Texnologiya

"İşimi görərkən uğur haqda düşünmürdüm" - FOTO

3 Noyabr 2014 20:56
1 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar mühəndis Xavər Babazadə: "Həyatda fürsətləri görüb dəyərləndirmək lazımdır"

Azercelə 3G, 4 G şəbəkələrinin qurulması, metro stansiyalarında Azercell abunəçilərinin danışa bilməsi məhz bu xanımın rəhbərliyi altında görülən işin nəticəsində mümkün olub. Müsahibimiz hazırda Azercell şirkətinin Texnologiyalar departamentinin Transmissiya şəbəkəsi bölümünün rəhbəri və Proseslərin İnkişafı üzrə konsultant vəzifələrini icra edən, əməkdar mühəndis Xavər Babazadədir.

- Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra 3 ay Statistika Komitəsində çalışdım. Həmin vaxt başqa iş axtarırdım və AMEA-nın Kibernetika İnstitutunun Avtomatlaşdırılmış idaretmə sistemləri bölməsində işləmək üçün institutun keçmiş direktoru Əli Abbasov məndən müsahibə götürdü. İki vakansiyadan birində işə başlayacaqdım ki, Azercell şirkətindən iş təklifi aldım və qəbul etdim. Radio Şəbəkə planlama mühəndisi vəzifəsinə başladım. 2 il sonra Texniki şöbənin Planlama bölümündə baş mühəndis vəzifəsinə təyin edildim.

- Deyəsən, daha sonra ümumilikdə Azercell şirkətində Texniki şöbəyə rəhbərlik etmək təklifi alsanız da, bundan imtina etdiniz...

- Bəli, o zaman özümü bu vəzifəyə hazır hiss etmirdim. Amma şöbəyə rəhbər tapana kimi bu vəzifəni 6 ay icra etdim. Sonra Türkiyədən mütəxəssis tapdılar və mən əvvəlki vəzifəmə qayıtdım. Daha sonra 2004-cü ildə texniki əməliyyatlar bölümünün rəhbəri, 2006-cı ildə Planlama, Optimizasiya və Performans nəzarəti şöbəsinin rəhbəri təyin edildim.

- 1990-cı illərin sonlarında Azərbaycan boyu, bölgələrimizdə Azercell-in antenalarının quraşdırılmasında da deyəsən, bilavasitə sizin iştirakınız, əməyiniz olub...

- Planlama şöbəsində işləyərkən Azercell şəbəkəsinin ölkə boyu tutması üçün nə qədər stansiyanın quraşdırılmasının lazım olduğunu hesablamışdım. O zaman mənə dedilər ki, stansiyaların harada qurulacağını da mən təyin etməliyəm. Artıq 21 yaşımdan rayonları gəzirdim, dağlara dırmaşaraq müəyyənləşdirirdim ki, antenalar harada quraşdırılmalıdır. Bu iş mənim üçün çox maraqlı oldu. Həm də Azərbaycanın bölgələrini tanıdım.

-Deyəsən, 2011-ci ildə yenidən Azercelldə Texniki departamentin başına keçmək üçün sizə təklif gəldi və bu dəfə qəbul etdiniz...

- Bəli, 2011-ci ildə İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə yenidən təklif aldım və bu dəfə qəbul etdim. Amma təklif mən analıq məzuniyyətində olduğum vaxta təsadüf etdiyindən, məzuniyyətdən dönəndən sonra işə başladım. Planımda var idi ki, 2-3 il bu vəzifəni icra edim, sonra yeni bir işə keçim. O zaman departament direktoru olaraq şirkət rəhbərliyi mənə tapşırıq verdi ki, Azerclldə start götürəcək yeni layihəyə müdir tapım. Mən namizədlər siyahısını tərtib etdim. Gördüm ki, iş maraqlıdır, yeni layihədir, hər şey sıfırdan qurulacaq, siyahıya öz adımı da əlavə etdim. Şirkət rəhbərliyi mənim işimi dəyişmək istədiyimi bilirdi. Beləliklə, namizədlər sırasından mənim namizədliyim dəstəkləndi. Departament müdiri vəzifəsində 2 ilə yaxın işləyəndən sonra bu yeni layihəyə rəhbərlik etdim. Departamentə rəhbərlik etmək üçün yenə Türkiyədən mütəxəssis dəvət etdilər. Hazırda isə həmin departamenti isveçli mütəxəssis idarə edir.

- Rəhbərlik etdiyiniz layihə nə qədər davam etdi?

- Həmin layihə hələ də davam edir. 6 ay həmin layihənin üzərində işlədikdən sonra, layihənin nəticəsini öyrənmək üçün gözləmə qərarı verildi. Heç kim heç nə deməsə də, bu müddətdə boş oturmaq istəmədim. Həmin vaxt Texnologiyalar departamentinin Transmissiya şəbəkəsi bölümünə rəhbər axtarılırdı. Mən təklif etdim ki, həmin qrupa rəhbərlik edim. Təklifim qəbul edildi. Hazırda da Transmissiya şəbəkəsi bölümünün rəhbəri və Proseslərin İnkişafı üzrə konsultant vəzifələrini icra edirəm.

- İndiyə kimi Azercelldə rəhbər vəzifələrdə çalışmısınız. Sizcə, niyə görə sizi bu vəzifələrə təyin edirlər? Yalnız peşəkarlığınıza görəmi, yoxsa başqa xüsusiyyətləriniz də var?

- Çox çətin sualdır. Bəlkə də, məntiqli düşündüyüm üçün rəhbər vəzifələrə təyin edilirəm. Testlərdə də təhliletmə qabiliyyətimin yüksək səviyyədə olduğu üzə çıxır. Bəlkə buna görədir.

- Amma işçiləriniz deyir ki, həm də yaxşı liderlik qabiliyyətiniz var və sizinlə işləmək çox rahatdır. Lider kimi işçilərinizə necə stimul verirsiniz?

- Xasiyyətlər fərqli olduğundan hər insanla fərqli davranmağa üstünlük verirəm. Hər insanı nə stimullaşdırırsa, onu başa düşmək, ona uyğun hərəkət etmək lazımdır. Birinə ilhamlandırıcı sözlər deməklə, başqa birisilə əmredici metodlarla davranmaqla və s. Yəni, bu, insandan-insana fərqlənir. Kiminsə xoşu gəlir ki, onunla dialoq aparılsın və işin məqsədinə kimi hər şey izah olunsun. Kimisi də deyir ki, ondan nə gözlədiyimizi deməyimiz kifayətdir, qalan işi özü görəcək.

- Rəhbərliyiniz altında 200-ə yaxın işçinin çalışdığı vaxtlar olub və təxminən 99 fazi müxtəlif yaşlarda olan əks cinsin nümayəndələri olub. Necə düşünürsünüz, kişiləri idarə etmək çətindir, yoxsa qadınları?

- Həmişə texniki şöbələrə rəhbərlik etdiyimdən əsasən kişilərlə işləmişəm. Buna görə də müqayisə aparmaq mənim üçün çətindir. Sözün doğrusu, heç kişi ilə qadın arasında fərq qoymağı da sevmirəm. Xasiyyət əsasdır. Hər insanın öz xasiyyəti var. Buna uyğun olaraq da onunla davranırsan.

- Gənc olmanıza baxmayaraq, əməkdar mühəndis adını almısınız. Dünyada, o cümlədən Azərbaycanda çox az sayda qadın dəqiq elmlərə meyllidir. Siz isə bu sahədə ölkə prezidenti tərəfindən qiymətləndirilmisiniz. Xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Mənim üçün gözlənilməz xəbər oldu. Çox sevindim, amma hamı məni təbrik edəndə bir az utanırdım da. Düşünürdüm ki, ciddi bir şey etməmişəm.

- Amma gənc xanım olmanıza rəğmən, Azərbaycanın ilk mobil operatorunda 3G, 4 G şəbəkələrinin qurulması, metro stansiyalarında, depolarda şəbəkənin tutması sizin adınızla bağlıdır.


- 2000-2001-ci il idi. Hamı bilirdi ki, metroda şəbəkə tutmur. Biz də şəbəkənin tutması üçün iş görürdük. Şəbəkənin necə tutduğunu yoxlamaq üçün metro stansiyasına daxil oldum. Telefonumu çıxarıb gizli-gizli danışmağa başladım. Çünki insanlar bilirdilər ki, metronun içərisində şəbəkə tutmur. Mən danışarkən ətrafımdakı insanlar başladılar ki, "buna bax, telefonunu göstərir, burada guya şəbəkə tutur?". Əslində şəbəkə artıq tuturdu və mən yoxlayırdım ki, haralara qədər əhatə edilir.

- 4 yaşlı əkiz övladlarınız - oğlunuz və qızınız var. Işlə ailəni necə tənzimləyirsiniz? Ailənizə görə nə vaxtsa karyeranızı qurban vermisiniz, yaxud verərsiniz?

- Əslində, Azercell şirkətinin Texniki departamentinin direktoru vəzifəsindən çıxmağımın ən əsas səbəblərindən biri uşaqlar idi. Departament direktoru vəzifəsində ailəyə yetərincə vaxt ayırmaq mümkün deyldi. Hazırkı qrup rəhbərliyi vəzifəsində isə işləri idarə etmək daha asandır. Departament rəhbəri olanda iş 18.00-dan sonra da, şənbə-bazar da ola bilərdi.

- Özünüzü işsiz təsəvvür edirsiniz? İstərdinizmi evdə oturub ancaq övladlarınızın tərbiyəsi ilə məşğul olasınız?

- Tam işsiz evdə oturmaq mənim üçün çətin olar. Amma bir çox xarici ölkələrdə tətbiq edilən "home office" sistemi (evdə iş - L.M.) Azərbaycanda da tətbiq olunsaydı, çox sevinərdim. Məsələn, Bakıda deyil, rayonda yaşayardım. Telekommunikasiya o dərəcədə inkişaf edib ki, istədiyin yerdən işləyə, işi idarə edə bilərsən.

- Bu qədər işin arasında mütaliə ilə də məşğul olursuzunuz. Hansı yazıçıların əsərləri sizə daha çox təsir edib, hardasa fikirlərinizi dəyişib?

- Davamlı olaraq mütaliə edir, bədii ədəbiyyat oxumağa vaxt çatdırıram. Viktor Hüqonun "Səfillər"ində Jan Valjan və yepiskop obrazları mənə təsir edib. Ən çox sevdiyim personaj Kola Brunyondur.

- Bəs elmi ədəbiyyatları necə, davamlı izləyirsiniz?

- İşlə əlaqədar məcburən oxuyuram. Xaricdəki jurnallara abunə olur, İnternetdən məqalələri izləyrəm. Kadrlar şöbəsi bizi inkişaf proqramları ilə, təlimlərdə, konfranslarda iştirakımızı təmin edir, öz sahəmizə uyğun dünyada yeni çıxan kitabları sifariş edib bizə verirlər.

- Bir az da gələcək iş planlarınızdan danışardınız.


- Texniki şəbəkədə sahələri dəyişməyi xoşlayıram. Müəyyən bir shaədə işləyirəm, biliklər əldə edirəm, sonra özümdə inkişaf görmürəm. Buna görə sahəmi dəyişmək zərurəti yaranır. Çünki yeni bir şey öyrənmək istəyirəm. Son illər eyni iş mənim üçün darıxdırıcı olur. Hər zaman istəyirəm ki, Texniki departamentin daxilində yeni bir iş olsun. Hazırkı apardığım layihə may ayında başlayıb, hələ davam edir. Burada iş çoxdur. Ən azı əlimdə 1 illik yeni iş var. Buna görə maraqlıdır.

- Deyəsən, "Atəşgah" intellektual klubunda komandalardan birinin kapitanısınız. Yoldaşınızla da orada tanış olmusunuz...

- Əslində, ailə qurmamışdan əvvəl ilk dəfə yoldaşım məni sözügedən kluba apardı, tanış etdi və mən 2003-2008-ci illərdə bu kluba qatıldım. Amma uşaqlar olandan sonra davam edə bilmədim. Çünki klubun oyunları bazar günləri olur. Bazar günləri də uşaqlarla birlikdə oluram. Amma həyat yoldaşım sözügedən klubda fəaliyyətini davam etdirir.

- Son, ənənəvi sualımız: uğur sirriniz nədədir?

- Həyatda insanın qarşısına çoxlu fürsətlər çıxır. İlk növbədə həyatda həmin fürsətləri görüb dəyərləndirmək lazımdır. Bundan başqa, zəhmət çəkmək, çalışmaq vacibdir. Bir də mən işimi görərkən uğuru heç vaxt düşünmürdüm, sadəcə işimi görürdüm. Qarşıma məqsəd qoymuşdum ki, işimin öhdəsindən elə gəlim ki, hamı bəyənsin. Ona görə yox ki, mənə vəzifə versinlər, təltif etsinlər. Mənim üçün maraqlıdır ki, insanlar gördüyüm işdən faydalanırlar, işimin nəticəsi olsun. Bu, mənə stimul verir. Bir də işini görərkən zövq alırsansa, bu da vacib şərtlərdəndir. Zövq aldığın işi istər-istəməz yaxşı görürsən və bu da uğura aparan yoldur.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.