Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-də gerçəkləşən Naxçıvan-Bakı reysləri zamanı baş verib.
Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yükvuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səid Kərimli törədiblər.
Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda baqaj yüklərinin təyyarəyə daşınması zamanı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl-zinət əşyalarını mənimsəyiblər.
Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan baqajlara baxdıqları müəyyən edilib.
Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4 170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar "Cahan" Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə "Nur Telekom" adlı lombarda 1 400 manat müqabilində qoyulub.
Cinayətin üstü isə müştərilərin baqajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb.
Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Milli.Az





