Mədəniyyət

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

30 Dekabr 2010 09:41
Baxış: 27 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Emin Sabitoğlu deyəndə ağla gələn ilk assosiasiya belədir: "Parlaq melodiyalar dəryası". Onun hər bir mahnısı bir lövhə, bitkin tablo idi. Təəssüf ki, parlaq melodiyalardan solmaz təsvirlər yaradan bu bəstəkar palitrasındakı çalarlar tükənməmiş bu dünyanı tərk etdi. Amma hər halda biz xoşbəxt insanlarıq ki, onun müasiri olmuşuq, mahnı janrının şedevrlərinin yarandığı zamanın içində yaşamışıq.

Milli.Az xəbər portalının bu dəfəki müsahibi Emin Sabitoğlunun qızı Ceyran Mahmudovadı. C.Mahmudova Bakı Musiqi Akademiyasının professorudur, 20 ildir bu təhsil ocağında xalq musiqisi tarixi və nəzəriyyəsindən dərs deyir. Bundan savayı, Dövlət Televiziyasının "Musiqi xəzinəsi" verilişinin müəlliflərindən biridi.


- Ceyran xanım, Emin Sabitoğlunun qızı olmağınız həyatda, işdə sizə hansısa üstünlüklər qazandırıbmı?

- Emin Sabitoğlunu peşəsindən, yaşından asılı olmayaraq sevənlərin sayı çoxdu. Buna görə də bu, birinci növbədə çox böyük məsuliyyətdi. Gərək hər bir şəraitdə o ada və hətta adlara, babam Sabit Rəhmanın da adına layiq olum. Və təbii ki, belə böyük məhəbbət qazanmış insanın adı yaxınlarına yalnız kömək edə bilər.

- Ailədə neçə uşaq olmusunuz? Sabitoğlunun ailəsində uşaqlığınız necə keçib?

- Mən tək övladam. Mənim tərbiyəmlə, təhsilimlə daha çox anam Cəmilə xanım məşğul olub. Atam gur yaradıcılıq həyatı yaşadığı üçün bu işə bilavasitə vaxt ayıra bilmirdi. Dediyim kimi mənim şəxsiyyətimin formalaşmağında atamın rolu bir qədər başqa xarakter daşıyırdı. O, öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti, davranışı və həyata baxışı ilə məni tərbiyə edib.

- Atanız xatirənizdə necə qalıb?

- Atam çox istedadlı insan idi. Moskva Konservatoriyasına imtahan verərkən onun simfoniyası "əla" qiymətləndirilmişdi. Ötən əsrin altmışıncı illərində isə Moskvada "əla" qiymət almaq hər adamın işi deyildi. Sonralar mahnı janrına daha çox vaxt ayırdı. Amma bu, indiki mahnı anlamından çox fərqli bir fəaliyyət idi. Atamın musiqi müəllifi olduğu elə təkcə tammetrajlı bədii filmlərin sayı 22-dir. 40-a yaxın müxtəlif xronometrajlı tele və kino filmlərində də onun musiqisi səslənir. 9 musiqili komediyası var. Bütün bunlar birmənalı şəkildə orkestr ifası üçün yazılırdı. Mahnı janrına yüngül janr kimi baxmaq düzgün deyil. Bəli, musiqi duyumu, ruhu olan hər kəs gözəl mahnı müəllifi ola bilər, amma mükəmməl səviyyədə yalnız bir, ya da iki orijinal mahnı yarada bilər. Onlarla orijinal mahnı müəllifi olmaq üçün peşəkar təhsil əsas şərtdi. Atamın sayəsində mən lap kiçik yaşlarımdan ən gözəl musiqi sədalarını dinləmişəm. Xüsusən Üzeyir bəyin musiqisi evimizdən əskik olmurdu. Onun çevrəsi də çox maraqlı insanlardan ibarət idi. Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə. Ataların dostluğu övladlarına keçmişdi. Özü də onlar ədəbiyyat adamı, atam isə musiqiçi olduğu üçün söhbətləri lap yaxşı tuturdu. Evimizdə daim yeni bədii əsərin müzakirəsi olurdu. Evdə babam Sabit Rəhmandan qalan çox zəngin kitabxanamız var idi. Atam isə bu kitabxananı daim zənginləşdirirdi. Şairlər də öz kitablarını tez-tez atama bağışlayırdılar ki, bəlkə hansısa mahnısını bəstələyəndə onun diqqətini cəlb eləyə.
Emin Sabitoğlu nadir bəstəkarlardandı ki, onun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Atam sanki bütünlüklə melodiyadan ibarət idi. Mahnılarını çox rahat bəstələyirdi. Vəzifəpərəst, intriqalara meylli insan olmadığı üçün fikri yalnız musiqi ilə məşğul idi. Əlinin altında nə olsaydı, notları onun üstünə qeyd edirdi. Hər dəfə də mahnı hazır olandan sonra bizim üçün çalırdı. Deyirdi, qulaq asın görün, hansısa başqa mahnıya oxşamır ki? Bu, onun üçün prinsipial məsələ idi - heç kimə bənzəməmək.

"İstanbul Universitetində onun adı olan lövhəni saxlayıblar"


- Hansı müğənnilər üçün mahnılar bəstələyib?

- Atam həmişə ən yaxşı müğənnilərlə işləyib. Məsələn, "Dərələr", "A  çiçək" mahnılarını Şövkət xanm Ələkbərovanın, "Dağları duman alanda", "İnsaf da yaxşı şeydi" mahnılarını Zeynəb xanım Xanlarovanın, "Mavidir" mahnısını Elmira xanım Rəhimovanın, "Kəpənək" mahnısını Mirzə Babayevin səsinə, ifa tərzinə uyğun olaraq bəstələmişdi. Mirzə Babayev, ümumiyyətlə, onun mahnılarını ən çox oxuyan müğənni idi. Bundan başqa Flora xanım Kərimova, Hüseynağa Hadıyev, Akif İslamzadə, Xədicə Abbasova ilə də gözəl mahnılar yazdırmışdı.
Yeri düşmüşkən, mən sizin portalınız vasitəsilə bir məsələyə münasibət bildirmək istəyirəm. Tez-ez eşidirəm ki, hansısa müğənni vaxtilə oxuduğu mahnının başqa müğənni tərəfindən ifa olunmasına etiraz edir. Bu, qətiyyən düzgün mövqe deyil. Mahnının müəllifləri yalnız şairlə bəstəkardı. Onlar həyatda deyillərsə, vərəsəlik hüququ övladlarına keçir. Telekanallarda, xüsusən Az.TV-də bu məsələ yoluna qoyulub. Amma radiostansiyalara qulaq asanda məlumatsız adam heç nə başa düşməz. Çünki elanlar bu şəkildə gedir: "İndi isə Rəşid Behbudovun filan mahnısı səslənəcək", ya da "Şövkət Ələkbərovanın filan mahnısını dinlədiniz". Bir dənə "ifasında" sözünü işlətməməklə görün, necə qəribə mənzərə yaranır. Sanki o mahnıları həmin müğənnilər bəstələyiblər, ya da mətnini yazıblar. Doğrudur, mahnını tanıdan müğənnidi, ifaçıdı. Çunki tamaşaçı onu ğörür. Amma bu, o demək deyil ki, musiqi əsərinin müəllifləri unudulmalıdırlar.

- Gənc müğənnilərdən sizə məsləhət üçün müraciət edənlər varmı?

- Bəziləri məsləhətləşir. Amma bu yaxınlarda bir müğənni "Bir axşam taksidən" mahnısını tamamilə çox tələsə-tələsə oxudu. Mahnının gözəlliyini xeyli azaltmışdı.

- Emin müəllim sakit və qapalı adam təsiri bağışlayırdı.                    

- Elədi. Amma sakit və qapalı olduğu qədər də qayğıkeş insan idi. Ömrünün son altı ilini Türkiyədə yaşayıb. O illərdə hər bazar günü Bakıya, bizə zəng edib dolanışığımız, mənim, anamın, nənəmin səhhəti ilə maraqlanırdı. Hətta onun vəfatından sonra da uzun müddət hər bazar günü atamın Türkiyədən zəng edəcəyini gözləyirdim.

- Türkiyədəki fəaliyyətini necə qurmuşdu?

- İstanbulun Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında dərs deyirdi. Ordakı kabinetinin qapısındakı lövhə bugünədək qalır. Bir neçə dəfə atamın xatirəsinə həsr olunmuş tədbir də keçiriblər. Ona qədər isə Bakı Musiqi Akademiyasında dərs deyirdi.

- Burdakı lövhə də qalıb?

- Yox. Buranın müəllimləri arasında belə dəyərli musiqiçilər çox olub. Onda gərək hər kabinetin qapısına bir neçə lövhə vursunlar.


"Bütün insanların həyatında belə hadisələr baş verir"


- Ceyran xanım, atanızın şəxsi həyatında elə bir yeniliyin baş verməsini - Xədicə Abbasova ilə aralarında yaşanan məhəbbət və onunla ailə qurmasını - necə qarşıladınız?

- Təbii ki, yaxşı qarşılaya bilməzdik. Bu, anamla atamın arasındakı münasibətlərinin bir mərhələsi idi. Mən bu barədə geniş danışmaq istəmirəm. Atam da sağ olanda müsahibələrində, görüşlərində deyirdi ki, şəxsi həyatımla bağlı sual verməyin.

- Atanızla ananız harda tanış olublar?

- Onlar Bülbül adına məktəbdə bir sinifdə oxuyublar.

- Yaradıcı insanın şəxsi həyatında yeniliyin baş verməsi o qədər də qəribə qəbul olunmur. Sadəcə, bizim cəmiyyət hələ belə qavrayışa hazır deyil...

- Məsələ ondadı ki, yaradıcı adamlar diqqət mərkəzində olduqları üçün onların şəxsi həyatında baş verən hər bir dəyişiklik dərhal aşkar olur. Bütün insanların həyatında belə hadisələr baş verir. Bəziləri yeni münasibətlərini rəsmiləşdirir, bəziləri yox. Həm də zaman keçdikcə müəyyən məsələlərə cəmiyyətin münasibəti dəyişir. Hər konkret haldan nəticə çıxarmaq lazımdı.

- Sizin də münasibətiniz dəyişib?

- Əgər söhbət atamla Xədicə Abbasovadan gedirsə, atam həyatda olmadığı üçün bu barədə heç bir fikir yürüdə bilmərəm. İndi mənim üçün əsas itki atamın yoxluğudu. Bu yoxluğu heç nə doldura bilmədiyi kimi onun ikinci dəfə ailə qurmasının da doğurduğu təəssürat heç bir vəchlə bu nisgili azalda bilməz.

- Bildiyimə görə, siz bu məsələyə kifayət qədər anlamlı yanaşmışdınız...

- Sadəcə, Xədicə Abbasova atamın ikinci həyat yoldaşı olduğu üçün onunla "salam - sağ ol"la məhdudlaşan münasibətim var, vəsalam. Amma biz heç vaxt rəfiqə olmamışıq.

- Atanızla aranızda olan və indi tez-tez xatırladığınız söhbət varmı?

- Vəfatından bir az əvvəl mənə dedi ki, mənim də haqqımda kitab yaz. Mən də dedim ki, yazaram. Amma yaxın insan haqqında kitab yazmağın öz çətinlikləri var. İndi artıq özümü belə bir kitab yazmağa hazır bilirəm. Yaxın vaxtlarda atamın istəyini gerçəkləşdirəcəm.

Samirə Behbudqızı
Milli.Az  





































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.