Azərbaycanda qoyunların sayının azalmasına səbəb onların erkən yaşda, az çəkidə kəsilməsidir. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Millət vəkili qeyd edib ki, qoyun-quzu ətinin bahalaşması da məhz bununla bağlıdır.
Tahir Rzayev qeyd edib ki, heyvan kəsimində hədd müəyyənləşdirilməlidir.
Ət kəsimi məntəqələrindən də bildirdilər ki, bayram günləri olduğundan bazarlarda quzu ətinə tələbat artıb. Bu ətin kiloqramı 20-22 manat arasında dəyişir.
Satıcılar deyirlər ki, son illərdə iri və xırdabuynuzlu heyvanların sayı sürətlə azalır. Onlar bunu əhalinin xüsusilə quzu ətinə olan həddindən artıq yüksək tələbatı ilə əlaqələndirirlər. Bildirirlər ki, buna baxmayaraq hazırda kəsim məntəqələrində quzu əti az deyil.
Dövlət Statistika Komitəsinin bu il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə 6 min 850 baş qoyun və keçi, 2 min 459 baş iribuynuzlu mal-qara mövcud olub. Ötən illə müqayisədə xırdabuynuzlu və iribuynuzlu heyvanların sayı azalıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az