İqtisadiyyat

"Pandemiya dövründə belə Azərbaycan vətəndaşı bu böhranı çox da hiss etmədi"

15 Fevral 2023 10:40
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 5 ildə ölkəmizdə aparılan ardıcıl sosial islahatlar insanların rifah halının yüksəlməsində özünü göstərir. Statistikaya nəzər salmaqla biz Azərbaycanda bu islahalatların necə uğurla həyata keçirildiyini görə bilərik. Nəticə isə odur ki, Azərbaycan pensiyanın alıcılıq qabiliyyətinə görə MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutur.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində sosial yönümlü islahatlar olduğundan həmişə insanlarımızın rifah halı nəzərə alınır və bu istiqamətdə addımlar atılır.

"Biz gördük ki, dünyada qlobal iqtisadi böhran yaşandığı zaman, pandemiya dövründə belə Azərbaycan vətəndaşı bu böhranı çox da hiss etmədi. Çünki həyata keçirilən islahatlar bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamı da vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən bir addımdır.

Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilir. Eyni zamanda, ötən ilki inflyasiya dərəcəsinə uyğun pensiya kapitalı məbləğləri indeksləşdirilir. Beləliklə, bütün növ əmək pensiyaları bu ildən etibarən 14.7 faiz, pensiya kapitalı isə 13,9 faiz artırılacaq. Pensiya kapitalındakı artım həmin məbləği inflyasiyadan qorumaq məqsədi daşıyır", - deyə deputat bildirib.

O qeyd edib ki, digər ölkələrlə müqayisədə Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsində MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutmaqda davam edir.

"Minimum və orta aylıq pensiyanın nominal məbləğlərinə görə isə həmin sıralamada ikinci yerdədir. Son 5 ildə minimum pensiyanın 2,5 dəfə artırılaraq 280 manata, orta aylıq pensiyanın iki dəfə artaraq 423 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 456 manata çatmasına nail olunub", - deyə deputat əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.