Hadisə

İŞİD-in azərbaycanlı mühasibi ilə bağlı yekun qərar verildi

12 Dekabr 2025 09:55
Baxış: 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən, İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və qardaşı Mircavad Salahovun barələrində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mircəlal Salahov və Mircavad Salahovun hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində "İŞİD" terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib.

Daha sonra o, "İŞİD" terror təşkilatında mühasib kimi fəaliyyətə başlamış, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Salahov Mircavad Seyidağa oğlu "İŞİD" terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Cinayət işi üzrə Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.