- Səidə xanım, "Aramızda qalsın" serialından sonra sizi yeni ekran işində görmədik. Ümumiyyətlə, bu gün seriallarda görünməməyinizin əsas səbəbi nədir?
- Siz bilirsiniz ki, seriallar aktyorların həyatında çox önəmli yer tutur. Həm maddi, həm də inkişaf nöqteyi-nəzərdən. Aktyor daim işdə-gücdə olmalıdır, bunun üçün də ən böyük məktəb seriallardır. Çox təəssüflər olsun ki, bu gün çəkilən serialların 90 faizi biz aktyorları qane etmir. Niyə? Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm. Seriallara mütləq aktyorlar çəkilməlidirlər. Seriallarda aktyorlar çəkilmirlər və onun üçün də ekran işləri bu gün gündəmdə deyil. Bir də görürsən ki, modelləri, tanışını, küçədən keçən insanları çəkirlər seriallara. Mən demirəm ki, bunların içində istedadlısı yoxdur. Var. Amma iki model çəkəndə heç olmasa onların yanında tanınmış sənətkarlar da olsun. Şəxsən mən özüm hansı serialda tanınmış aktyor görürəmsə, həmin seriala baxıram. Serial bir növ artıq bizim evimizə daxil olub.
Mən bu gün "Bir ailəm var" serialını böyük məmnuniyyətlə izləyirəm. Ona görə yox ki, rəfiqəm Həmidə Ömərova orada çəkilir. Ona görə ki, bu serialda çəkilən aktyorların çoxu teatrda işləyir və öz işlərinin peşəkarıdır. Elə seriallar var ki, mən onları "cərimə batalyonu" adlandırıram. Bəzən bizi seriala çağırmırlar ki, biz onlardan böyük qonorar istəyirik. Bu da təbii bir şeydir. Əgər mən seriala çəkilirəmsə, bunun müqabilində mən onlardan məni qane edən qonorar tələb etməliyəm. İndiki aktyorların çoxunda nitq problemi də var. Səs tembrləri qane etmir.
- Sonuncu dəfə nə vaxt seriala dəvət almısınız?
- "Aramızda qalsın" serialından sonra bir seriala dəvət aldım və məni ssenari qane etmədiyinə görə bundan imtina etdim.
- Hansı serialları izləyirsiniz?
- Bu gün tamaşaçıların əksəriyyəti türk seriallarına böyük həvəslə baxır. Mən özüm də "Möhtəşəm yüz il" serialına baxarkən çox zövq alıram. Bu serialdan çox şeylər öyrənmişəm. İndi fikirləşirsiniz ki, axı bu seriala çoxlu miqdarda pul xərclənib. İnandırım sizi, səriştəsiz insana milyon da versələr, o, ortalığa heç nə çıxara bilməyəcək. Serial çəkməyi bacarıqsız insanlara tapşırmağın əleyhinəyəm. İstər rejissoru olsun, istərsə də aktyoru. Mən bugünkü seriallardan çox narazıyam.
- Bəzən də görürsünüz ki, xaricdən hər hansı seriala tanınmış aktrisa dəvət edirlər və ona istədiyi yüksək məbləği verirlər...
- İnanın, onların oyun tərzi bizim aktyorların oyun tərzindən qat-qat zəifdir. Aldıqları məbləğ isə yüksəkdir. Amma məni Türkiyəyə dəvət etsələr, çox az məbləğ verəcəklər. Niyə görə? Mən bu sualı həmin təşkilatçılara verirəm. Yəni bizim sənətimiz o dərəcədə zəifdir? Mən Vaqif Mustafayevin çəkdiyi filmlərdə xaricdən olan çəkiliş qrupu ilə çəkilmişəm, onlar bizim oyun tərzimizə valeh olublar. Əgər bizdə bu varsa, niyə bunu inkişaf etdirmirik?
- Gənc nəslə tövsiyəniz nədir?
- İstərdim ki, incəsənətə bu sənəti sevən kəs gəlsin. Bilirsiniz ki, sənətimizdə maddiyyat çox aşağı səviyyədədir. Onun üçün bu sənətin fanatı olmaq lazımdır. Bizim gənclərin içərisində çox istedadlıları var.
- Kimlərin adını çəkə bilərsiniz?
- İstedadlı gənclərdən Şəhla Əliqızı, Şəlalə Quliyeva, Məsmə Aslanqızı, Anar Heybətovun adını çəkə bilərəm. Onlar artıq özlərini bu sahədə sübut ediblər.
- Səidə xanımın ən böyük arzusu nədir?
- Mən ilk öncə hamıya can sağlığı arzu edirəm. İstərdim ki, kənddən Bakıya gələn insanlar öz kənd təsərrüfatları ilə məşğul olsunlar, aktyorluq etməsinlər. Elə işlə məşğul olsunlar ki, o işdən daha çox fayda əldə etmək olar, nəinki gəlib səssiz müğənni olub xalqın qəzəbinə səbəb olsunlar. Ailəm ilə bağlı ən böyük arzum isə övladımın xoşbəxt olması, mənim isə nənə olmaq istəyimdir. Oğlumu evləndirsəm, nəvə görsəm, dünyanın ən xoşbəxt insanı olaram. Allah bütün insanların bu arzusunu yerinə yetirsin, içində mən də olmaq şərtilə.
Əli Rəhimoğlu
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





























