Sağlamlıq

Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?

28 May 2025 17:59
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan biri sabunla duş geli arasında seçimlə bağlıdır. Mütəxəssislər bildirirlər ki, hər iki vasitə dərinin təmizliyi üçün nəzərdə tutulsa da, onların tərkibi və dəriyə təsiri fərqlidir. Seçim zamanı məhz bu fərqlərə diqqət yetirilməlidir.

Milli.Az xəbər verir ki, sabun və duş geli dərinin səthindəki çirk, tər və yağ qatını təmizləmək funksiyasını yerinə yetirir. Tər və çirk bədənin təbii yağları ilə qarışaraq bakteriyaların çoxalmasına şərait yaradır. Sabun bu qatmanı parçalayaraq bakteriyaların qarşısını alır. Duş gelləri isə əlavə olaraq dərinin təmizlənmə zamanı itirdiyi nəmlik balansını bərpa edən maddələr ehtiva edir. Bu baxımdan, dərisi quru və tez qabıqlanan şəxslərə nəmləndirici tərkibli duş gellərindən istifadə tövsiyə olunur.

Mütəxəssislər xroniki dəri xəstəlikləri olan insanlara gigiyenik vasitələri seçərkən dermatoloqa müraciət etməyi məsləhət görürlər. Dərinin quruluğu və həssaslığına uyğun tərkibli sabun və duş gellərinin istifadəsi də mühüm rol oynayır.

Sabunun əsas üstünlüklərindən biri onun ekoloji cəhətdən daha uyğun hesab olunmasıdır. Belə ki, sabun qablaşdırmaları çox zaman təkrar emala yararlıdır və əlavə konservantlara ehtiyac duymur. Bu isə allergik reaksiyaların riskini azaldır. Hipoallergen və tamamilə təbii sabunlar geniş yayılmışdır.

Duş gellərinin tərkibində isə əlavə nəmləndiricilər və təmizləyici komponentlər yer alır. Tərkibində qliserin, ərik çəyirdəyi hissəcikləri və yulaf olan məhsullar dərini yumşaq şəkildə təmizləməyə və nəmləndirməyə kömək edir. Bununla belə, həm sabun, həm də duş geli alarkən tərkibində triklozan və parabenlər kimi zərərli kimyəvi maddələrin olub-olmadığına diqqət yetirmək tövsiyə olunur. ABŞ Qida və Dərman Administrasiyası (FDA) triklozanı 2016-cı ildə bir sıra digər maddələrlə birlikdə qadağan edib.

Nəticə olaraq, sabun və duş gellərinin istifadəsi şəxsi ehtiyac və dərinin fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əsas diqqət gigiyena vasitəsinin tərkibinə və dəriyə təsirinə yönəldilməlidir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.