Hadisə

Toydan sərxoş çıxıb insanlara söz atdı, həmkəndlisini döyüb öldürdü - Həmin qətlin TƏFƏRRÜATI

12 Avqust 2025 17:42
Baxış: 428
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Rüstəmov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Seyidağa Rüstəmov Bakının Kürdəxanı qəsəbəsindən Füzuli rayonunun Alxanlı kəndinə, qohumunun toy mərasiminə gedib. O, toyda spirtli içki qəbul etdikdən sonra mərasimi tərk edərək Beyləqan rayonu, Mil qəsəbəsinə gedib.

Sərxoş vəziyyətdə olan S.Rüstəmov həmin ərazidə yolun kənarında dayanaraq yoldan keçən avtomobil sürücülərinə söz atmağa başlayıb. Bu vaxt sürücülərdən biri onunla mübahisə edib. S.Rüstəmovun həmkəndlisi Ramil Rzayev bunu görüb sürücüdən üzr istəyib və S.Rüstəmovun sərxoş olduğunu bildirib. Sürücü Ramilin sözündən sonra Seyidağanın dediklərinə fikir verməyib və yoluna davam edib. R.Rzayev Seyidağanın qolundan tutaraq yoldan uzaqlaşdırıb və kənarda sakitləşməsini istəyib. Bu vaxt S.Rüstəmov R.Rzayevlə mübahisə edib. O, Ramili itələyib. Ramilin yıxıldığını görən S.Rüstəmov onun baş nahiyəsinə zərbələr endirib. Nəticədə R.Rzayev aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb. Seyidağa isə R.Rzayevin sərxoş olduğunu zənn edib və ona heç bir kömək etməyib.

Hadisə yerinə R.Rzayevin anası gəlib. Seyidağa Rüstəmov Ramilin anasına yalan məlumat verərək, oğlunun sərxoş vəziyyətdə olduğunu bildirib və onu evlərinə gətiriblər.

Hadisədən sonra S.Rüstəmov atasına məxsus avtomobillə Bakı şəhərinə qaçıb. R.Rzayev isə komatoz vəziyyətdən ayılmayıb. Səhəri gün R.Rzayev evində dünyasını dəyişib.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Seyidağa Rüstəmov saxlanılıb və istintaqa təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.