Sağlamlıq

"Uşağı təhlükə ilə qarşı-qarşıya qoyur" - Öpücük xəstəliyi nədir?

18 Noyabr 2020 23:34
Baxış: 777

"Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu pediatr Günay Rəsulova bildirib. Onun sözlərinə görə, insanların 95 faizi bu xəstəliyi keçirir: "Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.

Xəstəliyin əlamətləri:

Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır, oradan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir. Beləliklə, uşaqda

-Boğaz ağrısı;
-Qızdırma;
-Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi;
-Halsızlıq, qarın ağrısı, baş ağrısı və s. yaranır.

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir. Lakin Öpücük xəstəliyində əlamətlər daha abartılı olur, boğaz ağrısı, şiddətli qızdırma - 38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq, limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpkilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.

Ağırlaşmaları:

-Ensefalit
-Meningit
-Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit.

DİAQNOSTİKASİ - Tipik müayinə bulqularına əlavə, Qanın ümumi analizi (limfositar leykositoz, Trombositopeniya) Periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

MÜALİCƏSİ - Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik - qızdırma varsa, qızdırmasalıcı vermək, dəstək müalicə və yataq istirahəti ilə aparılır.

XƏSTƏLİKDƏN QORUNMAQ ÜÇÜN - UŞAQLARI ÖPMƏK OLMAZ!!!

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər. Bundan başqa, ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu yaş uşaqlarda gigiyenaya xüsusilə riayət edilməlidir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.