Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) "Telegram" və "WhatsApp" ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.
Milli.Az xəbər verir ki, bu haqda Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, "Telegram" və "WhatsApp" hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.
"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İki mərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.
"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İki mərhələli təsdiqləmə" seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.
Bildirilir ki, bununla belə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır.
Milli.Az





