Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini artıq təsdiqləyib. Burada müxtəlif sahələr üzrə vəsait ayrılıb. Bu, həmçinin, təhsil sahəsinə də şamil ediləcək. Azərbaycanda təhsil sahəsinə ayrılan büdcənin artması, ölkədə insan kapitalının inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirilir. Bu dəyişiklik, təhsil sektorunda keyfiyyətin artırılması, müəllimlərin peşəkar inkişafı və şagirdlərin daha yaxşı təhsil alması üçün yeni imkanlar yaradır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bir sıra vacib məqamlara toxunub:
"Öncə qeyd etməliyik ki, bu ilin təhsil büdcəsi Azərbaycan müstəqillik tarixinin ən böyük məbləğli büdcəsidir. Burada söhbət 5 milyarda yaxın vəsaitdən gedir. Bütün bunlar onu göstərir ki, cənab prezidentin təhsil sahəsinə böyük diqqəti və qayğısı var. Bir daha vurğulayıram ki, Azərbaycanda heç zaman təhsil büdcəsi bu qədər olmayıb. Bütün bunlar dövlətin təhsil sahəsinə göstərdiyi bariz diqqət və qayğının təzahürüdür. Həmin addım çox yüksək qiymətləndirilməlidir".
Millət vəkili maaş və təqaüdlərin artırılması məsələsinə də toxunub:
"Digər məsələyə gəldikdə isə, büdcə yeni təsdiqlənib. Burada müəllimlərinin maaşının artırılması və digər sosial dəstək paketi və təqaüd proqramlarına baxılması da nəzərdə tutulur. Bütün belə məsələlərin hər birinə yeni il daxil olduqdan sonra geniş formatda aydınlıq gətiriləcək və burada ictimaiyyət məlumatlandırılacaq. Çünki bu mərhələli bir prosesdir. Ona görə də birdən-birə maaş və digər məsələlərlə bağlı mövzunu qaldıra bilmərik. Ardıcıl formada sözügedən məsələlər öz yerini tapacaq. Camaatı, xüsusilə də, müəllimləri düşündürən hər bir məsələ, eybi zamanda maaş artımları hazırda dövlətimizin diqqətindədir". (Yenisabah.az)
Milli.Az