Mədəniyyət

"Rasim Ocaqova dedim ki, mən qələt eləyərəm bir də film çəkərəm" - FOTO

8 İyun 2014 11:15
0 Şərh     Baxış: 3 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rafiq Qəmbərov: "Hər dəfə o çəkilişləri xatırlayanda xəcalət hissi məni bürüyür"

Milli.Az xəbər verir ki, modern.az saytının "Kadrarxası" layihəsi bu həftə də öz axarında davam edir. Bu dəfə kadararxasında baş rollarını Hacı İsmayılovNuridə Əhmədovanın canalandırdığı "Həm ziyarət, həm ticarət" filminin quruluşçu operatoru, çətin illərin yükünü öz çiyinlərində daşıyan, söhbətinə doyulmayan, sözün əsl mənasında, sənətkar Rafiq Qəmbərovdur.

Arayış: 1947-ci ilin 31 dekabrında Qroznı şəhərində anadan olan Rafiq Əli oğlu Qəmbərov 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L.B.Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə daha çox məşğuldur. İki övladı, bir nəvəsi var.

Üç ilə çəkilən film

1992-ci ildə çəkilişlərinə başlanılan "Həm ziyarət, həm ticarət" filminin tamamlanması 3 il davam edib. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, quruluşçu operator Rafiq Qəmbərov, quruluşçu rəssam Rafiq Nəsirov, bəstəkar Emin Sabitoğludur. Rollarda Hacı İsmayılov, Nuriyyə Əhmədova, Həsən Məmmədov, Rasim Balayev, Cahangir Novruzov və başqaları çəkilib.
Rejissor Rasim Ocaqov operator Rafiq Qəmbərova film çəkmək təklif edəndə iki sənətkar artıq birlikdə 4 film çəkmişdilər. 1992-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdiyi bir dövr həyat şərtlərinin də ağırlaşdığı ərəfəyə təsadüf edir. Bu zaman film çəkmək ən az dövr qədər ağır olur. Cəfər Cabbarlı adına kinostudiya Sovet İttifaqı dağıldıqdan sonra çox ağır şəraitdə fəaliyyət göstərir. Rafiq Qəmbərov bildirir ki, kinostidiyada film adına heç bir şey qalmamışdı.

Rafiq Qəmbərov: "Heç nə yox idi. Nə iş, nə də qazanc... Artıq ailəli idim, iki övladım vardı. Daim fikirləşirdim ki, onları necə saxlayım. İnstitutu bitirəndən kinostudiyada çalışmışdım. Birtəhər dolanırdıq. Rasim Ocaqov məhz bu məqamda "Həm ziyarət, həm ticarət" filmini çəkməyi təklif etdi. Onunla çalışmağı çox sevirdim deyə, yox deyə bilmədim. Kinostudiya dağılmışdı, rekvizit adında heç nə yox idi. Satılan satıldı, itən itdi, kinostudiya bomboş qaldı. Orada işləyən işıqçıların bəzisi öldü, çoxu erməni idi deyə, qaçıb getdi. Ruslar da içkiyə qurşanmışdılar. Özümüzünkülər isə bu işi sən deyən yaxşı bilmirdilər. Bütün bu problemləri fikirləşərək, özümdə "yox" deməyə qüvvət tapmadım. Rasim Ocaqov bildirdi ki, "darixma, filmə cəmi yarım il lazımdır, hər şey yaxşı olacaq. Sonra nə istəyirsən edərsən". Fikirləşdim ki, sənətimi niyə itirməliyəm ki? Elə bu səbəbdən də "Həm ziyarət, həm ticarət" filminin çəkilməsinə razılışadım".

"Rəsul Quliyev filmə sponsorluq etməsi üçün dostundan xahiş etdi"

Rafiq Qəmbərov: "Həm ziyarət, həm ticarət" filmi Rasimlə işlədiyim 5 film arasında yeganədir ki, dövlət hesabına çəkilməyib, sponsor puluna çəkilib. O vaxt Rəsul Quliyev parlamentin sədri idi. Onun yaxın dostu "Bakpromovoşprom" təşkilatının müdiri idi. Rəsul Quliyev tapşırdı ki, filmin pulunu o ödəsin. Elə də oldu. Nə isə yarım ilə nəzərdə tutulan film 3 ilə çəkildi".

"Həsən Həsənov mənə yağın içində "Jiquli" verdi"

Ölkədəki çətin şərait aktyorların da həyatından yan keçməyib. Az məvaciblə birtəhər dolanmağa çalışıblar.
Rafiq Qəmbərov: "Filmdə quruluşçu operator kimi aldığım məvacibim 20 dollara bərbər idi. O vaxt miqyas başqa idi. 1991-ci ildə fotoqraf kimi böyük bir iş gördüm, mənə yaxşı pul vermişdilər. Həsən Həsənov o vaxt Nazirlər Kabinetinin sədri idi. Bakıda beynəlxalq biznes konqresi keçirildi. Beynəlxalq miqyaslı konqresdə Azərbaycanın bütün imkanları açıqlandı. O layihənin bütün işlərini fotoqraf kimi mən icra edirdim. Bunun müqabilində H.Həsənov soruşdu ki, "nə istəyirsən? Bildirdim ki, təzə maşın istəyirəm. Mənə yağın içində "06 Jiquli" verdilər. Mənim bundan başqa da maşın vardı. Maşını aparıb qoydum qaraja. "Həm ziyarət, həm ticarət" filmi çəkiləndə başa düşdüm ki, həmin avtomobilə ehtiyacım olacaq. Ona görə də, maşını satdım. Film çəkilən 3 il ərzində xımır-xımır pulu xərclədim ki, simamı itirməyim".

Operator bildirir ki, Cəfər Cabbarlı adına kinostudiyada hələ də Heydər Əliyevin aldığı avadanlıqlardır.
Rafiq Qəmbərov: "Birtəhər bu filmi çəkdik . Filmi çəkdiyimiz 3 il mənə zülm oldu. İşıqçı yox, avadanlıq köhnə, heç nə yox idi. Həmin aparatları da Heydər Əliyev 1977-ci ildə kinonun 50 illiyində almışdı. Ondan bu yana da kinostudiyaya yeni aparatura alınmayıb. Bu gün kim film çəkirsə, hamısını icarəyə götürür".

"Hər dəfə çəkiliş prosesi xatırlayanda xəcalət hissi məni bürüyür"

Filmin İstanbul çəkilişləri çox ağır olur. Maliyyə dəstəyi olmadığından çəkilişlər gizlin aparılır. Operator, rejissor lazımi kadrları çəkmək üçün böyük çətinliklərlə qarşılaşır.
Rafiq Qəmbərov: "Türkiyədə rəsmi çəkiliş edə bilmirdik. Buna görə, rəsmi icazə almalıydıq. İcazə üçünsə pul lazım idi. Çünki, aparatı ştativə qoyan kimi başımızın üstünü kəsdirirdilər ki, "icazəniz var? Buranın icarə haqqını ödəmisiniz?".
Nə isə, İstanbul səhnələrini böyük çətinliklə, oğrun-oğrun çəkdik. Mən çox şadam ki, mənim bioqrafiyamda bu film alındı. Amma hər dəfə o çəkilişləri xatırlayanda xəcalət hissi məni bürüyür. İstanbul çəkilişləri çox çətin oldu. İmkan oduqca kameranı ştativə qoymurduq ki, ətrafdakılar bizim film çəkdiyimizdən duyuq düşməsinlər. Çünki, biz təntənəli rəsmi çəkilişlər etsəydik mütləq İstanbul şəhərinin meriyasından icazəmiz olmalı idi. İcazədən başqa da xüsusi vəsait köçürülməli idi. Ona görə də "Qapalı Çarşı" bazarında, İstanbul hava limanında oğrun-oğrun çalışırdıq. Filmdə mənə ən əziz, isti görünən olan səhnə qlobus səhnəsidir. Nuriyyə Mustafaya deyir ki, "Əsas lazım olanı aldıq, indi rahat vətənə qayıda bilərik". O səhnədə sanki, bütün xırda məğlubiyyətlər unuduldu.

"Zülmlə çəkilişləri bitirdik"

R.Qəmbərovun sözlərinə görə, o zaman ölkədə ağır vəziyyət hökm sürürdü. Kinostudiyada kino sistemi tamailə dağılmışdı.
"Rasim Ocaqov tapşırıq verirdi, mən də qırıla-qırıla qalırdım ki, necə edim?! Nə teleşka, nə resteleqa, nə aksesuarlar, nə də onu işlədən adamlar var... Birtəhər, zülmlə çəkilişləri bitirdik. 1995-ci ilin avqust ayında 2 ay Moskvada qalaraq mən filmin etalon nüsxəsini çap etdirib kinostuiyada təhvil verdim və Rasim Ocaqovla xudahafizləşdim. Dedim: "Rasim müəllim mənim sizə böyük sevgim, ehtiramım var. Amma, mən qələt eliyərəm bir də film çəkərəm. Bu şəraitdə film çəkməyə özüm-özümə icazə vermərəm". Çünki, lazımi peşəkar səviyyədə çalışmaq üçün şərait yoxdur. Elə "Həm ziyarət, həm ticarət" filmindən bu yana bədii film çəkmədim".

"Filmin böyük bir hissəsi Şəkidə çəkilib

Rafiq Qəmbərov: "Təxminən 1 aydan bir az da çox Şəkidə qaldıq. Şəkinin də ağır dövrü idi. Günün birinci yarısı çalışırdıq, ikinci yarısı dincəlirdik. Rasim Ocaqovun Şəkidə qohumları çox idi. Hər gün biri onu qonaq aparırdı. Bütün gəncliyi Şəkidə keçdiyi üçün Rasim həmin günləri eləbil ki, yenidən yaşadı. Az-çox bizə də yaşatdı. 1aya yaxın İstanbulda qaldıq. Qalan bütün çəkilişlər küçələrdə, pavilyonda oldu".
Rafiq Qəmbərov: "Hacı İsmayılov özü şəkili olduğu üçün Şəki ləhcəsində danışmaq ona çətin olmadı. Bu yaxınlarda Rasim Ocaqovun 80 illik yubileyi ilə əlqadar Şəkidə olduq. Hacı İsmayılova olan isti münasibətin şahidi oldum. Hacı İsmayılovun Şəkidə böyük hörməti var, onu çox sevirlər. Nuriyyə Əhmədova elə aktrisadır ki, onun üçün hansı dil, hansı ləhcə olur-olsun, fərqi yoxdur. Onun öhdəsindən ustalıqla gəlirdi. Bu filmdə iki böyük aktyorlarımız baş rolda çəkildi. Hacı İsmayılov və Nuriyyə Əhmədovanın hər biri məhz bu filmdə yaratdığı obraza görə, dünyada qəbul olunmuş ən yüksək zirvə səviyyəsində çıxış etdilər. Rolları o qədər mənimsəmişdilər ki, başqa cür təsəvvür də etmək mümkün deyildi. Hacı İsmayılov rolunu o qədər real, canlı oynayır ki, heç bir sözündə yalan görmək olmur. Həmçinin Nuriyyə Əhmədova da. İstər danışığı, hərəkəti çox təbii idi".

"Mustafanın güzgü qarşısındakı səhnəni çəkənə qədər gülməkdən öldük"

Rafiq Qəmbərov: "Mustafa müəllimin turistləri gəzdirdiyi yer Şəki xan sarayı idi. Uşaqların əsgərliyiə aparılması üçün sıraya düzüldükləri yer, hətta sinif otağı da Şəkidə lentə alındı. Məktəb real orta məktəb idi. Filmdəki epizodda Türkiyədən bəhs edilsə də, türklərə heç bir aidiyyatı yox idi. Türk dilində danışılması lazım olan yerlərdə də öz aktyorlarımız səsləndirmişdi. Filmin Türkiyədə hər hansı marağa səbəb olması haqqında heç bir məlumat ala bilmədik. O vaxt filmi xaricə göndərmək üçün xüsusi valyuta tələb olunurdu. Bizdə isə həmin imkanlar yox idi. Xaricə film çıxarmaq üçün səs və təsvir qüsuru olmamalıdır. Biz istifadə etdiyimiz lentlər, aydınlaşdırma prosesi çox geri qalmış bir şey sayılır. Filmdə az da olsa, müahirəbədən bəhs olunur. Həqiqətən də müharibə şəraitində idik. Lakin müharibənin görüntüsü yoxdur. Yalnız ifadələrdə işarə olunurdu".
Rafiq Qəmbərov: "Çəkiliş qrupunun bir çox nümayəndələri öz ailə üzvlərini çəkilişə gətirmişdilər. Orda ev kiraləyib yaşayırdılar. Nuriyyə Əhmədova da qızını gətirmişdi. 16 yaşında göyçək, qarayanız bir qız idi".
Rafiq Qəmbərov: "Mustafanın güzgü qarşısında efirə hazılaşdığı səhnəni çəkənə qədər gülməkdən öldük. Hacı İsmayılov roluna o qədər hakim idi ki, yalnız və yalnız təbiilik hiss olunurdu. Bu epizod üçün xüsusi pavilyon tikdik, işıqları qurduq. Çünki, mehmanxana şəraitində çəkmək çətin olardı. Hacı İsmayılov çox hazılıqlı gəlmişdi. Real oynayırdı. İfadəsi, özünə yazıq-yazıq baxması, hamısı son dərəcə təbii idi. Qəribə bir şey var ki, bəzən ssenarini oxuyanda bəzi səhnələr adama qaranlıq qalır, sönük görünür, heç bir təsir bağışlamır. Aktyor onu canlandıranda, ətə-qana gətirəndə tamamilə başqa bir şey alınır. Bu da həmin epizodlardan idi.
Rasim Ocaqov çəkdiyi bütün filmlər hərəsi bir dünyadır. Onlarda ümumibəşəri bir ideya var. Balaca bir insanın həyatda özünəməxsus tutduğu yeri və mövqeyi əks olunur. "Həm ziyarət, həm ticarət" də həmin filmlərdəndir. Tam saf bir insan olan Mustafanın başına olmazın oyunlar gəldi. Lakin nəticədə bütün bu sınaqlardan üzüağ çıxdı. Rasim Ocaqovun yaratdığı obrazlar doğmadır, çünki, oradakı obrazlar bizik".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.