Hadisə

Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT - FOTO

15 Noyabr 2025 10:11
Baxış: 566
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda azyaşlı qızına qarşı dəfələrlə zorakılıq tətbiq etməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın məhkəmə işi yekunlaşıb.

Milli.Az xəbər verir ki, cinayət materiallarında Ramazanovanın 2021-ci il təvəllüdlü qızına uzun müddət ağır fiziki və psixoloji işgəncələr verdiyi təsdiqlənib. Məlum olub ki, azyaşlı müxtəlif alətlərlə döyülüb, yandırılıb və təhqiramiz davranışlara məruz qalıb.

Qeyd olunur ki, Fatimə uşağına səbəbsiz yerə oxlov, elektrik naqili və dəri kəmər kimi əşyalarla zərbələr endirib. Həmçinin sobada qızdırılmış kəfkirin uşağın ovucuna və qoluna basdırılması ilə termiki xəsarətlər yaranıb.

Son hadisə 2 mart 2025 tarixində baş verib. Uşağın yemək yeməməsi bəhanəsi ilə Ramazanova onu kəmərlə döyüb və nəticədə qızın bədənində çoxsaylı xəsarətlər yaranıb.

İfadəsində Fatimə bildirib ki, özü də uşaqlıqdan zorakılığa məruz qalıb, 13 yaşında atasını itirib və çətin həyat şəraiti yaşayıb. Son illər müxtəlif yerlərdə işlədiyini, şəxsi münasibətlərində də zorakılıq olduğunu deyib.

Qızı Mələk bir müddət dayələrin evində qalıb və Fatimə iddia edir ki, uşağın yemək problemi həmin dövrdən başlayıb. O, dayə Samirənin qızı övladlığa götürmək istədiyini və uşağı yemək yeməməyə məcbur etdiyini iddia edib. Lakin iş materialları bu iddiaları təsdiqləmir.

Azyaşlının ifadəsində məlum olub ki, anası onu kəmər, dəmir dabankeş və kəfkir ilə döyüb, isti su töküb və gecələr bir ayaq üstə saxlayıb. Siqaret yanığı izlərinin isə anası ilə yaşayan Roma adlı şəxs tərəfindən törədildiyi bildirilir.

İşgəncələri əks etdirən video sosial şəbəkələrə Ramazovanın özü tərəfindən dayə Samirəyə göndərildikdən sonra yayılıb. Fatimə videoda baş verənlərə görə Samirəni günahlandırmağa çalışıb.

Azyaşlı sığınacağa yerləşdiriləndən sonra ilk günlər danışmaqdan imtina edib. Sığınacaq rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, uşağın bədənindəki xəsarətlər o qədər ağır olub ki, ona toxunmaq belə mümkün olmayıb. Uşaq uzun müddət qorxu içində yaşayıb və gecələr qışqıraraq ayılıb.

Fatimənin analıq hüququnun alınması üçün məhkəməyə müraciət edildiyi bildirilib. Suraxanı Rayon Məhkəməsində bu məsələ ilə bağlı proses davam edir.

Məhkəmənin hökmü ilə Fatimə Ramazanova 2 il 6 ay həbs cəzası alıb.

Sığınacağa yerləşdirildiyi ilk gün çəkilmiş fotolarda azyaşlının bədənində çoxsaylı ağır xəsarətlər aydın görünür./Teleqraf

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.