Mədəniyyət

Aktrisa Nahidə Orucova: "Qardaşımı dostu yatdığı yerdə öldürmüşdü" - FOTOSESSİYA

14 Sentyabr 2015 00:03
6 Şərh     Baxış: 23 732
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aktrisa Nahidə Orucovanın Milli.Az-a müsahibəsi.

- Nahidə xanım, istərdim müsahibəmizə ailənizdən danışmaqla başlayaq. Necə bir ailədə doğulmusuz?

- Biz ailədə iki bacı, bir qardaş olmuşuq. Mən evin ortancıl uşağı idim. Qardaşım bizdən 10 il sonra dünyaya gəlib. Atam da, anam da mühəndis olublar. Atam həmişə işdən çıxıb, anamı da iş yerindən götürüb evə gələrdi. Çox mehriban ailəmiz var idi. O vaxtı universitetə daxil olmaq üçün iş stajı olmalı idi. Bunun üçün də mütləq idi ki, mən hansısa peşəyə yiyələnim. Elə ona görə də tikiş sənətini öyrənib, kukla fabrikində işə düzəldim. İncəsənət Universitetinə qəbul olmaq arzusu ilə yaşayırdım. Sözün düzü, atam aktrisa olmağımı istəmirdi, çünki nəsilimizdə aktyor, aktrisa olmamışdı. Ona görə də sənədlərimi Mədəni Maarif texnikumuna verdim. Burada bir problem yarandı, sonradan sənədlərimi İncəsənət Universitetinə verdim. Universitetin Dram və kino aktyoru fakültəsinə qəbul odum. Təbii ki, ailəmin bundan xəbəri yox idi. Evə zəng edib demişdilər ki, gəlin qızınızın tələbə biletini götürün. Onlar elə bilirdilər ki, mən Mədəni-Maarif Texnikumuna qəbul olmuşam. Atam tələbə biletini alanda görüb ki, orada aktyor fakültəsi yazılıb. Gəlib evdə əsəbləşib, məni bolluca danlamışdı. Universitetdə böyük aktyor və pedaqoq Mikayıl Mirzədən dərs almışam.

- Atanızın etirazına baxmayaraq siz də, bacınız da incəsənət sahəsi üzrə təhsil aldınız. Ona da mane olurdu?

- Bəli, bacım da Milli Konservatoriyada kamança musiqi aləti üzrə təhsil alıb. Bacım o vaxt İslam Rzayevin ansamblında ifa edirdi. İndiki bir çox müğənnilər həmin ansamblın yetirmələridir. O, hal-hazırda bağçada musiqi müəlliməsi işləyir. Sadəcə, bir az televiziyadan uzaq düşüb. Amma fəaliyyətini davam etdirir.

- Nahidə xanım bəs qardaşınız?

- Qardaşımı anamızla birlikdə saxlamışıq. Amma nədənsə Allah onu bizdən tez aldı. Dostu yatdığı yerdə onu öldürmüşdü. Bu gün qardaşımın yeganə yadigarı oğludur. Bəlkə də o, məni efirdən tanıyır, amma mən həyatda onu heç vaxt görməmişəm.

- Niyə?

- Çox istəyərdim ki, qardaşımın övladını görüm. Mən o vaxtlar onu çox axtardım, amma anası onu bizdən uzaqlaşdırdı. Qorxurdu ki, biz onun evini əlindən alarıq. Qardaşım öləndən sonra onun evi mənim nəyimə lazım idi? Biz daha da ona kömək edərdik ki, yaxşı dolansınlar. Kaş qardaşım sağ olardı (kövrəlir).

- Bəlkə də qardaşınızın oğlu bu müsahibəni oxuyur. Bizim vasitəmizlə ona nə demək istərdiniz?

- Çox istərdim ki, o, gəlib məni tapsın və desin ki, mən Samirin oğluyam. Mən də baxıb sevinim. Lazım gəlsə, ona köməklik də edərəm. Onu heç yanımdan uzaqlaşdırmazdım, qardaşımın nəfəsini, qoxusunu ondan alardım. Kaş (kövrəlir).

- Nahidə xanım Sumqayıt Teatrına gəlişiniz necə oldu?

- Universiteti bitirəndən sonra mənim təyinatımı Sumqayıt Dram Teatrına verdilər. O zaman bu teatrda Cəfər Cabbarlının "Oqtay eloğlu" əsəri səhnələşdirilirdi. Mən də bu tamaşada Nadiya obrazını məşq edirdim. Ondan sonra bir-birinin ardınca bir çox tamaşalarda çıxış etdim.

- Bildiyimə görə, həyat yoldaşınız da bu teatrın aktyoru olub. İlk tanışlığınız yadınızdadır?

- Bəli, həyat yoldaşım da bu teatrda aktyor ştatında çalışırdı. Mən teatra gələndə teatr qastrol səfərinə hazırlaşırdı. Elə oldu ki, aktrisa İradə Ağasıbəyli gəlmədi, məni onun yerinə qastrola göndərdilər. Avtobusda elə onun rolunu əzbərlədim. Həmin kollektivdə gələcək həyat yoldaşım da vardı. O, artıq burada mənə göz qoymuşdu. Mən də o vaxtı deyib-gülən, şən bir qız idim.

- Ailə həyatı qurandan sonra yoldaşınız hansı xüsusiyyətinizi dəyişdi?

- O, özü çox ciddi insan idi, onun üçün də istəyirdi ki, mən də ciddi olum. Amma alınmadı. Çünki bu, artıq mənim formalaşmış xarakterim idi. Elə oldu ki, bizim ailəmiz dağıldı. O, teatrı tərk edib, özünə biznes qurdu. Biz onunla 4-5 il birlikdə yaşadıq. 1989-cu ildə artıq mənim qızım dünyaya gəlmişdi.

- Övladınız çox balaca idi. İkinci ailə həyatını özünüz istəmədiniz, yoxsa qınaqdan qorxurdunuz?

- Mən qızımı çox çətinliklə böyüdürdüm. O vaxtı imkan da yox idi. Çətinliklə də olsa, uşağa baxıcı tutmuşdum. Çünki uşağı evdə tək qoyub teatra gedə bilməzdim. Sözün düzü, o vaxtı məni istəyənlər çox idi, amma yenidən evlənməyə qorxurdum. Ailə quracağım insan mənim qızıma acı bir söz desəydi, mən bunu qəbul etməzdim. Bu cür hallara görə ikinci dəfə ailə qurmadım. İstəmədim ki, qızım ikinci ata tanısın.

- Yenidən bir araya gəlməyə cəhd olundu?

- Ailədəki söz-söhbət problemə çevriləndə birləşmək çətin olur. Birləşsəydik də, ondan daha ailə olmazdı. Biz onunla dost kimi ayrıldıq və qərara gəldik ki, axıra qədər də dost qalaq. Günün bu günündə də biz dostuq. Qızım 12 yaşından atası ilə qalır. Çünki mən bütün günü teatrda olurdum. Uşağı atadan ayırmaq günahdır. Mənim valideynlərim rəhmətə gedəndə yanımda təkcə bacım var idi. Amma biz ayrılanda qızımın nənəsi, babası onun yanında oldu. İstədim ki, qızım nənə-baba tərbiyəsi görsün.

- Axı hər ikiniz də bu sənətin sahibi idiniz, digərlərindən fərqli olaraq sizlər bir-birinizi daha yaxşı başa düşməli idiniz. Ayrılmağınıza səbəb nə oldu?

- O istəyirdi ki, mən də aktrisalıqdan əl çəkim. Deyirdi ki, bu sənətlə sən önə gedə bilməyəcəksən. Mən ona sübut etdim ki, sənətimlə məşhur olacağam. Elə də oldu.

- Sumqayıt Teatrını tərk etməyiniz yoldaşınızdan ayrılmağınız ilə bağlı idi, yoxsa başqa bir səbəb vardı?

- Uşaq artıq böyüyürdü. Mənim üçün Bakıdan Sumqayıta getmək çox çətin idi. Çünki qızımdan nigaran qalırdım. Ona görə də Bakıdakı hansısa teatrda işləməyi qarşıma məqsəd qoydum. Bir dəfə təsadüfən Nadir Xasıyevi gördüm, o, mənə dedi ki, sənin gözəl səsin var, niyə Musiqili Teatra gəlmirsən? Onun məsləhəti ilə teatra getdim. Səsimi yoxlayıb, məni işə götürdülər. 1993-cü ildən bu teatrda çalışıram. Biz bu sənətə pillə ilə gəlmişik, bu sənətin fədaisi olmuşuq. Həmişə xarakterik rollarda çıxış etmişəm, "gerayina" oynamaq mənə bir o qədər də maraqlı gəlməyib.

- İndiki tamaşaçılar "gerayina"-dan çox xarakterik obrazları sevirlər. Həddindən artıq kök, arıq, bəstəboy sənətçilər tamaşaçılara daha da maraqlı gəlir.

- Vücudun özü artıq xarakter deməkdir. Bəzən deyirlər ki, bizim aktrisalar kökdür. Xeyr, mən bu fikirlə razı deyiləm. Leyla Bədirbəyli həmişə kök olub, görün necə rollar yaradıb? Kinoda daxil işləməlidir. Bəlkə də, həyatda deyib-gülürəm deyə həmişə mənə komik rollar verirlər. Amma çox istərdim ki, ciddi xarakterli qadın rollarını oynayım.

- Son zamanlar nədənsə sizi çəkilən serialların heç birində görmürük. Dəvət edirlər getmirsiz, yoxsa başqa bir səbəb var?

- Desəm ki, dəvət etmirlər, yalan olar. İndiki zamanda hər şeyi pul həll edir. Aktyora yaxşı pul verəndən sonra niyə çəkilməsin ki? Aktyor filmə, seriala çəkilmək üçün yaranıb da. Mənim əlavə gəlirim yoxdur. İstəmişəm biznesim olsun, amma alınmayıb

- Niyə digər həmkarlarınız kimi toya, xınayaxdıya getmirsiz?

- Xınayaxdıya gedən həmkarlarıma pis baxmıram, sadəcə mən getmərəm. Məndə biznes alınmaz, çünki 10-a alıb 15-ə sata bilmirəm (gülür). Bəzən görmüşəm ki, eyni geyimdən məndə iki dənədir. Satmaq üçün kiməsə təklif edəndə deyiblər ki, baha satırsan. Qiymətini aşağı salmışam, yenə də deyiblər ki, bahadır. Sonda götürüb hədiyyə vermişəm (gülür).

- Tənhalığa, dörd divara çox qapanıb, fikir edirsiz?

- Bəli, çox olur (Əlindəki balıncı göstərərək). Bu balınc bilirsiz mənim göz yaşlarıma nə qədər şahid olub? Daha çox öz həyatıma ağlayıram (kövrəlir). Tək qalmağıma...

- Sənət dostunuz Nuriyyə Əhmədova da sizinlə qalır. Özünüzü bəs niyə tənha hiss edirsiniz?

- O, yanıma gələndən mən özümü tənha hiss etmirəm. Nuriyyə xanım bir böyük kimi həmişə mənə məsləhət verir. Mən universitetdə oxuyanda o vaxtı "Səhər görüşləri" televiziya verilişində tez-tez çıxış edirdim. Biz onunla ilk dəfə orada tanış olmuşuq. O vaxtı mən onu evimə qonaq gətirmişdim. Bir dəfə də Nuriyyə xanım evimizin yanından keçəndə özü bizə qonaq gəlmişdi. 1980-ci ildən biz birlikdəyik. İndi dostluğa nankor çıxanlar çox olur, amma biz bu yaxınlığı illərdir ki, qoruyub saxlamışıq.

- Teatrda o vaxtı hər rejissorun işlədiyi ayrıca aktyor truppası vardı. Siz hansı rejissorun sevimli aktrisası idiniz?

- Heç birinin (gülür). İstədiyim obrazı mənə vermədikləri üçün həmişə rejissorlarla mübahisə etmişəm. Hamısı da deyirdi ki, səni o rolda görmürük. Siz mənə o rolu verdiniz ki, özümü sınayım? Siz verin, oynaya bilməsəm, alın əlimdən başqasına verin. O vaxtı mən iki ayağımı bir başmağa dirəmədim. Amma bunu edənlər oldu. Elə bir film yox idi ki, mən orada sınaq çəkilişində olmayım. Dəvət edirdilər, sonradan mənim yerimə başqasını çəkirdilər.

- Nə deyib sizi çəkmirdilər?

- Heç nə demirdilər. Kiminsə tanışı zəng edirdi ki, filankəsi çəkin. O vaxtı da bu cür hallar var idi. Mane olanlar çox idi. Halbuki, filmlərdə elə adamlar çəkilirdi ki, heç aktyor deyildilər. Çəkildiyim filmlərdə yalnız epizod rollar oynamışam. Artıq cavanlıq keçib, yaş da öz sözünü deyir. O zamanlar məndə olan enerji indi artıq sönüb. Musiqili Teatrda çox rollarda oynamışam, amma çoxusu ürəyimcə olan obrazlar olmayıb.

- O qədər komik rollardan sonra ciddi rollar oynasaydınız, bəlkə də tamaşaçılar sizi qəbul etməzdi.

- Oynadığım rolların hamısı ayrı-ayrı xarakterlərdir. Biri-birinə oxşamır. O rollarda mən tamam fərqli oluram.

- Nahidə xanım, tamaşaçılar, əsasən, sizi yüngül əxlaqlı qadın rollarından sevib bəyəniblər. Gözəl də alınıb. Amma nədənsə indiki gənc aktrisalar bu tip rollarda oynamağa çəkinirlər.

- Bəli, mən bu cür rollar da oynamışam. Çünki mən aktrisayam. Niyə də oynamayım? Guya bizim indiki həyatda bu tipdə insanlar yoxdurmu? O, ssenaridən aslıdır. Çünki mən ifratçılığı yox, həmin rolun xarakterini göstərmişəm. Burada nə var ki? Məşhur aktyor Məlik Dadaşov "Fəryad" filmində erməni obrazını elə yaratmışdı ki, yolda onu görən bir qadın üzünü cırmışdı. Obrazı yaratmaq lazımdır. Amma onu da deyim ki, hazırda oynadığım rollar mənim yaşıma uyğun deyil. Bəzən rejissora deyirəm ki, bu rolları gənc qızlara ver, qoy onlar oynasınlar. Artıq bu cür rollardan qaçıram.

- Teatrda rol bölgüsünə görə sizlə rəqabət aparanlar varmı?

- Musiqili Teatrda hər kəsin öz rolu var. Burada heç bir rəqabətdən söhbət gedə bilməz. Mən özüm gənc qızlara yalvarıram ki, rollarımı oynasınlar. Amma mənə kimsə öz rolunu təklif etməyib. Həmişə mənə qarşı paxıllıq olub. Cavanlara dəstək olmaq lazımdır. Bugünkü gün əgər mən sevilən aktrisayamsa, çox istərdim ki, universitetdə pedaqoji fəaliyyətlə məşğul olum. Sənətə yeni yiyələnən uşaqlar üçün sənətin sirlərini açmırlar. Bəlkə də bu gün istedadlı tələbələr bizdə ona görə azdır. Mən onlarla, məmnuniyyətlə, bu dərsləri aparardım. Çox istərdim ki, universitetdə tələbələrim olsun.

- Teatrda ən yaxın dostunuz kim olub?

- Mənim Musiqili Teatrda ən yaxın dostum Elçin Həmidov olub. Bugünkü gündə teatrda onun kimi ikinci dost görmürəm. Yuxuma tez-tez gəlir. Biz onunla çox yaxın olmuşuq. Xəstə yatdığımız günlərdə də həmişə bir-birimizin yanında olmuşuq. Bayramda öz yaxınlarımın qəbrinin üstünə getdiyim kimi, Elçinin də qəbrini ziyarət edirəm. Həmçinin də Gülşən Qurbanova, Telman Adıgözəlov, Lütfiyyə Səfərova, Hacıbaba Bağırov, Xanım Qafarovanın. Maraqlıdır ki, bugünkü gündə ətrafımda hamı məni tərk edib gedir (kövrəlir). Görünür, mən onların yerinə də yaşamalıyam.

Əli Rəhimoğlu
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.