İqtisadiyyat

Sahibkar: "Türkiyədən gətirtdiyimiz 10 dollarlıq sensora görə gömrükdə 125 manat ödəniş etmişik"

9 Fevral 2019 15:39
5 Şərh     Baxış: 961

Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlıqlardan birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb.

Milli.Az report-a istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi "Biznes islahatları" mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi" - sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.

Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: "İkincisi, hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 - 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyəti yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır".

"Neuron Technologies" şirkətinin direktoru, ASK-nın rəyasət heyətinin üzvü və İKT komissiyasının sədri İsmayıl Ələkbərov da sahibkar həmkarına dəstək verərək bu cür problemlərin olduğunu qeyd edib: "Biz ASK-da yüzlərlə, minlərlə sahibkarın Dövlət Gömrük Komitəsilə bağlı problemləri ilə qarşılaşırıq. Ümid edirəm, bundan sonra həmin problemlər olmayacaq. Amma bu məsələlərə ciddi yanaşmalıyıq. Gördüyünüz kimi, 10 dollarlıq əşyaya 125 manat ödəniş edilib. Mən əminəm ki, bu gömrük rüsumu deyil. Biz də oxşar problemi yaşamışıq. Hansısa avadanlıqlar gəlib, bütün tələb olunan sənədləri, hətta müqaviləni Azərbaycan dilinə tərcümə edib göndərmişik ki, əngəl yaradılması üçün heç bir əsas olmasın. Təsəvvür edin ki, avadanlıq gətirilir, əməkdaşlarımız gedir ki, gömrük prosedurlarını keçsin, orda min cür bəhanələr başlayır. Biz bunu qiymətləndirməliyik, razılaşırıq. İkinci gün adamları tapa bilmirik. 3-4 gün keçəndən sonra deyirlər ki, məhsulun bu qiymətə olmasına şübhə edirik. Niyə bu qiymətə almısız? Deyirəm ki, biz onların pərakəndə distrübutoruyuq, ona görə də ucuz alırıq. İnanın, insani faktorlara görə, bu proseslər 5-6 gün gedir. Bunun nəticəsində başqa proseslər başlayır. İcazə vermirlər ki, mən başqa nəqliyyat vasitəsi ilə malı göndərim başqa yerə. Məcbur edirlər ki, mal mütləq bura boşalmalıdır. Bu, Gömrük Komitəsinin deyil, "Silk Way" və başqa qurumların problemləridir. Həmin prosedurlar elə də ucuz deyil, bu da məhlusun maya dəyərini artırır. Komitə deyir bizlik deyil, amma izah etmir ki, niyə dəyərləndirmə bu qədər uzanır".

DGK rəsmisi isə sahibkara cavabında bildirib ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" yaradılır və belə problemlər olmayacaq.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Abbas · 9 Fevral 15:4221

    Inanan dasa donsun

    Cavab yaz
  • Anonim
    Vetendash · 9 Fevral 16:2240

    Heç vaxt Azerbaycanda kömrük duzelen deyil.Bir eşyanı getirende ele hesablayırlar ki, üzü astarından baha başa gelir.

    Cavab yaz
  • Anonim
    mirzefeteli · 9 Fevral 16:4320

    Bizimkiler?ola bilmez ele sey!a toobaa..

    Cavab yaz
  • Anonim
    miris · 9 Fevral 17:5220

    Ne gunlere qalmisiq ...

    Cavab yaz
  • Anonim
    Musa · 9 Fevral 20:3620

    hansı xarici dövlətdən nəisə gətirəndə (kontrabanda olmasın) həmin dövlətin gömrük postunda heç bir narazıçılıq olmur .elə ki neytral zonanı keçib bizim sərhəd keçid məntəqəsinə yaxınlaşırsan sanki nağıllardakı 7 başlı əjdahalar səni gözləyir .anadan əmdiyin süd burnundan gəlməmiş səni buraxan deyillər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.