23:01
Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 30.01.2025-ci il tarixində saat 21:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə 7 nəfər hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən APA-ya verilən məlumata görə Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (qadın cinsli) yerləşdirilib. Onlardan 1998-ci il təvəllüdlü şəxs L1 fəqərəsinin sınığı və aşağı ətrafların parezi, 1984-cü il təvəllüdlü şəxs isə sol bud-çanaq oynağının çıxığı, sağ oturaq, qasıq sümüklərinin sınığı diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır qiymətləndirilir.
Sağ gözətrafı dərialtı hematoma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları təyin edilən şəxs isə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və müşahidə altındadır. Vəziyyəti orta ağır dəyərləndirilir.
4 nəfər isə (2 kişi, 2 qadın cinsli) Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan bud sümüyünün sınığı diqanozu təyin edilən 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Bədənin müxtəlif nahiyələrində sıyrıntılar və əziklər diaqnozu təyin edilən digər 3 nəfərin (2009, 2010 və 2017-ci il təvəllüdlü) isə müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır.
-----------
22:01
Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb.
Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb.
Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az