İqtisadiyyat

Azərbaycanda dollar bolluğu yaşanır

8 Dekabr 2023 08:44
Baxış: 1 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün kanallar üzrə gələn azalıbsa, tələb niyə artmır?

Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. 28 noyabr-5 dekabr aralığında keçirilən 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, bu hərraclarda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdısa, noyabrın 30-da 77.8, dekabrın 5-də 95.1 milyon dollarlıq sifariş olub. İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır. Onun sözlərinə görə, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir: "Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır".

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə, deputat xatırladıb ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq". 

Qeyd edək ki, qısamüddətli tələb artımından sonra dekabrın 7-də keçirilən növbəti valyuta hərracında banklar cəmi 44,8 milyon dollar alıblar. Ümumilikdə, son 2 ildə Azərbaycanda müşahidə olunan tendensiya - dollara tələbin azalması davam edir. Belə ki, bu ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 274,4 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7  faiz azdır. Ötən ilin eyni dövründə valyuta satışı 4 milyard 589,4 milyon dollar təşkil etməklə, əvvəlki ildən 19,5 faiz az olmuşdu. Göründüyü kimi, bu il valyuta satışının həcmində azalma daha da sürətlənib. 

Maraqlıdır ki, bu il valyuta hərraclarında xarici valyuta təklifi yalnız Neft Fondundan olmayıb. Fonddan verilən məlumata görə, sentyabr ayında valyuta hərraclarında satılmış 259,8 milyon ABŞ dolları vəsaitin 164,5 milyon ABŞ dolları və yaxud 63,3 faiz-i ona məxsus olub: "Valyuta satışı bazardakı tələb-təklif əsasında formalaşır. Ötən ay valyutaya tələb təklifdən az olduğu üçün ARDNF-nin manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışı cədvəldə nəzərdə tutulandan az icra olunub".

Əvəzində Mərkəzi Bank 8 aylıq fasilədən sonra ötən ay valyuta ehtiyatlarının bir hissəsini (95,3 milyon ABŞ dolları) hərraca çıxarıb. Buna baxmayaraq, Mərkəzi Bank hərraclardan böyük miqdarda valyuta almalı olub. Qurumun rəhbəri Taleh Kazımovun verdiyi məlumata görə, 10 ayda Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib. Nəticədə, AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb: "Valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib. Bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb. Lakin narahatedici məqamlardan biri də təklif tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alışyönümlü müdaxiləsidir. Müdaxilə baş verərsə, pul təklifi arta bilər və gələcək inflyasiyanın qarşısını almaq üçün AMB sterilizasiya əməliyyatlarının genişlənməsini zəruri edəcək. Bu da hər kəsə aydındır ki, nəticədə Mərkəzi Bankın xərcləri artacaq".

Maraqlıdır ki, Azərbaycanın neft ixracının azalması, həmçinin dünya bazarında təbii qazın qiymətinin düşməsi nəticəsində ölkəyə əsas kanallardan xarici valyuta daxilolmalarında ciddi azalma var. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 520.18 milyon dollara bərabər olub. Bu, illik müqayisədə 6 faiz azdır.

On ayda ölkənin ixracı 15.5 faiz azalaraq 29 milyard 345 milyon ABŞ dolları, idxalı isə 22.3 faiz artaraq 14 milyard 174 milyon ABŞ dolları təşkil edib. Nəticədə xarici ticarət dövriyyəsində 15 milyard 171 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 34.3 faiz az olub.

Mərkəzi Bankın ilkin rəqəmlərinə əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəyə daxil olan pul baratlarının həcmi 1 milyard 281 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Dövlət Neft Fonduna neft-qaz sektorundan daxilolmalarda da azalma diqqəti cəlb edir. Belə ki, bu ilin yanvar-noyabrında "Azəri-Çıraq-Günəşli" yatağından fonda 6 milyard 353,8 milyon ABŞ dolları, "Şahdəniz" yatağından (qaz və kondensat) isə 1 milyard 308 milyon ABŞ dolları daxil olub. 

Ötən ilin eyni dövründə AÇG yatağından fonda daxilolmalar 9 milyard 161 milyon, "Şahdəniz" yatağından isə 1 milyard 357 milyon ABŞ dolları təşkil etmişdi. Bu isə o deməkdir ki, AŞG üzrə Neft Fondunun gəlirləri 2 milyard 807,2 milyon dollar və ya 30,6 faiz, "Şahdəniz" üzrə gəlirləri isə 49 milyon dollar və ya 3,6 faiz azalıb. 

Neft Fondu ilə yanaşı neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalarda da azalma var. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə neft-qaz sektorundan 6 milyard  206,1 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 6 milyard 960,4 milyon manat təşkil etmişdi. Bu isə neft-qaz sektorundan vergi daxilolmalarının 754,3 milyon manat azalması deməkdir.

Azərbaycana xarici valyutanın daha bir daxilolma kanalı xarici turistlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 10 ayında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Lakin xarici turistlərin gəliş sayının artmasına baxmayaraq, onların Azərbaycanda bank kartları vasitəsilə xərcləmələrində artım baş verməyib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,8 milyard manat, yalnız oktyabr ayında isə 203,6 milyon manat dəyərində əməliyyat aparılıb. 2022-ci ilin yanvar-oktyabr aylarında da əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1,8 milyard manatlıq əməliyyat aparmışdılar. Bu isə gələnlərin sayındakı artımın xərcləmələrdə əksini tapmadığını göstərir. 

Bu ilin ötən dövrü ərzində xarici valyuta daxilolmalarında cüzi payı olan bir istiqamətdə artım qeydə alınıb. Söhbət bankların xarici mənbələrdən cəlb etdikləri vəsaitlərdən gedir. Mərkəzi Bankın statistikasından aydın olur ki, bu il noyabrın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 2 milyard 328,8 milyon manat təşkil edib. Bu, ötən il noyabrın 1-i ilə müqayisədə 26,2 faiz çoxdur.

Xarici valyutaya tələbin kəskin azalmasının bir neçə mühüm səbəbi var. Bunlardan birincisi quru sərhədlərin bağlı qalması nəticəsində sərhədyanı ticarətin aradan qalxmasıdır. Pandemiya dövründə bağlanan quru sərhədləri hökumət hələ də açmayıb. Bu isə İran, Gürcüstan və Rusiya ilə sərhədyanı ticarətin sıfırlanmasına gətirib çıxarıb. Sərhədyanı ticarətin əsasən azərbaycanlıların qonşu ölkələrdən fərdi qaydada mal və məhsul idxalı üzərində qurulduğunu nəzərə alsaq, onun aradan qalxması ilə xeyli xarici valyutanın ölkədən çıxışının dayandığını söyləyə bilərik.

Quru sərhədlərin bağlı olması Azərbaycandan xaricə turist səfərlərinin də kəskin azalmasını şərtləndirib ki, bu da xarici valyutaya tələbi azaldan başlıca amillərdən biridir.

Nəhayət, xarici valyutaya tələbi azaldan daha bir amil ölkə iqtisadiyyatında istehsalın minimum səviyyədə olmasıdır: istehsal müasir texnologiyaların, avadanlıqların idxalını, ən azı mübadiləsini tələb edir. İqtisadiyyatın xammal ixracı üzərində dayandığı bir şəraitdə isə belə idxal minimuma düşür. Yerli istehsalın olmaması ixrac strukturunda da aydın görünür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları təşkil edib ki, bunun yalnız 3 milyard dolları qeyri-neft sektorunun payıdır.  

Cari ilin 11 ayı ərzində təbii qazdan əldə olunan elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1 faiz, qara metallardan hazırlanmış məmulatların ixracı 16,4 faiz, meyvə-tərəvəz ixracı isə 8,1 faiz artıb. İyirmi ildən yuxarıdır ölkənin qeyri-neft ixracında prioritet elan edilmiş aqrar sektorun ixracda payı 853,62 milyon dollar təşkil edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.