İqtisadiyyat

Kazinoların leqallaşdırılması Azərbaycan iqtisadiyyatına nə verəcək?

18 İyun 2025 18:07
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Müasir dünyada qumar biznesi, xüsusilə kazinolar, iqtisadiyyatın mühüm elementlərindən birinə çevrilib. ABŞ, Sinqapur, Monako, Gürcüstan və digər ölkələrdə kazinolar dövlətə böyük miqdarda gəlir gətirməklə yanaşı, həm də turizmin inkişafına, məşğulluğun artırılmasına və investisiya mühitinin canlanmasına səbəb olur.

Bu baxımdan, Azərbaycanda da kazinoların açılması məsələsi zaman-zaman ictimaiyyətin və ekspertlərin müzakirə mövzusuna çevrilir. Hazırda Azərbaycanda qumar oyunları, o cümlədən, kazinolar qanunla qadağandır. Buna baxmayaraq, bu sahənin iqtisadi potensialı nəzərə alınaraq, kazinoların yenidən leqallaşdırılması mümkün və aktual bir məsələ kimi qiymətləndirilə bilər.

Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılaraq, dövlətin tam nəzarəti altına alınarsa, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər.

Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir mümkün ola bilər.

Kazinolar beynəlxalq turistləri cəlb edən mühüm obyektlərdən biridir. Dünya üzrə ən məşhur kazino şəhərləri olan Las Veqas, Makao və Monte-Karlo buna nümunədir. Azərbaycan, xüsusilə də Bakı, Xəzər sahili bölgələr kimi turizm potensialı yüksək olan ərazilərdə kazino kompleksləri qurmaqla, həm regionların inkişafına, həm də turizm sektorunun genişlənməsinə şərait yarada bilər.

Turistlər kazinoya gəlməklə yanaşı, hotellərdə qalır, restoranlardan istifadə edir, mədəni-tarixi yerləri ziyarət edir və bu da əlavə iqtisadi aktivlik yaradır. Beləliklə, kazinoların fəaliyyət göstərməsi yalnız bir sektoru deyil, bütöv xidmət sahəsini canlandırır. Kazinoların fəaliyyəti minlərlə yeni iş yerinin açılmasına səbəb ola bilər. Bu iş yerləri yalnız kazino işçiləri ilə məhdudlaşmır.

Mühafizə xidmətləri, təmizlik, restoran və bar işçiləri, texniki personal, marketinq və menecment sahəsində çalışanlar da daxil olmaqla, geniş spektrdə insan resursuna ehtiyac yaranır. Bundan əlavə, dolayı yollarla - məsələn, nəqliyyat, turizm xidmətləri, yerli istehsal mallarının satışı kimi sahələrdə də məşğulluq artır.

Bu, xüsusilə bölgələrdə gənclər üçün iş imkanlarının yaradılmasına təkan verə bilər. Nəticədə kazinoların Azərbaycanda açılması məsələsi həm iqtisadi imkanlar, həm də sosial risklər baxımından kompleks və diqqətlə yanaşılması lazım olan mövzudur. Əgər düzgün tənzimləmə, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilərsə, kazinolar iqtisadi artım, turizmin inkişafı, vergi gəlirlərinin artması və məşğulluğun yüksəlməsi baxımından mühüm rol oynaya bilər.

Qeyd edək ki, "Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu.

TREND

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.