Sağlamlıq

Gərgin iş rejimi psixoloji sağlamlığa necə təsir edir? – Mütəxəssis açıqlaması

18 Dekabr 2025 13:05
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir dövrdə gərgin iş rejimi bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Artan məsuliyyət, vaxt çatışmazlığı, daimi stress və emosional yüklənmə psixoloji sağlamlıq üçün ciddi risklər yaradır. Mütəxəssislər bildirir ki, bu cür şəraitə psixoloji cəhətdən hazır olmamaq sonradan dərin travmalara səbəb ola bilər.

Psixoloqların fikrincə, gərgin iş mühitində ilk növbədə stressin idarə olunması bacarığı formalaşdırılmalıdır. Günlük iş planının real qurulması, fasilələrin düzgün təşkili və öz fiziki-emosional vəziyyətinə diqqət yetirilməsi vacib amillər sırasındadır. Daimi yorğunluq, əsəbilik və diqqət dağınıqlığı bədənin verdiyi xəbərdarlıq siqnalları kimi qiymətləndirilməlidir.

Məşhur amerikalı psixoloq, emosional zəka nəzəriyyəsinin müəllifi Daniel Goleman bu mövzu ilə bağlı açıqlamasında qeyd edir ki, stressli şəraitdə uğur qazanan insanlar daha ağıllı olduqları üçün deyil, emosiyalarını daha yaxşı idarə etdikləri üçün fərqlənirlər. Onun sözlərinə görə, psixoloji davamlılıq insanın öz emosiyalarını tanıması və onları düzgün yönləndirməsi ilə birbaşa bağlıdır.

Mütəxəssislər vurğulayır ki, gərgin dövrdən əvvəl insan öz imkanlarını düzgün qiymətləndirməli, emosional və fiziki limitlərini bilməlidir. Sonra isə yaşananları inkar etmək əvəzinə, bərpa mərhələsinə keçmək, istirahətə və psixoloji rahatlanmaya vaxt ayırmaq tövsiyə olunur.

Travmaların "öz-özünə keçməsi" fikrinin yanlış olduğunu bildirən Azərbaycanlı psixopedaqoq Sevda Əliyeva mövzu ilə bağlı Milli.Az-a geniş açıqlama verib.

O bildirib ki, travma insanın həyatında baş verən hadisə ilə yox, həmin hadisənin daxildə necə emal olunması ilə bağlıdır:

"İnsan çox zaman travmanı yaşadığı an deyil, onu uzun müddət içində saxladığı zaman zədələnir. Duyğular ifadə olunmadıqda, ağrı sözə çevrilmədikdə psixoloji gərginlik dərinləşir. Sağalma prosesi isə ilk növbədə qəbul etməklə başlayır".

Sevda Əliyevanın sözlərinə görə, xüsusilə gərgin iş rejimində çalışan şəxslər özlərinə qarşı daha anlayışlı olmalıdırlar:

"Biz uşaqlara səhv etməyə, yorulmağa, kömək istəməyə icazə veririk. Amma böyüklər özlərinə bu haqqı tanımırlar. Halbuki psixoloji sağlamlıq üçün özünə şəfqət göstərmək, ehtiyac olduqda mütəxəssisə müraciət etmək zəiflik deyil, şüurlu seçimdir".

Psixopedaqoq əlavə edib ki, travmaların təmizlənməsi üçün emosiyaların ifadəsi, təhlükəsiz mühitdə danışmaq, peşəkar psixoloji dəstək almaq və bərpa prosesinə vaxt vermək vacibdir.

Mütəxəssislər bir daha xatırladırlar ki, psixoloji sağlamlığın qorunması yalnız şəxsi məsələ deyil, ümumi həyat keyfiyyətinin əsas göstəricilərindən biridir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.