Mədəniyyət

"Dolu"nun KADRARXASI: "O səhnədə heç kim özünü saxlaya bilmədi" - FOTO

1 May 2016 15:47
3 Şərh     Baxış: 3 078

Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" rubrikasında aktyor-rejissor Elxan Cəfərovla birgə Qarabağ savaşından bəhs edən "Dolu" filmindən söhbət açıb.

Arayış: "Elxan Cəfərov 1967-ci il aprel ayının 29-da Bakıda anadan olub. 1984-1990-cı illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A.Dovjenko adına kinostudiyanın "Hazır ol, əlahəzrət" (1977) filmində şahzadə rolu da var. Hazırda rejissor kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

Çəkilişlərinə 2011-ci ilin yayında başalanılan "Dolu" filmi Elxan Cəfərovun quruluşunda yazıçı-deputat Aqil Abbasın eyniadlı romanının motivləri əsasında "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.

Tammetrajlı bədii film Qarabağ müharibəsinin qanlı-qadalı günlərindən, heç nəyə baxmayaraq vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.

Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Tryuk səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak ediblər.

Filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissor Elxan Cəfərov, quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam  Rafiq Nəsirov, bəstəkar Polad Bülbüloğlu, musiqi redaktoru Rauf Əliyev, baş prodüser Müşviq Hətəmov, baş hərbi məsləhətçi isə polkovnik Məmməd Hacıyevdir.

Rollarda Fuad Poladov, Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Cavanşir Hadıyev, Rövşən Ağayev, Faiq Kərimoğlu, Vüqar Vəlixanov, Oqtay Quliyev, Şahmar Qəribli, Sərdar İsgəndərov, Vüsal Murtuzəliyev və başqaları çəkiliblər.

Filmin premyerası  Azərbaycan Milli Kino Gününə həsr olunaraq 2012-ci il avqustun 2-də "Nizami" Kino Mərkəzində keçirilib.

2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilib.

Çəkilişlərinə 2011-ci ilin yayında başlanılan filmin istehsal tarixi 1il 6 ay davam edir.

Rejissor Elxan Cəfərov: "Bu filmdən öncə "Qarabağ"a həsr edilmiş qısametrajlı film çəkdiyimdən Mədəniyyət və Turizm Nazirliyi və Kino İdarəsi tərəfindən mənə belə bir təklif  olundu. Mən də böyük məmnuniyyətlə qəbul etdim. Beləliklə iş başladı. Materialı öyrənərkən, problemin içərisinə vardıqca, mənim üçün müəyyən nüanslar açıldı. Aqil Abbasın Qarabağ  həqiqətlərindən bəhs edən "Dolu" romanını oxudum. Baxmayaraq ki, filmdə əsərdəki hadisələrin əksəriyyəti yoxdur, çünki filmimiz lokal janrdadır. Hələ romanı oxuyarkən özüm üçün "Qarabağ" problemini açdım, düşüncəmdə filmlə bağlı görüntülər yaranmağa başladı. Bu işlə məşğul olan bir insan kimi deyirəm ki, o material ki, dərhal mənim gözümdə canlanır, demək, bu əsərə mənim ürəyim açıqdır. Bu işin üzərində tam gücümlə işləmək imkanım var".

"Drakon" və "Pələng" obrazları üçün xelyi vaxt axtarışda olduğunu deyən müsahibim filmə çəkilmək üçün tanıdığı və potensialını bildiyi aktyorları dəvət edir. Nəticədə isə uğurlu bi iş ərsəyə gəlir.

Elxan Cəfərov: ""Pələng" rolunu oynayan Elvin Əhmədov "Dolu" filminin ilkin hazılıq dövründə rejissor köməkçisi işləyirdi. Axtarış zamanı Elvinlə məsləhətləşirdik ki, "kimi seçək", "kim oynasın", "filankəsi tapaq" və s. Bu məqamda "Pələng" obrazında Elvinin özünü gördüm. İş prosesində yaxın münasibətdə olduğumuzdan bilirdim ki, rolun öhdəsindən gələ bilər. Təklif etdim, sınaq çəkilişləri oldu, əla da alındı. "Drakon" rolunun ifaçısı Rza Razyev qapıdan içəri girəndə dərhal anladım ki, o, "Drakon"dur. Onun simasında Azərbaycanın qəhrəmanını gördüm, maşallah, boy-buxunu bunu deməyə əsas verir. Kino həm də vizuallaşma deməkdir, xarici görünüş çox böyük önəm daşıyır".

Kifayət qədər maliyyə tutumu olan filmin rejissoru "Dolu"nun vizual olaraq gözəl alınmasında quruluşçu operator Nadir Mehdiyevin əməyini xüsusi olaraq vurğuladı: "Mən rejissor olsam da, aktyorlarla iş, kompozisiya yada düşür, amma görüntü dedikdə bu Nadir Mehdiyevdir".

Filmdə Polyaniçko (Azərbaycan Kommunist Partiyası MK-nın II katibi) ilə bağlı bir səhnə rejissoru qane etmədiyindən onu filmə salmır.

Elxan Cəfərov: "Ümumiyyətlə, böyük filmlər çətinliklərlə bağlı olur. Amma bu mövzu hər azərbaycanlı üçün müqəddəs olduğundan, hara gedirdiksə, insanların köməyilə, isti münasibətlə rastlaşırdıq. İndinin özündə də bütün dövlət strukturlarına - Daxili İşlər Nazirliyinə, nazir Ramil Usubova, Müdafiə Nazirliyinə, Şəmkir korpusunun komandiri general Rövşən Əkbərova xüsusi minnətdarlığımı bildirirəm. Bizə hərtərəfli kömək olduğundan istər maddi, istərsə də texniki problemlər olmadı. Aktyorlar filmə ürəyini qoyduğundan, uğura inandığından heç bir çətinlik yaranmadı".

Çəkiliş zamanı yaralanan kaskadyorun ayağı uzun müddət gipsdə qalıb

Müsahibim bildirir ki, ilk kadrlarda gördüyümüz partlayan bombalar, kəndin alışması pirotexnik tərəfindən həyata keçirilən işlər idi. 

"Bildiyiniz kimi, pirotexnika kino istehsalının vacib bir hissəsidir. Biz həm yerli pirotexniklərlə, həm də İrandan dəvət olunan pirotexniklərlə çalışırdıq. Əlbəttə ki, o partlayıcılar bomba deyildi, amma olduqca təhlükəli idi. Yəni, 7 metr yaxınlığa getmək olmazdı. Bir çoxları deyir ki, filmdə qrafik işdən istifadə edilib. Amma doğrudan da "Dolu"da partlayış səhnələrində (az bir qismi nəzərə almasaq) heç bir qrafikadan istifadə edilməyib. Kütləvi səhnələrdə çox böyük çətinliklər oldu. 180 nəfər aşağı düşəndə eyni zamanda 7 bombanın hərəsindən 7 metr aralıda qalmaq çətin məsələ idi. Çox şükür ki, salamatlıqla bitirdik. Filmdə kaskadyorlarımız xəsarət almışdı. Onlardan birinin alnını qəlpə yaralamışdı. Digərinin isə zədəsi ağır idi, hətta qanaxmasını dayandıra bilmirdik. Kaskadyor qrupunun rəhbəri Əli Məmmədovun canlandırdığı bir səhnə vardı. Hansı ki, çox ağrılı olduğundan mən onu çıxartdım. O epizodun çəkilişdə Əli ağır zədələndi. Epizodda şəhərin "qrad"la bombardman edilməsi zamanı kaskadyorlar 3-cü mərtəbədən aşağı atlanırdılar. Məhz o epizodda özümüzün səhlənkarlığımız ucbatından Əli Məmmədov digər iki kaskadyorla birgə pəncərədən tullananda onun ayağı lazım olmayan yerə girdi və dabanı sındı. Təxminən 5 ay gipsdə qaldı. Amma şükürlər olsun, indi yaxşıdır, hətta yeni bir filmimizdə də oynayır".

"Filmdə hərbi hissəni özümüz qurmuşduq"

Rejissor: "Filmdə tamaşaçıların gördüyü hərbi hissəni özümüz qurmuşduq. Yəni real hərbi hissə yox idi. Onu İsmayıllı rayonunda məktəbin həyətində təşkil etdik. Erməni kazarması isə rayondakı mal-qara saxlanılan yerdə lentə alınmışdı. Həmin hissədə özümüz kazarma düzəltmişdik.

Çobanın qoyun otarması və qəfil ermənilərin hücumu baş verən epizod İsmayıllının Sumağalı kəndində lentə alınıb. Həmin səhnə kənd camaatının köməkliyilə çəkildi. Onlar evlərini, həyətlərini bizə açdılar. Bombaya düşən də elə Sumağalı kənd sakinləri idi. Həmin epizodda 1-2  personajı çıxmaq şərtilə demək olar ki, bütün kənd camaatı çəkilmişdi.

Yaralıların yerləşdirildiyi hərbi hospital da İsmayıllıda könüllülərin bazasında lentə alındı. Həmçinin yanmış ev, erməni qızının çəkildiyi epizod da həmin kənd idi".

Zakir Həsənovla Rövşən Əkbərovun filmə dəstəyi...

Döyüş səhnələrinin çəkilməsi üçün lazım olan silah-sursat, hərbi texnikanın hamısı dövlət qurumlarının dəstəyilə təşkil edilir.

Elxan Cəfərov: "Tankların təşkil olunmasında Rövşən Əkbərovun, Müdafiə Nazirliyinin böyük köməyi oldu. Bu elə bir iş idi ki, özbaşına tank əldə edib filmdə çəkə bilməzdik. Film boyu tankları idarə edənlər də elə Azərbaycan əsgərləri idi. Tankla üzbəüz dayanan səngərləri Xızıda Daxili Qoşunların poliqonunda çəkmişdik.

Sonda camaatın post tərəf getdiyi yol doğrudan da Ağdama gedən yol idi, doğrudan da post idi. Həmin yol düz Ağdama aparırdı, doğma şəhərdən cəmi 3-4 kilometr ayırırdı bizi...".

Filmdə maraqlı məqamlardan biri də o vaxt ağdamlıların çox inandığı "Seyid Lazım ağanın adının hallanmasıdır. Rejissor bunu ssenari müəllifi Aqil Abbasın məhz ağdamlı olması ilə əlaqələndirdi.

"O vaxt Daxili Qoşunlar komandanı indiki müdafiə naziri Zakir Həsənov idi. O, bizə çox yaxından kömək etmişdi. Məhz Daxili Qoşunlar film üçün 200 əsgər vermişdi. Əgər bu film ABŞ-da çəkilsəydi, onun simeta dəyəri dəfələrlə çox olardı".

""Pələng"in ölüm səhnəsində bütün heyət gözyaşı içində idi"

Filmdə "Pələng"in "Darkon"un qollarında ölüm səhnəsi çəkilərkən bütün çəkiliş heyəti göz yaşlarına qərq olur. Rza Rzayev rolu o qədər gözəl oynayır ki, onun hayqırtısı reallıqdan heç də seçilmir. Olduqca təsirli bir səhnə alınır. Epizod 2-3 dubla çəkilir. O da hər dəfə eyni məkana yox, bir dəfə Elvinin üstünə, bir dəfə Rzaya, sonda isə ümumi plana işləyir. Rejissor deyir ki, ümumiyyətlə, belə səhnələri bir neçə dubla çəkmək olmur.

Elxan Cəfərov bildirir ki, filmdə yeganə pavilyon səhnəsi həbsxana səhnəsidir. "Həbsxana səhnəsi haradakı insanları yığıb "gedin" deyirlər, o, kinostudiyanın pavilyonu idi. Həbsxananı orada tikmişdik. Bir tək pavilyon çəkilişimiz məhz o idi. Əsasən interyer çəkilişlərimiz çox oldu".

"Həyat yoldaşım, həmdəmim Gülzar Qurbanova..."

Elxan Cəfərov: "18 yaşlı "Pələng"in anasını oynamaq üçün aktrisa axtarışında idim. Həyat yoldaşım aktrisa olduğundan onunla məsləhətləşən zaman Gülzar xanım mənə dedi ki, "elə bizim də qızımızın 19 yaşı var, mən 18 yaşında oğlanın anası ola bilərəm". Müəyyən mənada təsadüf üstündə qurulsa da, aktrisa olmaqdan əvvəl mənim həyat yoldaşım, həmdəmim olduğu üçün Gülzarı bu rola çəkdim. Ümumiyyətlə, mən hər zaman çalışıram ki, rola dəvət etdiyim aktyorlar ürəyim istəyən insanlar olsun. Elə bu filmdəki qrupda da belə oldu".

Fuad Poladov katib rolunda özünü oynayırdı

Rejissor: "Katib rolunu canlandıran Fuad Poladov böyük sənətkardır. Onun siması, şəxsiyyəti hər şeydir. Mənə ondan artıq heç nə lazım deyildi. Məhz bu filmdə Fuad Poladov özünü oynayırdı. Elə şeylər var ki, insanlar kənardan düşünür ki, aktyordur, min həyat yaşayır. Amma unutmaq lazım deyil ki, o obrazların hər birinin içində aktyorun özü var. Fuad Poladovun  bəyənilən katib obrazı onun qabiliyyətindən irəli gələn bir şey idi. Katibin otağı isə "Azərbaycanfilm" kinostudiyasının direktorunun otağı idi".

"Müharibədə insanları qınamayın"

Rejissor filmin tamaşaçıya verdiyi mesaja da aydınlıq gətirir: "Filmin mesajı odur ki, müharibə baş verən zaman insanları qınamayın. Çünki müharibə elə bir ekstremal hadisədir ki, sən onu insandan tələb edə bilməzsən. İnsan ya qəhrəman olur, ya da olmur. Bu gün dinc yaşayan insanın başına bomba yağır, o həmin yeri tərk edirsə, onu qınamaq olmaz. Qadın və uşaqları kənarda saxlamaq yaxşı haldır. Bunu qınamaq düzgün deyil. Bilirsən ki, bura hücum olacaq, bilə-bilə insanını niyə qırdırasan ki? Bu ən azı ağılsızlıq olar. Vətən ailə, vətən tarix, vətən qan yaddaşı deməkdir. Bütün bunlara arxanı söykəyib müharibə etməlisən".

"Aqil Abbas möhtəşəm insandır"

Rejissor: "Film başdan-ayağa improvizə idi. Filmin ssenaristi Aqil Abbas çox möhtəşəm insandır. Mən sevinirəm ki, onunla birgə çalışdıq. Filmin demək olar ki, əksər səhnələrinin çəkilişində bizimlə birgə oldu. Aqil Abbasla birgə peşəkar yazıçı kimi film boyu epizodların yerini dəyişdik, 5-6 epizod əlavə etdik. Bu, bədii yaradıcılıq üçün misilsiz bir hisdir. Çox minnətdaram ki, Aqil müəllim bütün səlahiyyəti mənə verdi, məni hər anlamda başa düşdü. Müəyyən səhnələrdə "bunu edək" deyəndə, həmin yeni epizoda müəyyən əlavə də edərək, təsdiqləyirdi.

"Əliyalın tanka da qalib gəlmək olar, yetər ki vətəni sev"

"Hər bir film qarşıda olan gözəllik kimi qəbul edilməlidir. Əlbəttə, filmin yaralı yeri, sona çatdırılmamış məqamları var. Bir rejissor kimi səhvlərimi görməyi bacarıram. "Dolu"nun gözəlliyi odur ki, burda insanların əl işi var. Hamımızın ürəyi var bu filmdə. Hər kəs vətənpərvər hisslərə köklənmişdi və buna görə də nəticə ürəkaçan oldu. Hazırda tamaşaçıların filmə olan münasibəti də məni olduqca qane edir. Həmin vətənpərvərlik ekrandadır. Ekran insanların beyninə bilavasitə güclü təsir göstərdiyindən, böyük qüvvə hesab olunur. Bu gün Azərbaycan gəncinin beynində Azərbaycan qəhrəmanı dedikdə, "Dolu" filmindəki qəhrəmanlardan biri yada düşürsə, mən buna sevinir, bunu uğur sayıram. Qəhrəman da insandır. Onu qəhrəmanlığa gətirən yol nədir? Bizim məqsədimiz bunu tamaşaçıya açmaq idi. Düşünürəm ki, istəyimizə nail olduq. "Dolu" filmində döyüşçülərin qarşısına 9 tank çıxır. Biz göstərmək istədik ki, düşmən tankla gəlirsə belə, ondan qorxmaq lazım deyil, təki, daxili həqiqətin olsun, vətən sevgisi olsun. Sevinirəm ki, bütün mesajları filmdə aşılaya bildik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

3 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.