"Fitch Ratings" agentliyinin proqnozlarına əsasən, neft hasilatının piki fonunda Azərbaycanda 2026-2027-ci illərdə Azərbaycanda iqtisadi artım 3 faizdən aşağı səviyyədə qalacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Fitch"in EMEA suveren reytinqləri üzrə direktoru Arvind Ramakrişnan vebinar zamanı bildirib ki, 2025-ci il üzrə Azərbaycanın dövlət borcu ÜDM-in 20%-dən bir qədər çoxunu təşkil edib ki, bu da 30%-lik həddən xeyli aşağıdır və hazırda ölkənin maliyyə sabitliyi ilə bağlı narahatlıqlar doğurmur.
Ramakrişnanın sözlərinə görə, son illərdə neft hasilatı "açıq şəkildə pik həddə çatıb", qaz hasilatı isə yaxın perspektivdə maksimum səviyyədə ola bilər. Nəticədə 2025-ci ildə neft sektoru 2,7% zəifləyib, neftə əsaslanan qeyri-xammal iqtisadiyyatı isə 1,6% artıb. Bu isə ümumi iqtisadi artımın 1,4% təşkil etməsinə səbəb olub ki, bu göstərici hökumətin (3%) və "Fitch"in (1,8%) proqnozlarından aşağıdır.
"Fitch" 2026-2027-ci illərdə iqtisadi artımın mülayim sürətlənəcəyini, lakin 3%-dən aşağı qalacağını və artımın əsasən qeyri-xammal sektoru hesabına təmin olunacağını proqnozlaşdırır. Güclü xarici balans ölkəyə maliyyə çevikliyi təmin edir, mövcud siyasət isə etibarlı xarici ehtiyatları və makroiqtisadi disbalansların məhdudlaşdırılmasını dəstəkləyir.
"Fitch" qeyd edir ki, Azərbaycan 'BBB' reytinqinə malik suveren ölkələr arasında ən aşağı dövlət borcuna sahibdir.
Reytinqə müsbət təsir göstərə biləcək amillər sırasında "Fitch" iqtisadi siyasətin və institusional potensialın daha da gücləndirilməsini, enerji sektorundan gəlirlərin artmasını, mülayim siyasətin qorunmasını, həmçinin idarəetmənin yaxşılaşdırılmasına, iqtisadi artıma və şaxələndirməyə töhfə verən struktur islahatların uğurla həyata keçirilməsini göstərir.
Milli.Az





