Mədəniyyət

Tanınmış xanəndə: "Qızım 1 yaşında dünyasını dəyişdi, çox çətin günlər yaşadım" - FOTO

19 İyun 2017 21:10
5 Şərh     Baxış: 15 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış xanəndə Elnur Zeynalovun Milli.Az-a müsahibəsi.

- Elnur, bilirəm ki, muğam diyarı olan Qarabağ bölgəsində böyüyüb boya-başa çatmısız. Ailənizdə kimsə sənətlə məşğul olubmu?

- Bizdə evdə atamın da, babamın da çox gözəl səsi olub. Amma təəssüflər olsun ki, heç biri bu sənətin arxasınca getməyiblər. Uşaq ikən öz kəndimizdə musiqi məktəbinə getmişəm. Amma səsimin olduğunu 20 yaşında hiss etdim. O zaman artıq biz Bakıda yaşayırdıq. Valideynlərim məni aparıb Xətaidə musiqi məktəbinə qoydular. İlk muğam müəllimim Mehdi müəllim olub. O, mənə muğamın sirrlərini öyrədib. Musiqiylə məşğul olmağım isə toylardan başlayıb. 2005-ci ildə isə peşəkar təhsillə məşğul olmaq üçün Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldum. Səsim olsa da, təhsili özüm üçün çox vacib bildim.

- Bir çox sənətçilər təhsilin olmasını özləri üçün vacib hesab etmirlər. Sizcə, bu düzgündür?

- Səs Allahın vergisidir, amma təhsil də çox önəmlidir. Sənətdə sənə mütləq istiqamət göstərən kimsə olmalıdır. Səs hər kəsdə var. Mən gözümü açandan evimizdə muğam səslənir. Muğamları oxuya bilirdim, amma adlarını təhsil alandan sonra öyrəndim. Mən musiqi kollecinə daxil olanda orada çox pedaqoqlar var idi. Mən dəyərli sənətkar Arif Babayevi seçdim. 4 il ondan təhsil alıb, bir çox biliklər əldə etdim. Bununla paralel olaraq digər sənətkarların, o cümlədən Alim Qasımovun da sinfinə getmişəm. Bu gün cəsarətlə deyə bilərəm ki, mən Arif Babayevin çörəyini yeyirəm.

- Ustadınız Arif müəllim olsa da, bildiyim qədərilə Opera və Balet Teatrına Mənsum müəllimin təşəbbüsü ilə getmisiz. Mənsum müəllimin teatrda etimadını doğrulda bildiniz?

- Biz 2005-ci ildə muğam Beynəlxalq Muğam müsabiqəsində iştirak etdik. Demək olar ki, muğam müsabiqəsi mənim üçün böyük bir qapı açdı. Bu müsabiqədən sonra Mənsum müəllim məni Opera və Balet Teatrına yönəltdi. Heç vaxt onun əziyyətini, mənə verdiyi qiyməti itirmərəm. 10 ilə yaxındır ki, artıq teatrın solistiyəm. Teatra gəldiyim gündən bu günə qədər irili-xırdalı bir çox rollar oynamışam. Onu da deyim ki, Mənsum müəllim mənim kimi bir çox xanəndələri teatra gətirib, amma bir çoxu da gəlib tab gətirə bilməyib. "Əsli Kərəm", "Aşıq Qərib" "Leyli və Məcnun" tamaşalarında əsas rollarda çıxış edirəm. 2 il bundan öncə Məcnun rolunu oynamağım sənət həyatımda dönüş nöqtəsi oldu. Mən bu tamaşanı gənc xanəndəmiz Arzu Əliyeva ilə oynamışdım.

- Leyliləri tez-tez "dəyişirsiz"?

- "Leyli və Məcnun" tamaşasını Arzu xanımdan başqa Nigar Şabanova və bu il isə xalq artisti Gülyaz Məmmədova ilə oynamışam.

- Hansı xanım xanəndə ilə olan tamaşanız daha uğurlu olub?

- Səhnə tamam başqa aləmdir. Mən hər tamaşadan sonra kövrəlib ağlayıram. Bunu Leyli rolunun ifaçıları da təsdiq edə bilərlər. Hər dəfə bu hisslər yaşanır. Mənim daxilimdə bir Leylim var, həmişə onu canlandırıram səhnədə. Bu tamaşada ilahi bir hiss var. Tamaşadan sonra 3 gün özümə gələ bilmirəm. Telefonlarımı hətta söndürüb, özümə qapılıram.

- Olmaya həyatınızda Məcnunun nakam sevgisindən yaşamısız?

- Nakam sevgi hər kəsdə var. Bir tərəfdən fikirləşirəm ki, kaş olmayaydı, bir tərəfdən isə sevinirəm... Çünki insan həyatında uğursuz nəsə yaşayanda bu, onun yaradıcılığına təsir edir. Mən ara-sıra mahnılar da yazıram, mahnılarımın ruhu o yaşadığım hisslərdən doğur. Ona görə də fikirləşirəm ki, yaxşı ki, o hissləri yaşamışam.

- Nakam sevgi yaşamağınıza özünüz səbəb oldunuz, yoxsa qarşı tərəf?

- Günahkar nə mən idim, nə də ki o. Siz bildiyiniz kimi bizim torpaqlarımız işğal olunub. Biz eyni kənddən idik, uzun illər bir-birimizi tapa bilmədik. Axı o vaxt telefon da yox idi. Müharibənin acısı neçə-neçə insan talelərinə zərbə vurdu. Uzun illərdən sonra onu tapanda o, artıq nişanlı idi.

- Əksər gənclər Məcnun, Leyli olmaq arzusu ilə yaşayır. Bu tamaşanın xüsusi bir özəlliyi varmı?

- İlk öncə, onu deyim ki, iki dahi şəxsiyyətin bir araya gətirdiyi əsərdir. Bu tamaşada hər şeydən əvvəl xanəndənin səsi önəmlidir. Səhnə görünüşü olmalıdır. Ola bilər ki, səs yaxşı olsun, amma səhnə görünüşü olmasın. O zaman tamaşa uğurlu alınmayacaq. Gənclərimiz var ki, teatra ilk gələndən Məcnun olmaq istəyirlər. Kiçik rollarla başlasalar, daha yaxşı olar. Səhnədə rolun böyüyü kiçiyi yoxdur. Mən Məcnundan əvvəl onun atasının rolunu oynamışam. Məni Məcnun roluna dəvət edəndə artıq tamaşanın sözlərini əzbər bilirdim.

- Sizcə, Məcnun neçə yaşında olmalıdır?

- Mən 25 yaşında Məcnun oynaya bilməzdim. Birincisi, səs formada olmur bu yaşda. Çünki kişinin səsi 30 yaşından sonra formalaşır. 25 yaşında özünü Məcnun kimi hiss etmək çətindir. Əgər sənətkar özünü formada saxlaya bilirsə, 60-70 yaşında da bu rolu oynaya bilər.

- Elnur, əslində, muğam aləmində də bir çox sənətkarlar bir-birləri ilə danışmır, gizlində böyük qalmaqal yaşayır. Amma nədənsə bunları tamaşaçılardan gizlədirlər. Nələr baş verir bu aləmdə?

- Mən muğam aləmindəki dedi-qodulardan çox uzaq biriyəm. Getdiyim yer teatr və muğam mərkəzidir. Bu aləmdə dostlarım olsa da, hamısı ilə yalnız salam, sağ olum var. Muğam aləmində nə baş verdiyini də deyə bilmərəm. Bəzən sənəti kənara qoyub digər işlərlə məşğul olurlar. Bu günlərdə bir sənət dostumla mənim də aramı vurmaq istəyirdilər. Gözümü açıb gördüm ki, böyük bir oyunun içindəyəm. Muğam aləmində hal-hazırda liderlik iddiası var. Hər kəs özünü bu sənətin lideri hesab edir

- Elnur bu aləmdə kimi lider adlandırır?

- Hər kəs öz-özlüyündə liderdir. Hər kəsin oxumağı göz önündədir. Xanəndəlik sənətində belə bir qanun var. Opera və Balet Teatrında işləyirsənsə, Məcnun rolunu oynamısansa, deməli, lidersən.

- Hansı həmkarlarınızın münasibəti sizi qıcıqlandırır?

- Bəzən efirdə muğam oxuyuram və bu vaxt zəng gəlir ki, filan yerdə niyə narahat oxudun? Görürəm ki, haqsız yerə irad tutur. Özünün oxumaqdan heç xəbəri belə yoxdur. Çox vaxt elə könül bulandırmaq üçün deyirlər.

- Yazdığınız mahnıları kimlərəsə sata bilirsiz?

- Mahnılarımı, hələ ki, özüm oxuyuram. Həmkarım Güllü Muradova ilə bir lirik mahnı oxumuşuq. Bəstəkarlıq tam başqa bir sənətdir, o, içdən gəlməlidir. Mən, sadəcə, bir ifaçı kimi mahnılar yazıram. 10-a yaxın mahnım var.

- Övladlarınıza bu sənəti təbliğ edirsiz?

- 5 ilə yaxındır ki, ailəliyəm, 1 qız övladım var, 2 yaş 4 aylıqdır. Hələ ki, balacadır, amma istəmərəm xanəndə olsun. Çünki bu sənət çox çətindir. Allah hamının balasını qorusun. İllər öncə 1 yaşında bir qızım dünyasını dəyişdi. Səfərdən gəlmişdim, elə uşağı oynadanda gördüm ki, xırıldayır. Xəstəxanaya apardıq, amma artıq gec idi. Çox çətin günlər idi, o günü yaşadıqlarımı bir Allah bilir. İkinci övladımın dünyaya gəlişi ilə biz o acını qismən olsa da unutduq.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.