Mədəniyyət

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü Bakıda uğurla başa vurdu - (Foto)

28 İyul 2026 17:26
Baxış: 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Üç gün ərzində Bakı dünya modasının ritmi ilə yaşadı. Azerbaijan Fashion Week-in 20-ci yubiley mövsümü dizaynerləri, beynəlxalq ekspertləri, bayerləri və moda sənayesinin nümayəndələrini bir araya gətirərək tədbirin Xəzər regionunun aparıcı beynəlxalq moda platforması statusunu bir daha təsdiqlədi.

Yubiley mövsümünün əsas hadisələrindən biri DOME Middle East Fashion Week by Sabina Agalarova ilə qurulan strateji tərəfdaşlıq oldu. Bu əməkdaşlıq beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, həmçinin hər iki platformanın dizaynerləri və moda sənayesi nümayəndələri üçün yeni imkanların yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

"20-ci yubiley mövsümü bizim üçün yalnız əlamətdar tarix deyil, həm də Azerbaijan Fashion Week-in inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu gün Bakının dizaynerlərin, moda sənayesi peşəkarlarının və beynəlxalq tərəfdaşların görüş məkanına çevrildiyini görürük. Məqsədimiz regionun istedadlı yaradıcılarını beynəlxalq auditoriyaya çıxaran və moda dili vasitəsilə ölkələr arasında əməkdaşlığı gücləndirən platforma yaratmaqdır", - deyə Azerbaijan Fashion Week-in baş direktoru Nicat Baxşəliyev bildirib.

Mövsümün əsas mövzusu Water Element ("Su ünsürü") oldu. Hərəkət, transformasiya, saflıq və vəhdəti simvolizə edən bu konsepsiya Xəzər regionu ilə Yaxın Şərq arasında mədəni dialoqu əks etdirərək, ənənə ilə müasirliyin vəhdətindən doğan yeni moda baxışını nümayiş etdirdi.

Üç gün ərzində Azərbaycan və digər ölkələrdən olan dizaynerlər öz yeni kolleksiyalarını təqdim etdilər. Yubiley mövsümünün iştirakçıları sırasında Natavan Brand, Menzer Zekizade Fashion School, Lala Kerimova, Almas, Mariama, Giltex & AzCotton, Five Oceans, Jenya Ber, markA atelier Baku, NazMaer, Sameera, Shakhiadore (Time Deluxe ilə əməkdaşlıqda) və KHAYALY by Khayala Bayram yer aldı.

Yubiley mövsümünün kulminasiya nöqtəsi üç günlük proqramı yekunlaşdıran YUDASHKIN Moda Evinin nümayişi oldu. Rusiyanın tanınmış moda evi XX əsrin ortalarının estetikası, yüksək cəmiyyət mədəniyyəti və müxtəlif dövrlərin dekorativ-tətbiqi incəsənətindən ilhamlanan yeni demi-couture kolleksiyasını təqdim etdi.

"Azerbaijan Fashion Week yeni adların doğulduğu və dünya moda tarixində artıq öz yerini tutmuş simalarla gənc istedadların bir araya gəldiyi məkandır. Bizim üçün məhz belə bir mühitin parçası olmaq xüsusi əhəmiyyət daşıyır - gənc yaradıcıların yanında, canlı peşəkar dialoq şəraitində və zamanın daim dəyişən ritmi ilə birlikdə. YUDASHKIN Moda Evi müasir dünyanı diqqətlə izləyir, onunla birlikdə inkişaf edir və eyni zamanda özünəməxsus DNT-sini qoruyub saxlayır", - deyə YUDASHKIN Moda Evinin kreativ direktoru Qalina Yudaşkina bildirib.

YUDASHKIN Moda Evinin Azerbaijan Fashion Week-də iştirakı tədbirə beynəlxalq marağın artmasının və onun dünya səviyyəli moda brendləri ilə yeni nəsil dizaynerlər arasında peşəkar dialoq platforması kimi rolunun daha da gücləndiyinin növbəti təsdiqi oldu.

"Biz istəyirik ki, insanlar Bakını xatırlayarkən yalnız onun memarlığını, dənizini və zəngin tarixini deyil, həm də müasir modasını, kreativ sənayesini və istedadlı dizaynerlərini yada salsınlar. Azerbaijan Fashion Week şəhərin yeni mədəni simasının formalaşmasına töhfə verir və Bakının beynəlxalq moda xəritəsində öz mövqeyini inamla möhkəmləndirməsinə xidmət edir", - deyə Azerbaijan Fashion Week-in baş prodüseri Sayat Dosıbayeva bildirib.

Azerbaijan Fashion Week-in yubiley mövsümü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

İyirmi mövsüm ərzində Azerbaijan Fashion Week dizaynerləri, brendləri və moda sənayesinin peşəkarlarını bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Yubiley mövsümü layihənin inkişafında mühüm mərhələ olmaqla yanaşı, Bakının müasir modanın, beynəlxalq əməkdaşlığın və mədəni dialoqun aparıcı mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.