Bulaq kölgəsiz, biz isə Şuşasız qaldıq
"Şuşada evimiz Molla Pənah Vaqif adına kinoteatr olan küçədə yerləşirdi. O küçədə bank binasının aşağısında yaşayırdıq. Evimiz kinoteatra yaxın olduğu üçün, hər şənbə günü günorta seansına gedərdim. Amma şənbəyə qədər kinoya getmək hüququnu qazanmaq, icazəsini almaq, məktəbdə dərslərdən yaxşı, əla qiymətlər almaq lazım gəlirdi. Bu çətin deyildi, çünki sinifdə dərs əlaçısı idim. Bundan başqa, ev işlərinə də kömək edirdim. Şuşada qaz olmadığı üçün, hər gün zirzəmiyə düşüb, oradan odunları evə qaldırırdım.
Ondan sonra həftənin sonunda nümunəvi davranışıma görə kinoya getməyə icazə verirdilər. Bir dəfə şənbə seanslarının birində "Nəsimi" filminə baxdım. Bu film mənə çox təsir etmişdi. Daha çox Yusif Vəliyev məni təsirləndirmişdi. Küçəmiz Sovet İttifaqı qəhrəmanı Aslan Qaraşalovun adını daşıyırdı. Amma el arasında bura "Ağacbulaq" deyərdilər.
Evimizlə üzbəüz hündür bir ağac var idi, kiçik bir bulağın üzərində illərcə boy atıb ətrafa kölgəlik salırdı. Bir gün, müharibəyə bir neçə ay qalmış ağac heç bir səbəb olmadan aşdı. Mən o günlərdə Şuşada idim, pəncərədən bir də baxıb gördüm ki, ağac öz-özünə ortadan sınır. Onu tamam kəsdilər. Kötüyü qaldı. Bir də aşağıda kölgəsiz, yetim bulaq. Sanki qarşıdan gələn faciələrin qara xəbərçisi oldu ağacın sınması. Bulaq kölgəsiz, biz isə Şuşasız qaldıq".
"Həmin Novruz bayramı yaxşıca döyülmüşdüm"
"Burada əsas bayram günləri qeyd olunur. Amma Şuşada axırıncı çərşənbəyə xüsusi hazırlaşırdıq. Yadıma gəlir, onuncu sinifdə oxuyanda qardaşımın şalvarını geyinib, kömürlə özümə bığ çəkib rəfiqələrimlə getmişdim torba atmağa. Burada papaq atırlar, amma Şuşada Novruz bayramı üçün məxsusi hazırlanmış torbalar var idi, qapılara onu atardıq. O torbaların içinə nələr qoymurdular... Heç kimə vermirdim. Yadıma gəlir ki, həmin Novruz bayramı yaxşıca döyülmüşdüm".
"Arvadlarla birlikdə hamama gedərdim"
"Şuşada qədimi hamamları var idi. Heç kimin evində hamam olmazdı, hamı yığışıb müəyyən günlərdə şəhər hamamlarına gedərdi. Anama qoşulub arvadlarla birlikdə hamama gedərdim. Hər dəfə hamamdan qayıdanda, evimizin aynabəndində balaca bir güzgüyə saatlarla oturub baxıb deyərdim ki, vaxt gələcək, hamı səni tanıyacaq".
"İncəsənət universitetinə qəbul olanda Şuşada çox adam atamla danışmadı"
"Özümə qarşı həmişə hörmət görmüşəm. Hər dəfə Şuşaya gedəndə qapımıza qoyun gətirib kəsiblər. Hətta mənim Bakıda oxumağıma kömək üçün pul göndərənlər də olurdu. Mən əvvəl İncəsənət Universitetinə qəbul olanda Şuşada çox adam atamla danışmadı ki, buna bax, qızını artistliyə qoyub. Təbii ki, bir qarabağlı aqressiyası olmuşdu. Amma yadıma gəlir, mən birinci dəfə "Səni axtarıram"a çəkiləndən sonra Şuşanın bütün vəzifəli adamları bizə zəng vurub atamı təbrik ediblər. Şuşalılar xeyirdə, şərdə bir yerdə olurlar, bir-birinin evinə gedib-gəlməyi çox sevirlər. İndi də o adəti qoruyub saxlayıblar. Məsələn, şuşalıların yaşadığı məkanlar var, ora gedəndə bir anlıq adama elə bilir ki, Şuşadadır.
Şuşalılar özünəməxsus dadı olan şorabalar qoyardılar. Bakıda tutma deyirlər, amma biz şoraba deyirik. Hansı şuşalının evinə getsəydin mütləq qırmızı, ya da çəhrayıya çalan kələm şorabası görərdin. Şuşalıların bişirdiyi şüyüdlü aşın kələm dolmasının özünəməxsus dadı var. Həmişə deyirlər kim dadlı kələm dolması yemək istəyir, şuşalının qonağı olsun".
"Şuşada çox pis xasiyyətli ermənilər də var idi"
"Şuşada ermənilər çox idi. Münasibətlər çox yaxşı idi. Bir erməni qonşumuz var idi, həm də anamla bir yerdə işləyirdilər. Evdə küsəndə gedib onlarda qalırdım ki, mən sizin qızınızam. Amma bununla yanaşı, Şuşada çox pis xasiyyətli ermənilər də var idi. Kobud, nursuz, bir az da qorxulu. Məsələn, bir erməni ailəsinə gedərdin, sənə canla-başla qulluq edərdi, birinə gedərdin, sənə elə baxırdı elə bil bu saat qanını içəcək. Adam girib evində bir stəkan çay içməyə qorxardı".
"Sən demə, buludlar keçirmiş böyrümüzdən"
"Hazırda gözlərimi bağlayıb Şuşanın girəcəyində düşürsələr, gözübağlı o yerləri gəzərəm. Şuşa bazarı, o bazarda satılan qaymağın dadı hələ də yadımdadır. O vaxtlar uşaq idim, başa düşmürdüm. Elə bilirdim duman bürüyüb Şuşanı. Sən demə buludlar keçirmiş böyrümüzdən. Çoxdandır dolu görmürəm. Şuşada tez-tez dolu yağardı. Uşaq vaxtı o qədər başımızı yarıb ki... Çoxdandır göy qurşağı görmürəm. Güclü yağış yağardı. O yağışdan sonra göy qurşağı görünərdi göyün üzündə. Biz də saatlarla oturub tamaşa edərdik".
"Tanınmış adamları girov götürürdülər"
"Yadıma gəlir, Şuşa alınmamışdan bir il əvvəl mən Şuşadan Bakıya qayıtmalı idim. Atama dedilər ki, onu Şuşa-Bakı avtobusu ilə yola salma. Yalandan de ki, Şuşa-Bakı avtobusu ilə gedəcək, amma göndərmə. Tanınmış adamları girov götürürdülər. O vaxt mən girov götürülüb başlarına nə oyunlar açılan adamlar görmüşdüm. Sonuncu dəfə Şuşadan Bakıya gələndə Şuşa-Ağdam avtobusu ilə Ağdama, ordan da qatarla Bakıya gəldim".
"Atamın ad günü ərəfəsində bir atışma başladı ki, gəl görəsən"
"Orta məktəbi bitirənə qədər Şuşada yaşamışam. 1976-cı ildə gəlib Bakıda universitetə qəbul oldum. Şuşa işğal olunan günə qədər hər yay Şuşada olmuşam. Şuşa alınmamışdan bir il əvvəl atamın 60 illik yubileyinə hazırlaşırdıq. Mənə hələ çatmırdı ki, Şuşa alına bilər. Mən Bakıda olanda tez-tez atışmalar olduğu haqda məlumat alırdım. Birdən evə zəng edirdim telefonu götürmürdülər. Deyirdim niyə götürmürsünüz, deyirdilər zirzəmidə idik, burda atışma başlayıb. Gözümlə görmədiyimə görə bir o qədər də ciddi gəlmirdi mənə. Amma atamın ad günü ərəfəsində bir atışma başladı ki, gəl görəsən. Onlarla bir dəfə zirzəmidə o günü yaşadım. Ondan sonra başa düşdüm qarabağlılar bu neçə vaxtı nələr yaşayırmışlar. Hətta balaca bacım bir ildən çox qapı zəngi basılanda dik atılırdı, qorxurdu. Elə bilirdi ki, atışma başladı".
"Müharibə illərini çox ürək yanğısı ilə xatırlayıram"
"Şuşanın işğalına iki-üç ay qalmış anam mürəbbə bişirib, evə qab-qacaq alıb. Heç kim inanmırdı Şuşanın erməniyə təslim olacağına. Müharibə illərini çox ürək yanğısı ilə xatırlayıram. Şuşanın kəndlərinə, qonşu rayonlara yasa gedərdi anam. Birindən də qalmazdı. Bir dəfə atam anamın üstünə hirsləndi ki, "elə bil ölürsən erməniyə girov düşməkdən ötrü. Bax girov düşsən, dalınca gəlməyəcəm, Şəfiqə".
"Mənə elə gəlir ki, biz Şuşaya qayıdacağıq"
"Əvvəllər Şuşayla bağlı qəribə yuxular görərdim. Mən qaçırdım, ermənilər qovurdular. Çox qəribədir, atamı, anamı dünyalarını dəyişəndən sonra həmişə Şuşadakı evimizdə görürəm. Amma son vaxtlar yuxu görmürəm. Mənə elə gəlir ki, biz Şuşaya qayıdacağıq. O xatirələr gedib reallığa yaxınlaşır. Şuşanın alındığı xəbərini eşitdiyim gün ayaqyalın Şuşa Mədəniyyət evinin qabağında oynamalıyam. İstər qar yağsın, istər yağış. O mənim ən böyük arzumdur. Allah məni arzuma çatdırsın".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
















