Mədəniyyət

Qara Qarayevin “Yeddi Gözəl” baleti növbəti dəfə tamaşaçılara təqdim olundu - (Foto)

10 Oktyabr 2026 16:10
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunub.

Azərbaycan musiqi mədəniyyətinin incilərindən biri olan "Yeddi gözəl" baleti dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yaradılıb. Üç pərdə və yeddi şəkildən ibarət olan əsər zəngin musiqi dili, parlaq xoreoqrafiyası, rəngarəng obrazları və fəlsəfi məzmunu ilə seçilir. Baletdə sevgi, gözəllik, ədalət, mənəvi kamillik və insanın daxili dünyası kimi mövzular bədii ifadəsini tapıb.

Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olub. Baletin librettosu Yuriy Slonimski, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən hazırlanıb. Quruluşçu baletmeysterlər Xalq artistləri Maqsud Məmmədov və Rəfiqə Axundova olub.

Tamaşanın hazırlanmasında baletmeyster-repetitorlar - Xalq artistləri Mədinə Əliyeva və Gülağası Mirzəyev, Əməkdar artistlər Yuriy Lobaçev, Fərid İbrahimov və Cəmilə Kərimova iştirak ediblər. Quruluşçu rəssamlar SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev olub. Tamaşanı Əməkdar artist Yuriy Lobaçev idarə edib.

Bəhram obrazını Aleksandr Suldin, Ayşə obrazını Dinara Məmmədova, Vəzir obrazını Seymur Qədiyev, Gözəllər gözəli obrazını Ayan Eyvazova canlandırıblar. Hind gözəli rolunda Məryəm Şabakayeva, Bizans gözəli rolunda Səbinə Məmmədova, Xorəzm gözəli rolunda Nigar Əliyeva, Slavyan gözəli rolunda Liana Praqa, Məğrib gözəli rolunda Əməkdar artist Elmira Süleymanova, Çin gözəli rolunda isə Leyla Narimanidze çıxış edib.

Qeyd edək ki, bu tamaşada Bəhram obrazını Aleksandr Suldin, Vəzir obrazını Seymur Qədiyev, Çin gözəli obrazını isə Leyla Narimanidze ilk dəfə ifa ediblər. Yeni ifalar baletin səhnə həyatına əlavə rəngarənglik qataraq əsərin obrazlar aləminin fərqli yozumlarını nümayiş etdirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.