Mədəniyyət

Dilənçi qızı ortaya çıxdı, övladının döyüb başını soyuducuya soxdu

23 Oktyabr 2021 15:00
1 Şərh     Baxış: 3 035

Milli.Az Kulis.az-a istinadən Xalq artisti Rübabə Muradova haqqında 10 maraqlı faktı təqdim edir.

1. Rübabə Muradovanın on altı yaşı olanda, atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.

2. Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir orada tanınmış xanəndə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bu zaman artıq Rübabə Muradovanın bir övladı da vardı. Onu ilk dəfə səhnədə görən Xəlilağa qəzəblənir və həyat yoldaşına deyir: "Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm". Məhz bu səbəbdən xanəndənin ailə həyatı dağılır. Lakin, o, heç kimi, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.

3. Müğənnilik sənəti onu Bakıya gətirir. Burada o, Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım saytımıza müsahibəsində deyir:

"O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb".

4. Xanəndə Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Arazın o tayında qalan evlərini soruşur. Yaxınlarının sözlərinə görə Mərdəkandakı bağını, həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Bir dəfə isə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.

5. 1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun quruluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə Rübabə o qədər təbii oynayırdı ki, onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...

6. Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin, Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər.

7. Çox hirsli və əsəbi adam olub. Hətta bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub.

8. Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin, övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar.

9. Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilir. Hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Ancaq xanəndənin qızlarının dediyinə görə bu söz-söhbətlər yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi "Qaragilə" adlı əsərinin çapından sonra yaranmağa başlayıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni "Qaragilə" mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır.

10. Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir. Ölmədən əvvəl iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Melek b · 23 Oktyabr 22:0110

    Cox sevdiyim muqənni.bir həftə bundan qabaq bacisi Firəngizi gördum.dedim sən nə ucun Şirvanda tək qaldin.dedi mən bacilarim kimi deyiləm.uzun muddət Şirvan xəstəxanasinda xadimə işləyib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.