İqtisadiyyat

"Marta qədər əməkhaqlarının..." - AÇIQLAMA

15 Yanvar 2022 23:29
0 Şərh     Baxış: 2 281

"Qaldırılmış maaşlar mövcud qiymət artımlarını tam olaraq qarşılamaq gücündə deyil. Bu, bütün dünyada bir reallıqdır"

Milli.Az moderator.az-a istinadən bildirir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.
 
"Biz həm yerli, həm dünya mətbuatından da xəbərdarıq ki, budəfəki inflyasiya əvvəlki inflyasiyalarla müqayisədə daha yuxarı həddədir. Bunun da əsas səbəbi pandemiya vaxtı iqtisadiyyata buraxılmış 17 trilyon dollarlıq bir vəsait idi. Təsəvvür edin ki, dünyada istehsal olunan qlobal məhsulun həcmi təxminən 80  trilyon dollar ətrafında olduğu halda, birdən birə 17 trilyon dollarlıq bir vəsaitin buraxılması nəticə etibarilə 23 faizə qədər əlavə pul kütləsinin buraxılmasıdır. Bu da real sektora birbaşa yönləndirilmədiyindən hazırda bizim müşahidə etdiyimiz ciddi inflyasiyanı şərtləndirdi. Eyni zamanda da 17 trilyon vəsait arasında təbii olaraq Azərbaycanın da cüzi də olsa öz çəkisi var idi.
 
Hazırda bu inflyasiyanın qarşısının alınması məqsədilə ABŞ-ın Federal Ehtiyatlar sistemində yanvarın sonlarında birinci iclası olacaq. 2022-ci il ərzində təxminən 8 iclasın olması planlaşdırılır. Bu iclaslarda Ehtiyat sistemində dolların uçot dərəcəsinin qaldırılması planlaşdırılır. Bu, birbaşa inflyasiyanı cilovlamaq məqsədilə ediləcək. Yəni bu addım aktivliyin azaldılması hesabına səpələnmiş 17 trilyon dolların geri çəkilməsinə xidmət edir.
 
O ki qaldı Azərbaycana, deməli, 2022-ci ilin dövlət büdcəsi hazırlanarkən cənab prezident tapşırıq verdi ki, büdcənin xərcləri hesablanarkən əməkhaqqı, pensiya və digər təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulsun. Dövlət başçısının bu göstərişinə qədər büdcədə neft qiymətləri 45 dollar nəzərdə tutulmuşdu. Amma bu göstərişdən sonra büdcə gəlirlərinə yenidən baxılaraq, neft 50 dollardan hesablanmağa başladı ki, bu ilin yanvar ayından əməkhaqlarının qaldırılması məsələsinə baxılsın. Ona görə də gözlənilən idi ki, dekabrın ortalarından başlayaraq biz mərhələli şəkildə müxtəlif qurumlarda çalışan əməkdaşların, eləcə də müxtəlif təbəqədən olan insanların aylıq ödənişlərinin artırılması ilə bağlı fərmanlar imzalandığını gördük. Həm bu fərmanlar, həm də minimum əməkhaqqının 250 manatdan 300 manata, yəni 20 faiz qaldırılması müəssisə və təşkilatlarda əməkhaqqının qaldırılması ilə nəticələnir. Düzdür, bütün qurumlar buna tam adekvat cavab verməsə də, bir az tez, bir az gec, yaxud da 20 deyil, 10-15 faiz əməkhaqqının qaldırılması məsələsinə baxılır. Biz bunu əvvəlki illərin təcrübəsində də görmüşük.
 
Düşünürəm ki, biz ilin birinci rübündə, marta qədər mümkün yerlərdə əməkhaqlarının artırılmasını müşahidə edəcəyik. O ki qaldı bu əməkhaqlarının qaldırılması mövcud qiymət artımlarını kompensasiya edə bilməsinə, bu artıq digər bir məsələdir.
 
Dünyada olduğu kimi, Azərbaycanda da əməkhaqlarını artırmaqla inflyasiyanı aradan qaldırmaq mümkün deyil. İnflyasiyanı cilovlamaq, yaxud da ki, onun gəlirlərə mənfi təsirini azaltmaq tam mümkün deyil. Başqa sözlə, qaldırılmış maaşlar mövcud qiymət artımlarını tam olaraq qarşılamaq gücündə deyil. Bu, bütün dünyada bir reallıqdır. Əməkhaqlarının inflyasiyanın yaratdığı əlavə xərclərə kompensasiya olunması üçün zaman lazımdır. Yəni bir dəfə əməkhaqqının qaldırılması ilə deyil, inflyasiya cilovlandıqdan sonra qarşıdakı aylar, yaxud bir neçə il müddətində yenidən insanların əvvəlki həyat şəraitinə, yəni gəlirlərinə uyğun olaraq xərclərinin adekvatlaşması mümkündür.
 
Baxın, hazırda ölkəmizdə ət, yağ kimi ərzaq məhsullarının qiymətindəki artımlara faiz nisbətində baxdıqda anlayırıq ki, bunlar əməkhaqlarındakı artımla adekvat deyil. Deməli, əgər nəzərə alsaq ki, mövcud qiymət artımları əməkhaqlarının artımını üstələyir, bu, iqtisadi aktivliyin müəyyən həcmdə dar olmasına gətirib çıxaracaq. İqtisadi aktivliyin dar olması isə nəticədə inflyasiyanın cilovlanmasına xidmət etmiş olacaq.
 
Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Bu məsələlərdə bizimlə dünyadakı fərq nədədir? Dünya dedikdə, dünyanın aparıcı liberal iqtisadiyyatın və azad iqtisadi sistemin formalaşdığı ölkələri nəzərdə tuturam. Bu ölkələrdə qiymət artımı ilə inflyasiya bilavasitə bazarın görünməz əli ilə tənzimlənir. Yəni tələb artıqda qiymət artır, tələb azaldıqda qiymət azalır və s. Bizdə də bu qanun işləyir, amma əlavə olaraq xoş olmayan bir tendensiya var ki, müəyyən təsərrüfat subyektləri, müəyyən söz sahibləri qiymətin formalaşmasında birbaşa rol oynayırlar. Bunlar inhisarçı davranışlardır. Onları bəzən işbazlar adlandırırlar, əslində, mən onlara işbaz deməzdim, sadəcə olaraq, bu adamların bazarda olan hökmran mövqeyi qiymətləri bazarın tələb etdiyi həddən daha yuxarı təyin etməsinə imkan yaradır. Onlar bu fürsətdən öz şəxsi mənafeləri naminə daha üst səviyyədə istifadə edirlər. Nəticədə, bu da xərclərimizin daha çox artmasına gətirib çıxarır."

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics