11:18
Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur xanəndəsi, əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Milli.Az xəbər verir ki, Qəzənfər Abbasov bu barədə Manset.az-a açıqlama verərək xəbəri təsdiq edib. O saxlanılması səbəbilə təyyarəsini də qaçırdığını qeyd edib.
"İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.
Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam".
10:37
"Hazırda imtahandayam".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov İrandan gələrkən hava limanında saxlanılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirərkən deyib.
Xanəndə bildirib ki, hazırda Bakıdadır və imtahanda iştirak edir. Xanəndə bu səbəbdən açıqlama verə biləməyəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılması ilə bağlı xəbərlər yayılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
-------
10:01
Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.
Milli.Az xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q. Abbasov Manset.az-a təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
Milli.Az





