Mədəniyyət

Yaşıl eynəkli adamın qohumları - FOTOSESSİYA

8 İyul 2015 00:03
10 Şərh     Baxış: 11 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

yaxud tamaşa haqqında bilmədiklərimiz

Dəyərlərin dəyişməyə başladığı bir zamanda ekranlara çıxan bu tamaşanın müəllifinin məhz mərhum xalq şairi Vaqif Səmədoğlu olmasında, təbii ki, hər təzahürdə olduğu kimi bir qanunauyğunluq var idi. Vəkilovlar ailəsi ilə müəyyən qədər tanışlığı olan şəxs kimi deyə bilərəm ki, Vaqif müəllim yaradıcı insan olaraq bütün özgün məziyyətləri ilə birgə həm də qohumcanlı insan idi. Yəqin anlamayan olmadı ki, "Teletamaşalar" layihəmiz bu dəfə "Yaşıl eynəkli adam" tamaşasına həsr olunub. "Yaşıl eynəkli adam-1" (1987), "Yaşıl eynəkli adam-2" (1999) və "Yaşıl eynəkli adam-3"ün (2002) ssenari müəllifi Vaqif Səmədoğlu, quruluşçu rejissoru Ramiz Həsənoğludu (birinci hissə Tariyel Vəliyevin iştirakilə çəkilib). Birinci hissənin quruluşçu operatoru Eldar Məmmədov, ikinci və üçüncü hissələrin quruluşçu operatoru Adil Abbasov, birinci hissənin rəssamı Rəfael Əsədov, ikinci hissənin rəssamı Rəfael Əlizadə, üçüncü hissənin rəsssamı Oqtay Quliyevdi. Teletamaşanın bəstəkarı Cavanşir Quliyevdi. Tamaşada Səyavuş Aslan, Yaşar Nuri, Cahangir Novruzov, Telman Adıgözəlov, Sənubər İsgəndərli, Ələkbər Hüseynov, Nuriyyə Əhmədova, Sədaqət Dadaşova və s. kimi gözəl aktyorlar çəkiliblər. Teletamaşanın çəkilişləri Azərbaycan Televiziyasının pavilyonundan başqa İçərişəhərdə, Keşlə qəsəbəsində də aparılıb.

Tamaşada yaddaqalan obrazlar oynamış həmsöhbətlərimiz xalq artistləri, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızının, Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılovun və S.Vurğun adına Rus Dram Teatrının aktyoru Məbud Məhərrəmovun tamaşa ilə bağlı danışdıqlarını həm öz dillərindən, həm də üçüncü şəxsin adından diqqətinizə çatdırırıq.

Afaq Bəşirqızı:

"O tapıntı mərhum prezidentimiz Heydər Əliyevin çox xoşuna gəlmişdi"

"Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam"ı mənim üçün yazmışdı. O, sadəcə, şair və ya dramaturq deyildi. Əsl filosof və çox mütərəqqi şəxsiyyət idi. Özü də bu tamaşa ilə "Bəxt üzüyü"nü çox sevirdi. (Yəqin elə buna görə hər ikisində epizodik rollarda çəkilib - haqqında danışdığımız teletamaşada televiziya işçisi və fotoqraf, "Bəxt üzüyü" filmində isə susatan rollarında -red.) Tamaşanı hazırlamaq vaxtı çatanda Ramiz (Ramiz Həsənoğlu - red.) öz versiyasını elədi. Məsələ burasındadır ki, Ramiz gülüşə çox ciddi yanaşan rejissordu. Məşqlərə başlayanda mən roluma öz yozumumu verdim. Ramizin tələbkarlığı da var, yerində olan improvizələrə imkan yaratmağı da. Mənim, yəni Zəhranın tamaşada bir cümləsi var, deyirəm ki, gəl, mənim partiyama üzv ol, hakimiyyətə gələn kimi sənə generalissimus rütbəsi verərəm. O cümlədə "generalissimus" sözünü fərqli, qəribə şəkildə tələffüz etmişdim. Bu, mənim tapıntılarımdan biri idi. O tapıntı mərhum prezidentimiz Heydər Əliyevin çox xoşuna gəlmişdi, telestudiyaya zəng edib xahiş etmişdi ki, tamaşanı təkrar efirə versinlər.

"Yaşarla mən Qurbanın başına bir oyunlar açırdıq!.."

Biz sonralar bildik ki, kompüterlə fala baxmaq üsulu, doğrudan da, var imiş - Moskvada falçılar bu üsuldan istifadə edirmişlər. O illərdə proqramlaşdırma mütəxəssisləri o qədər də çox deyildilər. Amma tamaşa üçün bu məsələ ustalıqla yoluna qoyuldu. Ümumiyyətlə, o dövrün teletamaşaları zərgər dəqiqliyi ilə işlənmiş yaradıcılıq işləri idi. Rejissor versiyası ilə aktyor yanaşmasından "yoğrulurdu". İndiyə qədər tamaşaçı korluğu çəkməmələrinin səbəbi də budur. Orda birincilik uğrunda gülünc mübahisələr, yarışmalar olmurdu. Hamımız çalışırdıq ki, ortalığa yaxşı tamaşa, yaxşı film çıxaraq. Ona görə bu tamaşanın davamını çəkmək ideyası yarananda çox sevindik. Təəssüf ki, rəhmətlik Telmanın (mərhum aktyor Telman Adıgözəlov) nədənsə incikliyi olduğu üçün çəkilmədi. Onun yerinə Qurban Məsimov çəkildi. Biz də, təbii ki, Qurbana qarşı olduğumuzdan yox, sadəcə Telmanın çəkilməməyindən dilxorçuluğumuzun heyfini çıxırdıq - Yaşarla mən Qurbanın başına bir oyunlar açırdıq - çimdikləyirdik, "padnojka" verirdik... O da narazılıq edəndə deyirdik ki, sənə etmirik ki, obraza edirik".

Hacı İsmayılov:

"...daha da qohumcanlı oldum"

"Ramiz Həsənoğlu ilə bir-birimizi "Ordan-burdan" tamaşasından tanıyırdıq. Ona görə "Yaşıl eynəkli adam" tamaşasında Qafar roluna dəvət olunanda çox sevindim ki, belə bir rejissorla daha bir işbirliyinə başlayıram. Sevincimin digər bir tərəfi Vaqif Səmədoğlunun adı ilə bağlı idi. Onun müstəsna qələmə malik şair və dramaturq olması bəlli faktdı. Mən də bu faktla teatrımızda rəhmətlik Hüseynağa Atakişiyevin quruluşunda "Yayda qartopu oyunu" tamaşası qoyulanda təmasda olmuşdum - o tamaşada doktor Həsənov rolunda çıxış etmişdim. Vaqif Səmədoğlu ilə ünsiyyət son dərəcə xoş idi. Gözəl yumor hissi olan, mehriban bir adam idi. Bilirsiniz ki, o, heç vaxt fotoaparatından ayrılmazdı. Çəkilişlərdə də çoxlu şəkillər çəkib.

Qafar xasiyyətcə mənim özümə yaxın bir obrazdı. Onu da deyim ki, hər bir rol aktyorun özünə də təsir edir - bu rolu oynayandan sonra daha da qohumcanlı, daha da ünsiyyətcil oldum. Tamaşa hər dəfə göstəriləndə isə məmnumiyyətlə, böyük həvəslə baxıram.

Qapını Abbas Mirzə Şərifzadənin birinci xanımı açıb

Bu və ya digər tamaşa, yaxud film nəinki aktyorlara, həmin zaman kəsiyinin ab-havasına da təsir edir - "Yaşıl eynəkli adam" pyesinin insanları birləşdirmək, mehribanlaşdırmaq, qırılmış ünsiyyətləri bərpa etmək missiyasının təsiri H.İsmayılovun növbəti xatirəsində:

"Çəkilişlərin natura hissəsi İçərişəhərdə aparılıb. Qafarın Qəribin evinə gəlməsi epizodu çəkiləndə çox maraqlı bir hadisə baş vermişdi. Həmin ev Qoşa Qala qapısından İçərişəhərə daxil olanda dar bir küçənin qurtaracağında idi. Mənə dedilər ki, pilləkənlə yuxarı qalxıb sonra daha bir pilləkən çıxıb qapını döyməliyəm. Özü də biz elə bilirdik ki, mənzilə o qədər də oxşamayan bu məkanda heç kim yaşamır. Çünki məşq vaxtı iki dəfə qapını döymüşdüm, açan olmamışdı. Amma çəkiliş başlayanda pilləkənlə qalxıb qapıya çatdım, döydüm, yaşlı bir qadın açdı, məni görən kimi dedi ki, tanıdım sizi, xoş gördük, xoş gəlmisiz, buyurun içəri. Məlum oldu ki, bu qadın Abbas Mirzə Şərifzadənin birinci xanımı olub. Bu, bütün çəkiliş qrupu üçün çox gözlənilməz və heyrətləndirici hadisə idi. Belə təsadüf heç kimin ağlına belə gəlməzdi".

Qohumları Qafar yox, Hacı İsmayılov diksindirib

"70-ci illərin sonu, 80-ci illərin əvvəllərində kinostudiyada qapalı kinoseanslar təşkil olunurdu. O seanslarda kapitalist ölkələrinin müxtəlif janr və mövzularda çəkilmiş filmlərinə baxmaq imkanımız olurdu. O vaxt orada bir filmə baxmışdım, Hiçkokun filmləri sayaq bir ekran işi idi. Bizim tamaşanın ssenarisinə görə Qafar əjdaha başlarını, sadəcə, qutudan çıxarmalıydı. Mən o filmin təəssüratını unutmadığım üçün təklif etdim ki, hər dəfə qutunun qapağını açanda əjdaha başı purjində olduğu kimi sıçrasa, daha effektli təsir alınar. Beləliklə, əjdaha başını rezinlə birtəhər qutunun içinə elə bərkitdilər ki, qapağı açanda qəfil sıçrayıb görünürdü. Tərəf-müqabillərim həmin epizodlarda, həqiqətən, diksinirdilər. Bundan başqa da improvizələr, əlavələr çox olub. Afaq xanımın improvizəsində "...açardan da xaş iyi gələr?" ifadəsi olan epizoddakı açar isə evimin açarları idi.

Məbud Məhərrəmov: "Ramiz Həsənoğlu filmlər, tamaşalar çəkməkdə davam etməlidi"

"O vaxta qədər Ramiz Həsənoğlu ilə şəxsi tanışlığım yox idi. 84-cü ildə estrada müsabiqəsi keçirilirdi. Mən də o müsabiqənin danışıq janrında iştirak edib laureat oldum. Ramiz Həsənoğlu da indiki Heydər Əliyev Sarayında keçirilən yekun konsertinə tamaşaçı kimi gəlmişdi. Və elə orda mənə dedi ki, səni bu rola seçdim. Tamaşanın çəkilişləri isə, dəqiq yadımda deyil, ya 85-də, ya da 86-da başladı və ekranlara da 87-ci il - Əjdaha ilinin - qarşılandığı gün - dekabrın 31-i çıxdı".

Ramiz Həsənoğlu istəyirmiş ki, əsərdə olduğu kimi tamaşada da qohum-əqrəbanın hamısı pəltək olsun. Amma məşqlərdə qərara gəlib ki, bir ailədə bu qədər pəltək insanın olmağı lap qəribə görünər, ona görə yalnız Yaşar Nuri (Kazım) ilə Məbud Məhərrəmovun obrazlarının pəltəkliyini saxlayıb.

"Beləliklə, mən bu tamaşanın iştirakçısı oldum. Tərəf müqabillərimin hamısı maraqlı, güclü aktyorlar idilər, hamısı ilə də yaxşı münasibətlərim var idi. Rəhmətlik Telman Adıgözəlovla, demək olar ki, dost idik. Allaha şükür ki, Cahangirlə dostluğumuz davam edir. (gülərək) Hətta Cahangirlə tələbə vaxtı bir zarafatımız da var idi - bir-birimizə bənzərliyimiz olduğundan hansımız evə gec getsəydik, deyirdik ki, bu gecə yenə evə gec gəlmişdin, mama nigaran qalmışdı. Bu zarafatı indi də hərdən təkrar edirik. "Yaşıl eynəkli adam" tamaşası isə başdan-ayağa zarafatla zəngindi. O vaxtdan da mən Ramiz Həsənoğlunun aktyorlarından birinə çevrildim, həmişə filmlərində, tamaşalarında mütləq mənə rol ayırır. Biz bir-birimizi çox yaxşı başa düşürük. O, indi gözəl yaradıcılıq formasındadı. Amma təəssüf ki, ideyalarını ərsəyə gətirməyə meydanı yoxdu. Halbuki, onun çəkdikləri "Qızıl fond"dadı. "Qızıl fond"a isə bir neçə nəsil insanın estetik zövqünü cilalayan filmlər, tamaşalar salınır. Buna isə indi daha güclü tələbat var. Ona görə Ramiz Həsənoğlu tamaşalar, filmlər çəkməkdə davam etməlidi. Belə rejissorlar hər an fəaliyyətdə olmalıdırlar. Mən bilirəm ki, cəmiyyətimizin istənilən kontingentinə məxsus şəxsi bu fikirdədi".

Banionisin filmi və "palatka" toyunun rəqsi

Qərib Teftonski obrazı və "Yaşıl eynəkli adam" tamaşası Məbud Məhərrəmovun teledebütü yox, məhz televiziya tamaşasında debütü olub. Aktyor bu tamaşaya qədər bir çox verilişlərdə iştirak edib və hətta Şən poçtalyon obrazında Azərbaycan Televiziyasının rus redaksiyasında "Qış poçtu" adlı verilişin aparıcısı olub. Tamaşanın ilk çəkilən epizodu Qafarın (Hacı İsmayılov) Qəribin yanına gəldiyi epizod idi. Qərib Teftonski obrazı o qədər də böyük rol olmasa da, ifaçısına böyük populyarlıq gətirib.

"Tamaşa efirə gedən günün ertəsi anam məni çörək almağa göndərdi. Yolboyu bir neçə nəfərin məni görəndə "tabutik" dediyini eşitdim. Əvvəl başa düşmədim və acığıma gəldi. Bəziləri "Qərib müəllim", "Qarik" də deyirdilər. Indiyə qədər də məni bu adla tanıyan tamaşaçılar az deyil. Belə hesab etmək olar ki, "Yaşıl eynəkli adam" teletamaşası məni məşhurlaşdırdı. Rola özümdən əlavələrim, təkliflərim də az olmamışdı.

Bəzi müəlliflər onların yazdıqlarını dəyişəndə çox etiraz edirlər, qətiyyən razılaşmırlar, ya da dəyişiklik olanda "qanları qaralır". Amma Vaqif müəllim belə deyildi. Heç də bütün dəyişikliklərə etiraz eləmirdi. Mən onunla məsləhətləşirdim. Təklif elədiyim dəyişikliklərin, əlavələrin bəziləri ilə razılaşmırdı, bəzilərinə isə gülümsəyərək razılıq verirdi. Özü də imkan olduqca məşqlərdə də, çəkilişlərdə də iştirak eləməyə çalışırdı.

Onun razılıq verdiyi dəyişikliklərə isə, məsələn, tamaşada oxuduğum rus mahnısına Şərq mahnılarının nəqarətinə uyğun olaraq "ay balam" kəlməsini daxil etməyimi misal çəkə bilərəm. Bundan başqa, Hacı İsmayılovla mənim dialoqumda o, soruşur ki, "а кто умер, кто на рехмет пошел?", mən də cavab verirəm ki, "никто не умер и никто не хотел умирать". Banionisin iştirakilə bir film var idi - "Никто не хотел умирать", o ifadəni bu dialoqa daxil etmişdim.

Мənim tamaşadakı rəqsimi görəndən sonra isə hamı soruşurdu ki, o rəqs hardan əmələ gəlib? Mən bir "palatka" toyunda olmuşdum. Bakı kəndlərinin birində qohumlardan bir nəfərin toy məclisi idi. Orda bir nəfərin bu cür qəribə, məzəli şəkildə rəqs elədiyini görmüşdüm. O tərzdə oynamağı ondan götürmüşdüm və Hacıbəy Teftonskinin nəvəsi, Saratovda rəssamlıq təhsili alıb gəlmiş, xeyli dərəcədə ruslaşmış Qərib Teftonskiyə yaraşdırıb tətbiq elədim".

Tamaşada müsahibimizin tərəf-müqabillərinin də əlavələri, improvizələri olub. Məbud müəllim deyir ki, ayrı-ayrı çəkildiklərindən onların bəzilərini artıq tamaşaya baxanda görüb və ləzzətlə gülüb. Məsələn, Yaşar Nuri sazda çalanda Səyavuş Aslanın xurma yemək istəməsinə onun mane olması, Qəribin qohumlar arasında azəricə gedən söhbəti Cahangir Novruzovun ona tərcümə etməsi uğurlu aktyor tapıntılarıdı.

Birinci hissə, əsasən, studiyada çəkilib. İkinci hissədə Qəribin emalatxanası kimi gördüyümüz məkan İçərişəhərdə bir rəssamın emalatxanasıdı. Restoran gerçək restorandı. Aeroport səhnəsi isə "Qarabağ" studiyasında çəkilib.

Lentə düşən, amma tamaşaçıların eşitmədiyi gülüş

"Ramiz müəllimin daha bir yaxşı cəhəti var ki, çəkilişdən əvvəl hər bir aktyorla ayrı-ayrılıqda rol barəsində söhbət aparır, mütləq məşq edir, məşq isə çox vacib prosesdi, o prosesdə mütləq yeni çalarlar yaranır.

Çəkilişlər zamanı baş verən və kadr arxasında qalan məqamlara aid bir də onu deyə bilərəm ki, Ramiz müəllim mənim səhnələrimdə gülürdü. Konkret olaraq, Qəribin "yetim" sözünün tərcüməsini lüğətdə tapandan sonra Qafarın arxasınca "oçen stlannıy tip" dediyi anda Ramiz müəllim gülüb və bu gülüş lentə düşüb, amma xəfif olduğu üçün onu yalnız özümüz eşitmişik, tamaşaçı bunu eşidə bilməz. Quruluşçu operator Eldar Məmmədov isə bəzi səhnələrin çəkilişində zarafatla deyirdi ki, bəsdirin, güldürürsüz, kamera əlimdə əsir.

Bu tamaşanın kollektivindən bir neçə dəyərli insanın - Vaqif Səmədoğlu, tərəf-müqabillərim, dostlarım Səyavuş Aslanın, Yaşar Nurinin, Ələkbər Hüseynovun, Telman Adıgözəlovun, - dünyalarını dəyişməsi məni çox kədərləndirir. Hər dəfə tamaşaya baxanda çəkiliş anlarımızı xatırlayıram. Bu xatirələrdə xoş duyğular da çoxdu, nisgil də. Allah onlara qəni-qəni rəhmət eləsin. Qalanlara Allah can sağlığı versin".

Samirə Behbudqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.