Hadisə

Toydan qayıdan qonşular avtobusda dalaşdı: "Barmağını onun ağzına salıb, cırmağa çalışıb"

9 Dekabr 2025 17:55
Baxış: 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan Ağstafa rayon Köçəsgər kənd sakini 1978-ci il təvəllüdlü Natiq Bayramovun (soyadlar şərtidir) məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hadisə baş verən gün Natiqin qonşusu Kərimin (şərti) övladının Ağstafada toyu olub. Bununla əlaqədar qonşular avtobus tutaraq Köçəsgərdən rayon mərkəzinə yollanıblar.

Onlar geri qayıtdıqda avtobusda arxa oturacaqda əyləşən Nazim Məmmədov öndə əyləşən qonşularına uca səslə deyib-güldükləri üçün irad bildirib. Həmin iradı özünə götürən Natiq Nazimlə mübahisə edib. Bu zaman Nazim arxadan Natiqin boğaz nahiyəsindən tutaraq barmağını onun ağzına salıb və ağızını yanaq hissəyə doğru cırmağa çalışıb.

Natiq qonşusunun əlindən çıxmağı bacarıb və avtobusdan düşüb. O, Nazimin yaşadığı evin qarşısına piyada gedib və qonşu ilə mübahisəni davam etdirib. Ardınca bıçaqla Nazimin qarın nahiyəsinə bir zərbə vurub. Qarının ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə insan həyatı üçün təhlükəli sayılan ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunub.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə Natiq Bayramova 3 il həbs cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.