Mədəniyyət

Azərbaycanlı aktrisadan ETİRAF: "Qarşımda seçim qoysalar, övladlarımı seçərəm" - FOTO

14 Fevral 2018 21:30
1 Şərh     Baxış: 3 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Sevinc Əliyevanın Milli.Az-a müsahibəsi.

- Sevinc Əliyeva kimdir?

- Ana.

- Bəs aktrisa?

- Aktrisa sadəcə olaraq mənim peşəmdir.

- Nə vaxtsa aktrisalıqdan imtina edib, ana olmağın məsuliyyətini daşıya bilərsiniz?

- Məndə belə bir hal olub. Mən peşəmin arxasınca qaçan aktrisalardan olmadım. Peşəmi çox sevsəm də, uşaqlar mənim üçün daha önəmli oldu. Artıq uşaqlar da böyüyüb, mən fikirləşmirəm ki, bu seçim nə vaxtsa mənim qarşımda olacaq. Əgər olsa, təbii ki, işimi yox, övladlarımı seçərəm.

- İşdən kənarda necə birisiniz?

- Necə var eləyəm. Makiyajsız, "ukladka"sız (gülür). Həyətə düşüb uşaqlarla oynayan biriyəm. Sərbəst, səmimi oluram.

- Bu səmimiliyin mənbəyi sizdə hardandır?

- Bu yəqin ki, xasiyyətdən irəli gəlir. Mənim həyatım iki yerə bölündü. Uşaqlardan öncəki və sonrakı həyatım.

- Uşaqlardan öncəki həyatınız üçün darıxırsınız?

- Xeyr! Uşaqlardan öncə özüm də uşaq idim. Onun üçün darıxa bilərəm ki, mənim nazımla oynasınlar.

- Uşaqlığınızdakı nəyi öz övladlarınıza təbliğ edirsiniz?

- Mənim anam çox ciddi bir insandır. Ana olandan sonra anamı başa düşdüm. İndi eyni yolu mən gedirəm. Çalışıram ki, düzgün böyüsünlər, amma yenə də zəmanə uşaqlarıdır. Həyat elədir ki, insanın başı daşa dəyəndən sonra öyrənməyə başlayır bir çox şeyi.

- Başınız deyəsən daşa çox dəyib...

- Dəyəndə dəyib.

- Buna görə peşman olmusunuz?

- Xeyr, bunu bir dərs kimi qəbul edib, nəticə çıxarmışam.

- Müəyyən dövr sənətdən uzaq qaldınız. Bu boşluğu hiss etdiniz?

- Bizim peşəmiz elədir ki, bir- iki kastinqə getmədinsə unudulursan, yeniləri gəlir. Mən təzə gələnlər üçün unudula bilərəm, amma köhnələr məni tanıyır. Mən övladlarımı böyüdürdüm, itirdiyim vaxta görə peşman deyiləm.

- "Laləli saray" serialını sizin yenidən sənətə qayıtmağınız kimi qiymətləndirmək olar?

- Əlbəttə olar. Mən fikirləşmirdim ki, yenidən sənətə qayıdacağam. Serialdan zəng etdilər, gedib görüşdüm. Şahin Qəhrəmanın çəkdiyi seriallardan xəbərim var idi. Mənə çox maraqlı gəlirdi. Fikirləşirdim ki, təklif gəlibsə, özümü sınayım.

- Aktrisa kimi serialdan gözlədiyiniz nəticəni aldınız?

- Hər dəfə mənə yazırlar ki, sakit dayanmayın, Aygünün cavabını verin. Onların mənə ürəyi yanır. Sevinc olsaydım, əlbəttə ki, mən belə etməzdim.

- İndi ekran işləri çox çəkilir. Bir tamaşaçı kimi münasibətiniz necədir?

- Həm kommersiya, həm də serial sahəsində irəliləyiş var. Desəm ki, hamısı xoşuma gəlir, yalan olar. Bir neçəsiz xoşuma gəlib, bilet alıb gedib baxmışam. Söhbət "Pərdə" filmindən gedir. Elə seriallar da var ki, aktyor yaxşıdır, amma rejissor zəifdir. Aktrisanı yerətincə oynada bilmir. Ya da tam əksinə.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.