Sağlamlıq

Piylənmək dərdi: hansı çörəyi yeməli?

24 İyun 2014 12:15
1 Şərh     Baxış: 8 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sağlamlığının və xarici görünüşünün qeydinə qalanlar arasında son illər çörəyi öz qida rasionundan çıxaranlar artır. Bəziləri isə tam buğda çörəyi yeyərək pəhriz saxlayırlar. Bəs əslində hər gün yediyimiz ağ çörək həqiqqətənmi təhlükəlidir?

Son araşdırmalara görə, ağ çörək çox yeyənlər piylənməyə meyllidirlər. Navarra Universitetinin alimləri 9200-dən çox məzunun qidalanma vərdişlərini və bunun çəkilərinə necə təsir etdiyini müşahidə ediblər. Təcrübə nəticəsində məlum olub ki, ağ çörəklə tam buğda çörəyini yeyənlərdə piylənmə riski yüksək deyil. Lakin yalnız ağ çörək yeməyə alışanlar, gündə iki faldan çox ağ çörək yeyənlər həftə ərzində bir fal və daha az ağ çörək yeyənlərə nisbətən 40 faiz daha çox kilo alır və piylənməyə meylli olurlar. Araşdırmalar zamanı tam buğda çörəyini yeyənlər arasında isə çox kilolu və piylənmədən əziyyət çəkənlər tapılmayıb.

Qeyd edək ki, 5 illik təcrübə zamanı iştirakçıların bir qismi hər gün 120 q ağ çörək, bir qismi isə həftə ərzində 60 q və daha az ağ çörək yeyib. Ekspertlər bildirirlər ki, ağ çörəyin bir falının çəkisi təxminən 40 q-dır. Bu səbəbdən də gün ərzində cəmi 3 fal ağ çörək piylənməyə səbəb olur.

Dietoloq Fidan Rzayevanın sözlərinə görə, çoxlu ağ çörək yemək bədəndə piy qatları yaradır: "Çörəyin təkibindəki şəkər tozu və duz isə sağlamlığa da mənfi təsir göstərir. Lakin biz hər gün çörək yeməyə öyrəşmişik və onun zərərli olmasını qəbul edə bilmirik".

Rzayeva əlavə edib ki, buğda öz tərkibinə görə təkrarolunmazdır: "Onda, demək olar ki, Mendeleyev cədvəlinin bütün elementləri cəmləşib. Buğdada A, E, F və B qrup vitaminləri, çoxlu miqdarda minerallar, mis, yod, natrium, xlor, sink, kobalt və s. var. Lakin bu xeyirli və insan orqanizmi üçün vacib olan maddələr yalnız buğdanın qabığında və rüşeymdə yerləşir. Buğdanın müasir emalı texnikası isə buğdanın məhz bu vitaminli hissəsini tullantı kimi çıxarır. Emaldan sonra əla növ buğdada nişasta və kalori qalır. Məhz belə undan yumşaq və ağ çörək, bulka və başqa dadlı şirniyyat növləri bişirirlər".

Buğdada olan vitamin və minerallardan emaldan sonra yalnız 30 faizi qalır. Bu qalan vitaminlər də iki həftədən sonra gücünü itirir. Bu səbəbdən də əla növ undan bişirilən qənnadı məhsullara üstünlük verənlərin qida rasionunda xeyri olmayan nişasta və kalori qalır. Nişasta və kalorilər orqanizmdə əlavə yağların yığımasına gətirib çıxarır.

Dünyada aparılan təcrübələrə əsasən, tibb nümayəndələri və dietoloqların çoxu əksər xəstəliklərin yaranmasını və inkişafını məhz əla növ buğda unundan hazırlanan qənnadı məhsullarının və ağ çörəklə qidalanma ilə bağlayırlar.

Müsahibimiz əlavə edib ki, daim ağ çörəklə qidalanan insanlarda ürək-damar, mədə-bağırsaq, endokrin və onkoloji xəstəliklərə daha çox rast gəlinir və daha ağır hal alır: "İndi satışda çörəklərin müxtəlif növləri var. Sağlamlığımız üçün xeyirli çörəyi seçə bilərik. Ən əsası çörəyi düzgün seçməyi öyrənmək lazımdır. Çovdar unundan hazırlanan çörəkdə ağ çörəyə nisbətən daha çox vitaminər var. Bu çörəyin istifadəsi sağlamlıq üçün heç bir təhlükə yaratmır. Amma ən xeyirli çörək kəpəkli çörəkdir. Kəpək toksinləri və allergen maddələri udmaq gücünə malikdir, immun sistemini möhkəmləndirir, orqanizmi süllüloza, zülal və vitaminlərlər təmin edir".

Kəpəkli çörəklə qidalanmaya üstünlük verənlər mədə-bağırsaq xəstəliklərdən, artıq çəkidən, daha az əziyyət çəkir. Belə ki, bu növ çörəkdə sadalanan xəstəliklərin profilaktikası üçün lazım olan nikotin turşusu var. Kəpəkdə xeyirli qida lifləri, vitamin və minerallar var. Bu səbəbdən də dietoloqlar tez-tez hipertoniya, şəkər, qəbizlik və piylənmə xəstəlikləri zamanı müalicəvi pəhrizə əlavə kimi yazırlar. Kəpəkləri sıyıqlara, ətli və balıqlı yeməklərə, şorbalara əlavə edirlər. Kəpəyi qaynadıb içki kimi də içirlər. Bu, çox xeyirli olur. Kəpəyi sadəcə sobada qızardıb üstünə qaynamış su əlavə edib də yemək olar.

İqtisadiyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, çörək əsasən buğda və çovdar unundan hazırlanır. Əsas xammal kimi un, duz, su, maya, əlavə xammal kimi şəkər, süd, yumurta, yağ, kişmiş, xaş-xaş, müxtəlif ədviyyat və s. götürülür. Çörək-bulka məmulatının çeşidi çoxdur, lakin bunlardan 100-ə qədəri daha çox yayılıb. Ən geniş yayılanları isə 1-ci və 2-ci sort buğda unundan hazırlanan adi çörəklərdir.

Orqanoleptik üsulla çörəyin xarici görünüşü, içliyin vəziyyəti, dadı, iyi, xəstəliyin olmaması, kənar qarışıqlar muəyyən edilir. Xarici görünüşü çörəyin formasına, uzərinin vəziyyətinə, rənginə, qabığında nöqsanların olmamasına görə qiymətləndirilir.

Çörəyin kəsiyində isə qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. Qabığının kirlənməsinə və içlikdən ayrılmasına yol verilmir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışan olmamalıdır, yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır.

ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.