Sağlamlıq

Piylənmə uşaqlara psixi zərbə vurur

2 Avqust 2013 17:58
1 Şərh     Baxış: 8 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Piylənmənin qarşısını almaq üçün, ilk növbədə, onun səbəbi dəqiqləşdirilməlidir

Çox vaxt valideynlər uşaqlarının arıq olmasından qorxuya düşür, bu səbəbdən də uşaq istəmədikdə belə onu məcbur yedirdirlər. Nəticədə də uşaqlarda piylənmə müşahidə olunur. Uşaqların toppuş yanaqları, kök və şirin görkəmi valideynləri sevindirsə də, həmyaşıdlarının onlara "gombul", "pivə boçkası" deməsi uşaqda komplekslər yaradır.

Pediatr Sevinc Qasımovanın sözlərinə görə, müasir dövrdə uşaqlarda piylənmə artıq adi hal alıb. Körpələrdə piylənmə isə düzgün qidalanmadığı və oturaq həyat tərzi sürdüyü üçün yaranır. Bəzən isə uşaqlarda müşahidə olunan piylənmə maddələr mübadiləsinin pozulması, mədə, böyrəklər, eləcə də qızlarda yumurtalıqla bağlı xəstəliklərlə əlaqəli olur. Həmsöhbətimiz bu səbəbdən də piylənmənin qarşısını almaq üçün ilk növbədə onun səbəbini dəqiqləşdirməyi vacib sayır. Onun dediyinə görə, əgər uşaq südəmər körpə deyilsə, ailə üzvlərindən heç olmasa bir nəfərdə piylənmə müşahidə olunursa, deməli, onlar yüksək kalorili qida ilə qidalanırlar. "Bununla yanaşı, uşaq uzun müddət kompüter arxasında oturub oyun oynayır və ya saatlarla cizgi filmlərini izləyir, həyətdə az gəzir və passivdirsə, onda sərf etdiyi enerji ilə aldığı enerji arasındakı tarazlıq pozulur ki, bu da piylənmə ilə nəticələnir. Südəmər körpələrdə isə piylənmə süni uşaq yeməklərinin düzgün verilməməsi ilə əlaqəlidir. Nadir hallarda isə körpə artıq doğularkən onda piylənmənin əlamətləri müşahidə olunur" deyən S.Qasımova hesab edir ki, belə körpələrdə adətən inkişafda gerilik olur, onlar başını çətinliklə saxlayır, gec oturmağa, gəzməyə başlayırlar. Onlarda dişlər də çox gec çıxır. Bəzi hallarda bu cür köklük uşaqda anadangəlmə patalogiyalarla və ya daun sindromu ilə də izah oluna bilər. Onun sözlərinə görə, ən təhlükəlisi isə körpələrdə piylənmənin fiziki zədələr, beyin iltihabları və ya zədələnməsi ilə bağlı olmasıdır. Hətta beyində şiş olduqda da, körpədə piylənmə başlaya bilər.

Pediatr qeyd edib ki, uşaqlarda piylənmə nəticəsində yuxusuzluq, tənəffüs zamanı dayanmalar, xorultu və müxtəlif xəstəliklər də yaranır. Piylənmə uşağın psixoloji durumuna da mənfi təsir göstərir. "Belə ki, onlar daim həmyaşıdları arasında gülüş hədəfinə çevrilir, onların çox az dostu olur, ünsiyyət çatışmazlığından əziyyət çəkirlər. Piylənmə son dövrlər uşaqlar arasında geniş yayılan depressiya və intiharlara da gətirib çıxarır. Qız uşaqlarında isə piylənmə sonsuzluq yarada bilər. Bu səbəbdən də piylənmə ilə mübarizə aparmaq lazımdır".

S.Qasımova çox uzun və yorucu prosesin həkim nəzarəti altında aparılmasının vacibliyini bildirir. Dediyinə görə, həkim müayinə və lazımdırsa, müalicədən sonra pəhriz təyin edir və bu pəhrizə uyğun uşaq qidalanmalıdır. "Uşağa uyğun seçilən idman məşğələlərini də yerinə yetirmək vacibdir".

Həkim bildirib ki, valideynlərin uşağı çox yedizdirməyin onun ziyanına olduğunu anlaması çox vacibdir. Bunu da nəzərə alaraq, körpəni şirin yeməklərə öyrəşdirməməlidir. Düzgün qidalanma və həyat tərzi isə piylənmənin qarşısını alacaq. Eləcə də uşaqlar artıq çəki aldıqda onları danlamaq düzgün deyil. Belə ki, çox vaxt valideynlər uşaqların arıqlamağını istədiyi üçün onları danlayır, onlara çox kök və kobud olduqlarını deyirlər. Bununla onlar uşaqlarına təsir edib onların arıqlamasını istəsələr də, əslində onlara psixoloji zərbə vururlar. Bunun əksinə olaraq piylənmədən əziyyət çəkən uşaqla mehriban davranmaq, ona dəstək olmaq və onun arıqlamağına birgə çalışmaq lazımdır.

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, piylənmə oğlanlara nisbətən qızlarda daha çox komplekslər yaradır. "Belə uşaqlarda qapalılıq müşahidə olunur. Oğlanlar piylənməyə görə psixoloji sıxıntı az keçirirlər. Belə ki, bizdə əksinə kök və hündür oğlanlar daha yaraşıqlı və samballı hesab olunur" deyən psixoloq bildirib ki, bəzi hallarda psixoloji xəstəliklər də piylənməyə səbəb olur: "Bulemiya adlanan xəstəlik var ki, bu zaman insan yeyir və doymaq bilmir. Belə xəstələr daim aclıq hiss edir. Bəzi insanlar isə depressiyaya düşdükdə qida qəbulunu artırırlar. Onlara elə gəlir ki, yedikcə öz problemlərini unudurlar. Düzdür, ağır depressiyalar istisnadır. Ağır depressiyalar zamanı əksinə insanlar heç nə yemək istəmir".

Qeyd edək ki, uzun müddət ac qalmaq da piylənməni yaradan faktor hesab olunur. Çox vaxt arıqlamaq istəyən şəxs yeməkdən imtina edərək ac qalır. Uzun müddət ac qalan orqanizm isə qorxur ki, onu yenə də ac saxlayarlar və növbəti qidalanma zamanı qəbul etdiyi maddələri piy qatına yönəldir. Ona görə də insan şüuraltı hisslərinə fikir verməli və ac qalmamalıdır.

D.Rzayev qeyd edib ki, uşaq aclıq hiss etdikdə yeməlidir. "Lakin uşağı məcbur yedizdirmək olmaz. Piylənmədən qorunmaq üçün mütəmadi idmanla da məşğul olmaq lazımdır. Əgər uşaqda piylənmə var və onunla mübarizə apara bilmirsinizsə, təhlükəli fəsadların qarşısını almaq üçün psixoloqa müraciət etmək məsləhətdir".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.