Mədəniyyət

Bir ömürdən min ömrə işıq payı

28 Noyabr 2012 16:43
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, əməkdar elm və ictimai xadim Zəhra Quliyevanın adı ölkəmizdə hamıya yaxşı tanışdır. Vaxtilə onun əllərinin hərarətindən, qəlbinin odundan nur payı almış bir çox insanlar hələ də yaşayır, bu mədəni, kübar Şərq xanımını böyük hörmət və ehtiramla xatırlayırlar.

Dünyasını yeddi il əvvəl dəyişsə də, bu gün Zəhra xanımı xoşbəxt insan adlandırmaq istərdik. Çünki o, bilik və bacarığını, sənətini və əməllərini yetirmələrinin simasında bizlərə ərməğan qoyub. Başqa sözlə, görkəmli alim, pedaqoq Azərbaycan həkimlərinin neçə-neçə nəslinin müəllimi olub. Hazırda həmin həkimlər xalqın xidmətindədirlər, onlar da öz növbələrində səriştə və təcrübələrini gənc həmkarları ilə bölüşürlər. Beləcə, unudulmaz Zəhra xanım əbədi bir ömür yaşayırE

Dünya oftalmologiya elmində Z.Quliyeva öz dəst-xətti, fikri və sözü olan bir alim kimi qalıb. Böyüməkdə olan və bundan sonra dünyaya göz açacaq nəsil Zəhra Quliyevanı tarixdən tanıyacaq. Tarix isə silinməzdir, əbədiyaşardır.

82 illik ömrü boyu işıq uğrunda mübarizə aparan, insanların gözlərinə nur, qəlblərinə xoş duyğular bəxş edən, Azərbaycanda qadın hərəkatının öncüllərindən biri imicini qazanan bu gözəl xanımın işıqlı xatirəsi elm ictimaiyyəti, həkimlər, müəllimlər, ziyalı qadınlar tərəfindən daim yad edilir.

Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində dünyaya göz açıb. O dövrün köklü, nəcabətli nəsillərindən birinin övladı olub. Müsəlman Şərqinin müdrikliyini özündə birləşdirən babası Hacıqafar kişi din-iman əhli idi, halal zəhməti ilə çörək qazanıb, məmləkətdə həmişə sayılıb-seçilib, adı hörmətlə çəkilib. O, dərin savada malik olmasa da, ərəbcə yaxşı bilib, fanatizmin, xurafatın baş alıb getdiyi bir zamanda islama həyati nöqteyi-nəzərdən bağlanaraq "Qurani-Kərim"in ayə və surələrini kəlmə-kəlmə istər ərəbcə, istərsə də azərbaycanca şüurlara düzgün həkk etməyə çalışıb. Dinimizin, islami dəyərlərin təbliğində, doğru-dürüst yozulmasında mühüm xidmətlər göstərib.

Bütün milli-mənəvi köklərə bağlılıqla yanaşı, bu ailənin övladlarında elmə, sənətə böyük və tükənməz bir həvəs olub. Ailədə beş övlad böyüyüb. Qardaşların üçü də o zaman "riyazi məktəb" deyilən rusdilli məktəbdə təhsil alıb.

Zəhra xanımın böyük əmisi Sadıq Rusiyada oxuyub. Bir müddət çar ordusunun zabiti olub. Sonra rus dili müəllimi kimi fəaliyyət göstərərək ömrünü azərbaycanlı balalarının savadlanmasına həsr edib.

Atası Tahir bəy Bakıda orta təhsilini başa çatdırdıqdan sonra Moskva Dəmir Yolu Nəqliyyatı İnstitutuna daxil olub və oranı bitirərək mühəndis ixtisasına yiyələnib. Vətəninə mükəmməl bilikli mütəxəssis kimi qayıdıb. Azərbaycanda Bakı-Sabunçu-Buzovna-Mərdəkan istiqamətində açılan ilk "konka" yolunun layihəsini məhz o, hazırlayıb. Layihənin həyata keçirilməsini, yəni yolun salınmasını da ona tapşırıblar. Əvvəlcədən heç bir təcrübə, nümunə olmadan qumlu düzənliklər boyu belə bir yolun çəkilməsi müşkül iş idi. Bununla belə, Tahir bəy üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

Sonralar Zəhra xanım atasının çəkdiyi yollarla elektrik qatarlarını görəndə, yaxud köhnə filmlərdə "konka" yoluna baxanda həm kövrələr, həm də qürur hissi keçirərdiE

O zamanlar milli kadrlar az idi, xüsusilə texniki sahədə onlara böyük ehtiyac duyulurdu. Odur ki, Tahir bəy öz fəaliyyətini şaxələndirməyi lazım bilir. O, həm elmi tədqiqatlarla məşğul olur, həm də pedaqoji fəaliyyət göstərərək texniki sahədə bildiklərini gənclərə öyrədir. Əvvəlcə texnikumda və universitetdə, sonra Neft və Kimya İnstitutunda (indi isə Neft Akademiyası adlanır) mühazirələr oxuyur. Tahir Quliyev professor adını almış ilk azərbaycanlılardan idi.

Savadlı, müasir həyatı doğru başa düşən adamların az olduğu həmin illərdə ziyalılar nümunə və nüfuz sahibi olmaqdan savayı, onların evi həm də məsləhət və sayğı yeri idi. Tahir bəyin də qapısı insanların üzünə həmişə açıq olmuş, dövrün qabaqcıl fikirli ziyalılarının, alimlərinin toplaşdıqları ocağa çevrilmişdi. Məhz belə bir sağlam mühitdə böyüyürdü Zəhra xanım və onun varlığına hopmuş xanım-xatınlıq, bütün mənfiliklərdən uzaq şəxsiyyətinə xas olan təbiilik bunlardan qaynaqlanmışdıE

Zəhranın anası isə gözəl-göyçək qubalı qızı idi. Bakıya gəlin köçmüşdü. Ona bütün azərbaycanlı xanımlara xas olan abır-həya, ismət, mehribanlıq, alicənablıq xas idi.

Lakin tale Zəhraya iki anadan tərbiyə almağı qismət edir. Belə ki, onun doğma anası Camal çox gənc ikən dünyasını dəyişir. On yaşlı Zəhra, üç yaşlı Fəridə və səkkiz aylıq Fərid ana nəfəsindən məhrum olaraq Tahir bəyin ümidinə qalırlar. Beləcə, o, on yaşında ikən həyatın ilk və ağır acısını dadır.

Tahir bəy övladlarının xatirinə ikinci dəfə ailə qurur. Onun evləndiyi xanım dostu, şair Əhməd Cavadın baldızı Nəzirə idi. Əhməd Cavadla həyat yoldaşı Şükriyyə xanım Tahir bəyi çox istədiklərindən Nəzirənin onun uşaqlarına analıq etməsini məsləhət görürlər.

Bundan sonra ailədə Fəhmiyyə və Faiq adında daha iki körpə dünyaya gəlir. Nəzirə Tahir bəyin əvvəlki nikahından olan üç övladını da özünün iki doğma balasından seçmir, beş uşağın əziyyətinə dözür.

Lakin ailə yenidən imtahana çəkilir. Tahir bəy qəflətən dünyasını dəyişir. Qardaşı Nəzirəni iki körpəsi ilə ata evinə qaytarmaq qərarına gəlir. İstəmir ki, Nəzirə vəfat etmiş ərinin əvvəlki izdivacdan olan uşaqlarının da əziyyətini çəksin. O isə qəti etiraz edir. Atasız-anasız üç uşağı taleyin ümidinə buraxmır. Bir çətən külfəti dolandırmaqda, uşaqları araya-ərsəyə gətirməkdə ögey anasının yeganə köməkçisi Zəhra olur. O, valideynlərini həmişə xoş duyğularla xatırlayaraq yazırdı: "Atamdan təhsilə, elmə həvəs, zəka, səxavət, humanistlik, torpağa, xalqa məhəbbət dərsləri almışam. Anamdan zəriflik, incəlik, mərhəmət, sədaqət, fədakarlıq, sevgi hissləri əxz etmişəm. Nəzirə xala mənim üçün cəfakeşlik, şəfqət, dəyanət timsalı olub".

Zəhra Quliyeva 1940-cı ildə Bakı şəhərindəki 132 saylı orta məktəbi bitirir. Kamal attestatındakı qiymətlərin hamısı əla olduğuna görə Azərbaycan Dövlət Tibb İnstitutuna imtahansız qəbul edilir. Müalicə-profilaktika fakültəsində təhsil alır və tibbin digər sahələrindən daha çox ürəyinə oftalmologiya yatır. Odur ki, bütün ömrünü göz həkimliyi kimi incə və çətin sənətə həsr etməyi qərara alır.

1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc həkimin istedadını və zəhmətsevərliyini nəzərə alaraq Dövlət Komissiyasının vəsatətilə onu Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı: "Göz xəstəlikləri kafedrasında mən bir il professor Trubinlə işlədim. O, dünyasını dəyişdikdən sonra kafedra müdiri Umnisə xanım Musabəyova oldu. Mənim oftalmologiya sahəsindəki inkişafımda professor Umnisə xanımın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi və himayəsi altında həm namizədlik, həm də doktorluq elmi işlərimi müdafiə etmişəmE Umnisə xanım sadəliyin, nəcibliyin, kübarlığın, ziyalılığın timsalı idi".

Zəhra Quliyeva 1946-cı ildə assistent, 1959-cu ildə dosent vəzifəsinə seçilir. O, pedaqoji fəaliyyəti ilə yanaşı elmi axtarışlarını da davam etdirir. Beləliklə, 1958-ci ildə "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə edir.

Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlayır. Bununla əlaqədar Moskvaya ezam olunur, Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparır. 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edir.

Bir il sonra Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. 1975-ci ildə həmin kafedranın müdiri olur. Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsinə həsr olunur.

Z.Quliyeva 1972-1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində işləyir. Görkəmli alim təcrübəli pedaqoq olaraq Azərbaycan üçün dəyərli həkim kadrlar hazırlayır.

Professor 160-dan çox elmi məqalənin, dörd monoqrafiyanın müəllifidir. Tibb Universitetinin tələbələri və gənc həkimlər üçün Azərbaycan dilində "Göz xəstəlikləri" kitabını, dörd dərs vəsaiti yazmışdır. Bir ixtira və dörd səmərələşdirici təklif irəli sürmüşdür. Onun rəhbərliyi ilə namizədlik, doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Zəhra Quliyeva 1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri olub. SSRİ dövründə o, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü seçilmişdi. "Səhiyyə əlaçısı" idi.

Zəhra xanım istər həkim və alim, istərsə də ictimai xadim kimi öz vətənini bir sıra beynəlxalq tədbirlərdə ləyaqətlə təmsil etmişdir. Belə ki, 1971-ci ildə ABŞ-ın Çikaqo şəhərində qadınların iqtisadi və irqi birlik uğrunda birinci qurultayının iştirakçısı, 1973-cü ildə Varşava Müqaviləsinin 20 illiyində parlament nümayəndəsi, Polşa, Almaniya, İsveçrə, Danimarka, Norveç, Finlandiya, Baltikyanı ölkələrdə keçirilən sülh günlərinin iştirakçısı olmuşdur.

Həm SSRİ dövründə, həm də müstəqillik zamanı Zəhra xanım bir sıra dövlət mükafatlarına layiq görülmüşdür. Sovet hökuməti onu "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif etmişdir. Müstəqil Azərbaycanın isə "Şöhrət" ordenini almışdır.

Lakin Zəhra xanımın şan-şöhrəti heç bir orden-medalla, fəxri fərman və adla ölçülmürdü. O, bir həkim kimi həmişə insanlarla birlikdə olmuş, onları qəlbən sevmişdi. Həkimlik sənəti bu böyük vətən qızı üçün öz xalqına ürəyinin hərarətini çatdırmaqda, ona layiqincə xidmət etməkdə bir vasitə idi. Zəhra xanım xatirələrində yazırdı: "Həyatımda heç vaxt qarşıma məqsəd qoymamışam ki, mən şöhrətə çatım, alim, professor, vəzifə sahibi olum. Amma ömrü böyu vicdanla, təmiz, halal əməyimlə çalışmışam... Tələbəlik illərim çox ağrılı keçib. Oxuya-oxuya işləmək məcburiyyətində qalmışdım. Ailəyə kömək etməliydim. Qrup yoldaşım Aliyə İbrahimbəyovanın atası Qanköçürmə İnstitutunda işləyirdi. Bizi də ora işə düzəltmişdi. Donor-cərrah kimi donorlardan qan götürürdük". Heç şübhəsiz ki, öz pasiyentlərini sevməyi, duymağı, onların ağrılarını hiss etməyi, var qüvvəsi ilə köməyə can atmağı da məhz o vaxt öyrənmişdi. Bu hisslər onu ömrü boyu müşayiət etmişdir.

Qızı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Səttarova xatırlayır ki, Zəhra xanım həmişə insanlarda müsbət keyfiyyətlər görməyə çalışırdı. Qəlbi onlara qarşı məhəbbət və hörmətlə dolu idi. Bir həkim və insan kimi xeyirxahlıq göstərməyi daim özünə borc bilirdi. Tələbkar idi. Hətta övladına qarşı qayğısı belə tələbkarlıqla müşayiət olunurdu.

Ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Zəhra Quliyeva da milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərmiş, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olmuşdur. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqlik xəttini seçmiş, ulu öndərin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesində fəal iştirak etmişdir. Onun ömür yollarının mənalı anlarını məhz dahi şəxsiyyətin yaratdığı idarəçilik məktəbindən keçməsi, Əliyevlər ailəsinin xeyir-duası ilə başladığı işlərin uğurları təşkil etmişdi. Belə nəcib ailədən görüb, öyrənib, əxz etdiyi həyat dərsləri alimin daim bələdçisinə çevrilmişdi. Zəhra xanım xatirələrində özünün xoşbəxt insan olduğunu bildirirdi. O yazırdı: "Özümü xoşbəxt sayıram, ona görə ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla bir dövrdə yaşamışam, çalışmışam, onları özümə arxa-dayaq saymışam. Tale məni həyatda qüdrətli şəxsiyyət Heydər Əliyevlə qarşılaşdırdı. Bu dahi şəxsiyyət həyatıma mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə mövqe tutmağımda həmişə mənə qayğı göstərdi. Həyatda qazandığım bütün uğurlara görə mən yalnız ona borcluyam. Rektor təyin edilməyim, komitə sədri olmağım Heydər Əlirza oğlunun mənə göstərdiyi etimadın, qayğının, xoş münasibətin təzahürüdür. Bu dahi insanın həyat yoldaşı akademik Zərifə xanımla bir yerdə işləmişəm, dostluq, yoldaşlıq etmişəm". Zəhra xanım bütün bunları minnətdarlıq hissi ilə xatırlayır, ona böyük etimad göstərildiyini həmişə qeyd edirdi.

Onun gənclik illərindən başlayaraq sədaqətli rəfiqəsi akademik Zərifə Əliyeva olmuşdu. İllərin sınağından çıxmış, qarşılıqlı hörmətə əsaslanan bu dostluq haqqında Zəhra xanım belə deyirdi: "Bizi onunla bütün saxtakarlıqdan uzaq, təmənnasız olan dostluq əlaqələri bağlayırdı. Bu dostluq hissləri bir yandan bir-birini başa düşməyə və kömək göstərməyə hazır olmağımızla üzə çıxırdı, digər  tərəfdən isə səmimi məhəbbətə və dərindən dərk olunan hörmətə əsaslanırdı". 1972-ci ilin iyun ayında Zəhra Quliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilir. Bu təyinat onun bir alim, həkim və müəllim kimi qabiliyyətinin, həm də xalqa sədaqətli xidmətinin müqabilində dövlətin, o zaman Azərbaycana başçılıq edən ümummilli lider Heydər Əliyevin böyük etimadı idi.

Zəhra xanım təyinatının ilk günündən etimadı doğrultmaq üçün var qüvvəsi ilə işləməyə başladı. Rektor ali təhsil ocağında ilk növbədə nizam-intizamın möhkəmləndirilməsinə diqqət yetirdi. Təlim-tərbiyə prosesləri təkmilləşdirildi. Professor-müəllim heyətinin, tələbələrin iş və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildi. Yeni tədris korpusları tikilməyə başladı, abadlıq-quruculuq tədbirləri genişləndirildi. İnstituta qəbul olunan gənclərin sayı artırıldı. Yeni kafedralar və təlim kursları yaradıldı. Alimlərin elmi əsərlərinin, monoqrafiyalarının, eləcə də dərsliklərin nəşrinə xüsusi qayğı göstərilməyə başlandı. Aspirantlara, namizədlik, doktorluq dissertasiyaları üzərində işləyən alimlərə qayğı gücləndirildi. Bütün bunlar instituta yeni uğurlar gətirdi.

Təsadüfi deyil ki, neçə illər sonra, ulu öndər Heydər Əliyev Azərbaycan Tibb Universitetinin 70 illik yubileyindəki nitqində Zəhra xanımın uğurlarını və xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman Tibb İnstitutuna uzun illər - 11 il Zəhra xanım Quliyeva rəhbərlik edibdir. Hesab edirəm ki, o, bu institutda əvvəlki rektorların hamısından çox işləyib... Hətta böyük fəaliyyətinə görə biz onu Azərbaycanın Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin etmişik və qadın hərəkatını daha da genişləndirmək istəyirik".

Zəhra Quliyeva Yeni Azərbaycan Partiyasının və onun Siyasi Şurasının üzvü idi.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə qadın siyasətini dövlət səviyyəsində həll etmək zərurəti yarandı. 1998-ci il yanvarın 14-də ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu, təkcə Azərbaycanda deyil, onun xaricində də böyük maraq və əks-səda yaratdı.

Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra xanım Quliyeva təyin olundu.

Doğrudan da hansı vəzifədə çalışmasından asılı olmayaraq, Zəhra xanım həmişə ictimai işlərdə fəal iştirak etmişdir. Onun fəaliyyəti daim qadın hərəkatı ilə bağlı olmuşdur. Hələ 1950-ci illərdə gənc həkim Azərbaycan qadınlarının maariflənməsi, ideya tərbiyəsi işində yaxından iştirak edirdi, onların təhsilə, elmə cəlb olunmasında yorulmadan təbliğat aparırdı. Uzun müddət Bakının Nəsimi rayonunda Qadınlar Şurasının üzvü və sədri olub. SSRİ Ali Sovetinin deputatı olduğu dövrdə qadın problemlərini araşdırıb, İttifaq Sovetində Qadın Problemləri üzrə Komitənin sədri, dünyada ilk qadın kosmonavt Valentina Tereşkovanın müavini işləyib. 1995-ci ildə "Sevil" Qadınlar Məclisinin sədr müavini seçilib.

Komitə Zəhra Quliyevanın rəhbərliyi ilə ölkədə qadınlar, gənclər və uşaqlarla bağlı dövlət qanunlarını, Prezidentin fərman və sərəncamlarını yerinə yetirirdi. Azərbaycan qadınlarının ölkənin ictimai, siyasi və iqtisadi həyatında rolunu artırmaq üçün respublikanın bütün müvafiq qurum və təşkilatları ilə sıx əməkdaşlıq qurulurdu. Qadınların hüquqlarının qorunması sahəsində geniş işlər aparılırdı. Ölkədə qadın siyasəti müasir tələblər səviyyəsində - gender siyasəti nəzərə alınmaqla həyata keçirilirdi, mənəviyyat məsələlərinə xüsusi diqqət yetirilirdi.

Bundan əlavə, komitənin beynəlxalq təşkilatlarla əlaqələri günbəgün genişlənirdi. O, var qüvvəsi ilə bütün dünyada Azərbaycan qadınının nüfuzunun artmasına çalışırdı.

İstəyirdi ki, qadınlarımız dövlət strukturlarında daha çox təmsil olunsunlar, rəhbər vəzifələrdə çalışsınlar.

Bu insan harada lazım idisə, orada idi! Çünki gənc yaşlarından ömür qayəsi belə olmuşdu. O öz həyatını insanlardan, xalqından ayrılıqda təsəvvür edə bilmirdi. Ömrü boyu tutduğu vəzifələrin, ona tapşırılan işlərin hamısında bütün qəlbi ilə çalışmışdı. Onun yolunu tək komitə sədri kimi deyil, həm də müəllim, həkim, ziyalı kimi gözləyirdilər.

Z.Quliyeva 2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi - sülh və inkişaf XXI əsrdə" mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında çıxış edən ilk azərbaycanlı qadın olmuşdur.  Həmin sessiyada "Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv edilməsi haqqında" Konvensiyanın fakültativ protokolunun imzalanması ölkə rəhbərinin fərmanı ilə ona həvalə edilmişdi.

Zəhra xanım hər zaman üçün nümunə olan müqəddəs bir həyat yaşamış, tükənməz məhəbbət, unudulmaz xatirələr, saysız-hesabsız təşəkkürlər qazanmışdır. Görkəmli alim, ictimai xadim Z.Quliyeva 2005-ci il noyabrın 28-də dünyasını dəyişmişdir. Gələn il - 2013-cü ilin yanvarında isə onun 90 illik yubileyi qeyd olunacaq. Sadəliyin, nəcibliyin, kübarlığın, ziyalılığın timsalı olan Zəhra xanım böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq edən şəxsiyyət kimi yaddaşlarda daim yaşayacaqdır.

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.