Alimlər insan orqanizm sistemlərinin fərqli sürətlə yaşlandığını aşkarlayıblar.
Milli.Az xəbər verir ki, araşdırma "Nature Aging" jurnalında dərc edilib.
Əvvəllər ürək, ağciyər, beyin və digər orqanların eyni sürətlə qocaldığı düşünülürdü. İndiyədək mövcud metodlar yalnız ümumi bioloji yaşı göstərirdi və hansı sistemin risk altında olduğunu göstərmirdi. Bu problemi həll etmək üçün alimlər qan analizinə əsaslanan yeni üsul hazırlayıblar.
Tədqiqatçılar təxminən 7 mindən çox insanın tibbi məlumatlarını toplayıb: xəstəlik tarixçəsi, standart analiz nəticələri, əzələ gücü və digər göstəricilər. Sonra xolesterol və şəkər səviyyəsi kimi müxtəlif orqanların yaşa uyğun dəyişməsini əks etdirən məlumatlarla müqayisə edilib və epigenetik göstəricilər ilə əlaqələndirilib.
Alimlər "Systems Age" testini hazırlayıblar. Bu test ürək, ağciyər, beyin, immun və metabolik sistemlər daxil olmaqla 11 fərqli sistem üçün ayrıca "yaş balı" hesablayır.
Test 7 mindən çox insan üzərində sınaqdan keçirilib və məlum olub ki, yeni üsul ənənəvi epigenetik saatlardan daha dəqiq xəstəlik riskini proqnozlaşdırır. Məsələn, ürəyin "yaşı" ürək-damar xəstəliklərinin riskini ümumi bioloji yaş göstəricisindən daha dəqiq müəyyən edir.
Həkimlər artıq profilaktika və müalicəni daha dəqiq təyin edə biləcəklər.
"Məsələn, immun sistemi daha sürətlə yaşlanırsa, onu gücləndirmək üçün strategiyalar tövsiyə oluna bilər. Əgər ürəyin yaşı yüksəkdirsə, diqqəti təzyiqin nəzarətinə, pəhrizə və ya kardioloji dərmanlara yönəltmək lazımdır", - deyə tədqiqatın müəllifi Morgan Levin bildirib.
İsmayıl
Milli.Az