Gilasın bölgələrdə ucuz, paytaxtda isə baha qiymətə satılması ictimaiyyətdə narazılığa səbəb olub. Belə ki, rayonlarda bu meyvə 1,50 manata, Bakıda 8-15 manata təklif edilir. Bəzi ekspertlər qiymət fərqini yanacaq xərcləri ilə əlaqələndirirlər. Lakin bunun əksini iddia edənlər də var. Məsələn, Xaçmazdan Bakıya gilas gətirmək üçün 147 km məsafə qət edilir və bu, təxmini 20 manatlıq yanacaq sərfi tələb edir. Bildirilir ki, bu, ümumi qiymətə nəzərəçarpacaq dərəcədə təsir etməməlidir.
Qiymətlər nəyə əsasən tənzimlənir?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov deyib ki, qiymət fərqi əsasən, xərclərlə əlaqədardır:
"Adətən sahibkar məhsulu yerində ucuz alır, daha sonra yeni qiymət müəyyən edir. Bu təcrübə bütün dünyada belədir. Yəni istehsal yerində qiymət aşağı olur. Bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmış səbəbin olmaması da mümkündür".
Ekspert bildirib ki, bu il sahibkarların çoxu məhsul qıtlığından şikayətlənirlər:
"Əslində bazara çıxarılan məhsulla, sahibkarın əlindəki eyni deyil. Hazırda bazar dəyəri olan meyvə-tərəvəzlər çox azdır. Səbəb isə hava şəraiti ilə bağlıdır".
Milli.Az