İqtisadiyyat

Azər Bayramov: "Azərbaycanda sığorta bazarı böyük potensiala malikdir"

4 İyul 2012 11:50
Baxış: 1 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son illər Azərbaycanın sığorta bazarında inkişaf prosesi bu bazarın böyük potensiala malik olduğunu təsdiqləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov "AIIF - 2012" Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.

"2011-ci ildə yığımların ümumi həcmi qeyri-neft ÜDM-dəki 9 faizlik artımla müqayisədə 37 faiz artıb. İlin birinci yarısı üzrə, operativ məlumatlara görə, bir il ərzində qeyri-neft sektoru 10 faiz artdığı halda bazar 67-68 faiz artıb. Lakin bazarın həcmləri hələ də aşağıdır, onu artırmaq lazımdır. Biz bu yüksək artım templərini saxlamaq niyyətindəyik", - Bayramov deyib.

Onun sözlərinə görə, son dörd il ərzində dünya maliyyə bazarlarında qeyri-sabit vəziyyətin saxlanmasına baxmayaraq, bütün sığorta şirkətlərinin ümumi məcmu kapitalı iki dəfə, nizamnamə kapitalı 3,3 dəfə artıb.

"Bu, bazarın tənzimlənməsi işinin, sığorta şirkətlərinin peşəkarlıq səviyyəsinin artmasının nəticəsidir", - Bayramov deyib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Azər Əliyevin sözlərinə görə, ötən il sığorta bazarının 40 faizlik inkişafı dövlət, özəl sektor və ictimai təşkilatlar arasında uğurlu əməkdaşlığın nəticəsidir.

Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, hazırkı inkişaf templəri və mövcud potensial bazarın ÜDM-də öz payını 2-3 faiz artırması imkanının olduğunu göstərir.

Tədbirdə Qafqaz regionu, Türkiyə, Orta Asiya, Avropa, Rusiya və MDB-nin milli sığorta, təkrar sığorta və broker şirkətlərinin yüksəkvəzifəli nümayəndələri iştirak edirlər.

Foruma təşkilati dəstəyi Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti, eləcə də Rumıniyanın "Media XPRIMM" PR şirkəti göstərir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.