Mədəniyyət

Azərbaycanlı aktyor: "Evim olmasa, evlənməyəcəyəm"

13 Oktyabr 2014 02:00
1 Şərh     Baxış: 2 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktyoru Sərdar Rüstəmovun Milli.Az-a müsahibəsi

- Sərdar bəy, bir müddət teatrdan uzaq düşmüşdünüz və yenidən bərpa olunmusunuz. Qayıdışınız necə baş verdi?
 

- Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu ilin fevral ayından məni yenidən işimə bərpa edəcəkdi. Nadir Diridağlının "Tək olanda qorxma" serialının çəkilişləri ilə əlaqədar fevral və mart aylarını İsmayıllı rayonunda oldum. Həmin serialda Lyonya rolunu oynadım. Buna görə mənim işə qəbul olunmaq məsələm bir qədər ləngidi. Bakıya qayıdandan sonra İsrafil müəllimə yaxınlaşdım. Dedi ki, mən səni fevralda heyətə götürəcəkdim, sadəcə Bakıda deyildin. Sağ olsun, məni sentyabrın 15-dən öz işimə bərpa etdi.
 

- Neçə il teatrdan uzaq qaldınız?
 

- 2012, 2013-cü illəri teatrdan uzaq qaldım, demək olar ki.
 

- Bu il də artıq başa çatmaq üzrədir. Deməli, üç il sevimli peşənizdən uzaqlaşmışdınız. Bəs bu üç il ərzində teatrdan uzaq qalmaqla nələri itirdiniz?
 

- Yəqin ki, teatrdan uzaq qalmaqla xeyli rollar itirdim. Məncə, daha çox oynaya bilərdim. "Napoleon" tamaşasındakı rolumu, "Qarabağnamə"də Əbülfət xan, "Əlibaba və qırx quldur"da isə Əlibabanın qardaşı Qasımı və Mustafanı oynadım bu üç ildə. Yəni həmin müddətdə oynadıqlarım ancaq bu rollar oldu. Hamısı çox maraqlı xarakterlərdi.
 

- Üç ildə bu qədər az tamaşada oynamaq sizə ağır deyildi ki?
 

- Bəli, ağır idi.
 

- İçinizdə bir peşmanlıq hissi var?

- Təbii ki, daxilimdə peşmanlıq hissi var. Görünür, cavanlıq eləmişəm. Necə deyərlər, cavanlıq öz sözünü deyib. İnsan müəyyən məqamlarda nələrləsə razılaşmır, daha emosional olur.
 

- Aktyorların sizə qarşı mövqeyində dəyişiklik hiss edirsiniz?
 

- Onların mənə münasibətində mənfiyə doğru heç bir dəyişiklik hiss etmirəm. Çünki doğma həmkarlarımdır. İnsan hansısa ailədə doğulur. Orada müəyyən söz-söhbət olsa da, ailə heç vaxt ondan imtina etmir. Çünki bir yerdə böyüyüblər, çörək kəsiblər və ən əsası - ailədirlər. Dediklərimi Akademik Milli Dram Teatrına da aid edirəm. İlk dəfə bu teatrın səhnəsində oynamışam, aktyor kimi baxmağı, yeriməyi, danışmağı öyrənmişəm. Ona görə bu teatrın aktyorları da mənə doğmadırlar.
 

- Teatrdan uzaqlaşdığınız müddətdə sizinlə əlaqələri kəsən həmkarlarınız olmuşdu?
 

- Əlaqələri kəsənlər, çox güman ki, əvvəldən mənə qarşı yaxşı mövqedə olmayıblar. Amma doğrusu, elə birini xatırlaya bilmədim. İşləmədiyim müddətdə mənimlə əlaqə saxlayanlar da var idi, sağ olsunlar. İşləməsəm də, teatra gəlib-gedirdim. Həm də xidməti müqavilə ilə "Napoleon" tamaşasını oynadım.
 

- Yeni teatr mövsümü üçün yaradıcılığınızda hansı yeniliklər var?

- Rejissor Namiq Ağayev yeni tamaşa hazırlayır. Namiq müəllim "Hiyləgər məşuqə" adlanan tamaşada İsrafil müəllimin məsləhəti ilə Dorestelo rolunu verib. Bu rol tamaşadakı iki qəhrəmandan biridir. Hazırda tamaşanın üzərində iş gedir. Daha doğrusu, oxuma prosesindəyik. İnşallah, çox yaxşı bir tamaşa olacağına inanıram. Rolum üzərində axtarışlarımı davam etdirirəm.
 

- Artıq 33 yaşınız var və hələ subaysınız.
 

- Hələ ki bu barədə düşünmürəm. Qismətimdə olan insanla ailə quracağam.
 

- Real namizəd var?

- Elə bir insan yoxdur.
 

- Ailə quracağınız şəxs sənət aləmindən ola bilər?

- Ruslar deyirlər ki, heç vaxt heç vaxt demə. Həyat böyükdür. Ailə quracağım şəxs sənət aləmindən də ola bilər. Həyatın səhnəsi də çox böyükdür. Ailə quracağım şəxslə Rusiyada da, Türkiyədə də, Fransada da, film çəkilişində də tanış ola bilərəm.
 

- Düşünmürsünüz ki, gecikirsiniz?
 

- Ailə qurmaq heç vaxt gec deyil. Mənim fikrimcə, insan əvvəlcə maddi durumunu normal vəziyyətə gətirməli, ondan sonra ailə həyatı qurmalıdır.
 

- Maddi durumunuzdakı sıxıntılar bir neçə il davam etsə, subay qalacaqsınız?

- Bəli, bir neçə il də evlənməyəcəyəm, yəqin ki.
 

- Maddi durumunuz necə olmalıdır ki, ailə qurasınız?

- Hazırda kirayədə yaşayıram. Ayda 250 manat kirayə haqqı ödəyirəm. Düzdür, hər şey qismətdən asılıdır. İnanıram ki, mənim ev problemim həllini tapacaq. Bununla bağlı müraciət də etmişəm.
 

- Kimə edilib həmin müraciət?
 

- Aidiyyatı qurumlara müraciət etmişəm. Doğrudur, ürəkaçan cavab almamışam. Daha bir dəfə müraciət etmək fikrim var. Yaxud da elə bir serialdan təklif alaram ki, uzunmüddətli olar. Heç olmasa, bilərəm ki, ayda 1500 manat gəlirim var, onda ailə quraram. Yaxud da ev almaq barədə düşünə bilərəm.
 

- Aktyorların çoxu vəziyyətdən çıxış yolunu toylara getməkdə görürlər. Nə əcəb toylara getmirsiniz?

- Mənlik deyil.
 

- Nə mənada?

- Tamadalıq aktyorluq sənətinin mahiyyətini tükədir. Aktyor sənəti çox zəngin sənətdir. Daha çox kamera qarşısında olmalıdır, səhnədə olmalıdır. Aktyor hər gün incəsənətə yeni töhfələr verməlidir. Aktyor gecə yatmayıb, səhərə kimi rolu üzərində axtarışlar aparmalı və səhəri gün onu kamera qarşısında təcəssüm etdirməlidir. Tamaşaçı belə aktyora "əhsən!" deyir. Mənim bildiyimə görə, Türkiyədə, Rusiyada belədir.

- Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsini də bitirmisiniz. Nə əcəb orada pedaqoji fəaliyyətlə məşğul olmursunuz?
 

- Hələ universitetdən belə bir təklif almamışam. Müraciət olsa, səhnə danışığından, aktyor sənətindən dərs keçə bilərəm. Bu işləri yetərincə yaxşı bilirəm.

Elçin Tağıyev

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.