət edir: "Bu, axirət səfəri üstə olan, zamanın ötdüyünü, dünyanın arxa çevirdiyini e'tiraf edən bir atanın vəsiyyətidir..."

Maraqlıdır ki, Həzrət (ə) "Əmirəl-mö'minin Əlinin (ə) vəsiyyəti" yox, "bir atanın vəsiyyəti" deyir və bununla da, öz vəsiyyətini hamıya aid edir. Əlbəttə, "əl-muqirri lizzəman" tə'biri bizim üçün o qədər də tanış deyil. Onu belə tə'bir etmək olar: İnsan öz təbiəti e'tibarı ilə onun həyatını və dadacağı ləzzətləri hədələyən amillərlə mübarizə aparıb, onları aradan qaldırmaq istəyir. İnsanı rahat buraxmayan şeylərdən biri zamanın onu qocaldan gedişidir. Qocalıq dövrü bir müddət davam etsə də, nəhayət, ölümlə sonuclanır. Zaman ötməsəydi, təbii ki insan əbədi olardı. İnsan həyatın ötüb, başa çatmasını istəmir. O, əbədilik arzusundadır. Bu, hər bir insanın fitri istəyidir. Nə etməli ki, bu gerçəkliklə mübarizə aparmaq faydasızdır. İnsanın məhdud ömürlü varlıq olduğunu qəbul etməkdən başqa yol yoxdur. Ölüm acı, xoşagəlməz olsa da, onu qəbul etməkdən başqa çarə yoxdur. Ata öz oğluna bildirir ki, bu mə'nanı qəbul etmiş və zaman qarşısında təslim olmuşdur. O, əmindir ki, zaman ötür və onun qarşısını almaq olmaz. "Əl-muqirri lizzəman" - "zamanın qələbəsini e'tiraf etmiş" tə'biri ömrünün ötəriliyi qarşısında təslim olmaq mə'nasındadır. Yə'ni artıq qəbul etdim ki, ömür məhduddur və o, başa çatasıdır. Ona görə də Həzrət (ə) "mudbiril-ömr", yə'ni "ömrü keçmiş" ifadəsini işlədir. Bəli, ömrü başa çatmaqda olan bir ata! Bu ata ruzgara təslim olmuşdur. "Mustəslimi liddəhr" ifadəsi "əl-muqirri lizzəman" ifadəsinin oxşarıdır, amma o daha geniş və mürəkkəbdir. Sanki meydanda mübarizə aparan iki nəfərdən biri o birinin qələbə çaldığını görüb, əllərini qaldırır və təslim olur. İnsan zamanın ötəriliyi qarşısında da bu sayaq məğlubdur. Hansı ki o, bu məğlubiyyətlə barışmaq istəmir, əbədilik axtarır. Nəhayət, məğlubiyyətin qaçılmaz olduğunu görür. Ona görə də əllərini qaldırıb, zaman və dövran qarşısında təslim olur. Qəbul edir ki, ömür ötüşməkdədir. Bəli, biz də bu axınla getməliyik, başqa yol yoxdur. Beləcə, "əlmustəslimi liddəhri", yə'ni "rüzgara təslim olmuş" şəxs onun qarşısında təslim əlaməti olaraq əllərini qaldırır, qəbul edir ki, ömür ötəridir və onunla mübarizə aparmaq əbəsdir.

Vəsiyyətin davamında Həzrət Əli (ə) vəsiyyət edən şəxs kimi özünü belə tanıtdırır: "əzzaimi liddünya", yə'ni bu vəsiyyət o şəxs tərəfindəndir ki, ömrü başa vurmuşdur və dünyaya məzəmmətlə baxır. Həzrət (ə) sanki öz vəsiyyətinin dünya bərbəzəyi haqqında olmadığını nəzərə çatdırır. O, dünyanı məzəmmət etdiyini önə çəkir. Ömrü başa çatmaqda olan, dünya həyatını xoşlamayan bir ata başqalarını dünya həyatının qədrini bilməyə, ondan daha çox ləzzət almağa çağıra bilərmi?! Əsla! Bu ata tövsiyyə edir ki, dünyanı yüksək məqamlı, sitayişə layiq bilməyək. O, dünyanı məzəmmət edir, ölülər məskənində sakin olduğunu bildirir. Yə'ni o, bir yerdə yaşayır ki, əvvəllər də orada yaşamışlar və hazırda həmin adamlardan əsər də yoxdur. O, tezliklə öləcəyini bildirir. Bizim yaşadığımız məkanda əvvəl minlərlə adam yaşamış və heç bir iz qoymadan dünyanı tərk etmişlər. Onların yerini tutmuş bizlər əbədi qalacağıqmı?! Şübhəsiz ki, biz də onlar kimi öləsiyik. Vəsiyyət edən ata da özünü həmin mövqedə görür. Ölülər karvanının ötüşdüyü yerdə qərar tutmuş bu ata özünü eyni mövqedə hiss edir. Hamı bu dayanacaqda nəfəsini dərib, yoluna davam edir. Həzrət (ə) də onların ardınca gedəcəyini bildirir. Həzrət Əli (ə) buyurur: "əzzaini ənha ğəda", yə'ni vəsiyyət edən kəs sabah bu dayanacaqdan köçəcəkdir. Müvəqqəti olaraq bu karvansarada dayansa da, əvvəlki karvanlar tək yola düşəcəkdir.

Bu bəyanlar vəsiyyət edən şəxsin mövqeyini müəyyənləşdirir. Onu tanımaq üçün uyğun vəsflərə, tə'birlərə nəzər salıb, düşünmək kifayətdir. Bu məqamda insan həmin vəsiyyətin onun özü üçün də faydalı olub-olmadığını müəyyən edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.