"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsidir".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı azaldır və arıqlamaya səbəb olur, buna görə də qidalanma həm immun sistemini gücləndirməyə, həm də bərpa prosesini sürətləndirməyə yönəlməlidir.
İ.Axundova qeyd edib ki, xəstələrin kalori və enerji ehtiyacı artır və vərəm xəstələrinin orqanizmi infeksiyaya qarşı mübarizə apardığı üçün daha çox enerji sərf edir:
"Buna görə, gündəlik qida rasionu adi insanlara nisbətən 10-20% daha kalorili olmalıdır. Zülalın rolu çox vacibdir və zülal toxumaların bərpası və immun sisteminin güclənməsi üçün əsas qida maddəsidir. Vərəm zamanı zülala olan ehtiyac artır. Vitaminlər və mikroelementlər immunitetin güclənməsi üçün çox vacibdir. Maye qəbulunun nəzarətinə də diqqət edilməlidir. Orqanizmin detoksifikasiyası və ümumi vəziyyətin yaxşılaşdırılması üçün gündə 1,5-2 litr maye qəbul etmək tövsiyə olunur. Qidalanma rejimi: gündə 4-5 dəfə kiçik porsiyalarla, asan həzm olunan və qidalar olması, səhər yeməyinin mütləq qəbul edilməsi tövsiyə olunur. Müalicə zamanı bəzi qidalar məhdudlaşdırılmalıdır. Çox yağlı və ağır qidalar, həddindən artıq şəkər, spirtli içkilər, çox duzlu və emal olunmuş qidalardan uzaq olmaq lazımdır. Spirtli içkilər xüsusilə təhlükəlidir, çünki vərəm dərmanları ilə birlikdə qaraciyərə ciddi zərər verə bilər".
Mina Mikayılova
Milli.Az





