İqtisadiyyat

Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb - FOTO

24 İyun 2021 21:02
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradıldı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunur.

KOBİA-dan bildirilib ki, iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatası arasında Saziş imzalanıb və Şuranın ilk iclası keçirilib. İşgüzar Şuranın yaradılması haqqında sazişi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, diplomatlar və iş adamları iştirak ediblər.

İclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası ölkələrimizin işgüzar dairələri arasında səmərəli dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da inkişafı məqsədilə yaradılıb. "İnanırıq ki, şurada təmsil olunan iştirakçıların sayı daha da artacaq və bu, Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrinə öz müsbət təsirini göstərəcək. KOBİA dəstək və xidmətləri çərçivəsində yeni əməkdaşlıq platformasının inkişafına, burada təmsil olunan iş adamlarına zəruri dəstəyi göstərəcəkdir".

Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Ukrayna-Azərbaycan İşgüzar Şurası kimi əməkdaşlıq platformaları iş adamları arasında səmərəli müzakirələrin aparılması, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi baxımından əlverişlidir.

Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini, İşgüzar Şuranın yaradılmasının yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, ticarət, investsiya və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, "Ukrayna Ticarət Evi"nin baş direktoru Əlibala Məhərrəmzadə işgüzar şuranın hər iki ölkənin işgüzar dairələri arasında mövcud əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd ediblər.

Tədbir çərçivəsində həmçinin, AZPROMO ilə Ukraynanın Xarici İşlər Nazirliyi yanında İxracatçılar və İnvestorlar Şurası arasında əməkdaşlığa dair Memorandum, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.

Ukrayna-Azərbaycan İşgüzar Şurasına Azərbaycan tərəfdən "Baku Business Group" MMC-nin direktoru Anar Quliyev, Ukrayna tərəfindən isə "Bratslav" şirkətlər qrupunun təsisçisi Petr Mixayenko sədrlik edəcəklər.

İclas iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.