Texnologiya

İstehlakçı şikayətlərindən milyonluq biznesə – Yapon şirkət bunu necə bacardı?

13 Avqust 2025 01:01
Baxış: 277
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyanın paytaxtı Tokioda yerləşən "Insight Tech" adlı innovativ texnologiya şirkəti, istifadəçi şikayətlərini dəyərli məlumat mənbəyinə çevirərək uğurlu biznes modelinə imza atıb. Şirkət istehlakçıların gündəlik həyatlarında rastlaşdıqları problemləri toplayır, onları süni intellektlə analiz edir və nəticələri məhsul inkişafı üçün tərəfdaş şirkətlərə təqdim edir.

Milli.Az "The Asahi Shimbun" qəzetinə istinadla xəbər verir ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bu startap yalnız bizneslərlə deyil, həm də ictimai sektorla əməkdaşlıq etməyi hədəfləyir. Belə ki, toplanan sosial şikayətlər həm yerli idarəetmə orqanlarına, həm də siyasətçilərə təqdim olunur.

Şikayətlər necə toplanır?

"Insight Tech" şirkəti tərəfindən yaradılmış "Fuman Kaitori Center" adlı onlayn platformada istifadəçilər gündəlik həyatlarında qarşılaşdıqları narahatlıqları paylaşırlar. Bu sistemə qeydiyyatdan keçən şəxslər hər paylaşım üçün bal qazanırlar - süni intellekt paylaşımın dəyərini 1-dən 10-a qədər qiymətləndirir. Qazanılan hər bal 1 yenə (təxminən 0,007 ABŞ dolları) bərabərdir.

Platformanın təsir dairəsi

Hazırda platformada təxminən 750 min aktiv üzv var və gündə orta hesabla 15 min şikayət qəbul edilir. Bu geniş məlumat bazası sayəsində "Insight Tech" şirkəti real problemləri müəyyənləşdirir və onların əsasında yeni məhsul və xidmətlərin hazırlanmasını təmin edir.

Məsələn, toplanan şikayətlərdən biri plastik butulkaların ağır və istifadədən sonra atılmasının çətin olması ilə bağlı idi. Bu məlumat əsasında ölkənin aparıcı içki istehsalçılarından biri, suda həll olunan yaşıl çay və digər içki tozlarını istehsal edərək, həm ekoloji, həm də praktik bir yeniliyə imza atdı.

Bu fikir necə yarandı?

Ənənəvi bazar araşdırmalarından fərqli olaraq, "Insight Tech"in prezidenti Tomohiro İto, insanların narazılıqlarına diqqət yetirməyin daha səmərəli nəticələr verə biləcəyini düşünüb. Onun fikrincə, real ehtiyaclar, məhz gözləntilərlə təcrübələr arasındakı fərqlərdən doğan şikayətlərdə əks olunur.

Bu yanaşma sayəsində şirkət yalnız məhsul inkişafına deyil, həm də ictimai siyasət və xidmət sahələrinin təkmilləşdirilməsinə töhfə verə biləcək mühüm məlumatlar toplayır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.