"Startap" şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələrini əhatə edir.
2025-ci ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.
Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.
"Startap" şəhadətnaməsi almış layihələr fintek, təhsil, İctimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir.
Ümumilikdə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib.
Qeyd: "Startap" şəhadətnaməsinin verilməsinə 2021-ci ildən başlanılıb. Bu sənəd KOBİA tərəfindən verilir. "Startap" şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edir. Eyni zamanda "Startap" şəhadətnaməsi layihəyə yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.
Milli.Az