Hadisə

Bakıda yarım kiloqramlıq körpə doğuldu

6 Fevral 2026 11:28
Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyaya gələn körpənin həyatı xilas edilib.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 18-də özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.

Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.

Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb.

Körpə hazırda ambulator müşahidəyə götürülüb.

Qeyd edək ki, bu, 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.