Mədəniyyət

Valeri Kopeykin “İki xalça” baletinin yaranmasından danışdı: “Mən azərbaycanlıların ruhuna valeh olmuşam”

6 Oktyabr 2025 17:50
Baxış: 269
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 17 və 18-də "Astana Balet" səhnəsində Mosaic Del Arte tərəfindən hazırlanmış, Luvr muzeyində saxlanılan məşhur qırmızı-qara "Şirvan xalçası" əfsanəsinə əsaslanan "İki xalça" baletinin dünya premyerası keçiriləcək.

Milli.Az xəbər verir ki, bu əlamətdar hadisə ərəfəsində layihənin ideya müəllifi, libretto müəllifi və Mosaic Del Arte-nin təsisçisi, baş prodüseri Valeri Kopeykin layihənin yaranması barədə danışıb.

- Valeri, Sizi yenidən Bakıda görmək çox xoşdur. Bu səfərinizin məqsədi nədir? Nə üçün məhz Azərbaycan əfsanəsi yeni baletin əsasına çevrildi?

- Bura tez-tez gəlirəm - Bakıda dostlarım yaşayır. Ola bilsin, gələcəkdə Azərbaycanda mədəni layihələrlə bağlı əməkdaşlığımız olsun. Lakin hər şeydən əvvəl məni buraya çəkən Azərbaycanın mədəniyyəti, tarixi və ruhudur. Bu torpağın Şərq qoxusunu, ruhunu hiss etmək mənə böyük zövq verir. Azərbaycan xalqının səmimiyyəti, qonaqpərvərliyi və dəyərlərə sadiqliyi məni valeh edir. Xüsusilə İçərişəhər - qədim daşların və zamanın gözəlliyini duyduğun yer. Burada gəzməkdən doymuram.

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, müxtəlif millətlər, mədəniyyətlər və dinlər bir arada dinc yaşayır. Multikulturalizm burada sadəcə şüar deyil - həyat tərzidir. Bu isə əsl dəyərdir, böyük nailiyyətdir.
"İki xalça" layihəsinin ideyası Bakıda deyil, Dubayda - Mosaic Del Arte-nin əsası qoyulduğu yerdə yaranıb. Missiyamız - klassikanı müasir səhnəyə gətirmək, onu yenidən yaşatmaq, tamaşaçını gerçək sənətlə görüşdürməkdir.

"İki xalça" - bu bizim ikinci layihəmizdir. İlk layihəmiz "Kor bağışlama" (Blind Forgiveness) adlı rok-baleti oldu. Bu baletdə neoklassik rəqs elementləri, teatr monoloqu üslubunda süjet və müasir səslənən simfonik musiqi birləşir. Bu, balet sənətində innovativ yanaşmadır - 12 səhnədən ibarət libretto, rok elementləri və klassikanın vəhdəti ilə unikal əsər yarandı.

- "İki xalça" da həmin yenilikçi yolun davamıdır?

- Bəli, şübhəsiz. Amma tamaşanın detalları barədə çox açıqlama vermək istəməzdim. Tamaşaçılar özləri görüb qiymət versinlər. Yalnız onu deyə bilərəm ki, baletin əsasını Luvrda saxlanılan məşhur azərbaycan xalçası haqqında əfsanə təşkil edir. Bu əfsanəyə görə, bir qız öz sevgisini xalça vasitəsilə ifadə edir. Sevgilisi müharibədə həlak olduqdan sonra xalça qara rəngə bürünür və kədərin simvoluna çevrilir. Bu qısa əfsanəni yenidən işlədim, ona yeni nəfəs verdim, daha az faciəvi etdim və sevgi, ümid, bağışlama ilə dolu klassik balet ortaya çıxdı.

Baleti rejissor və xoreoqraf Aleksandr Moqilev səhnələşdirib. Musiqinin müəllifi - emosional və incə partiturası ilə tanınan bəstəkar Arseniy Smirnovdur. Tamaşa zamanı dekorasiya beş dəfə dəyişəcək. Səhnə tərtibatçısı Anastasiya Kapustina xüsusi olaraq bu tamaşa üçün qədim Azərbaycan naxışlarından ibarət xalça eskizi hazırlayıb. Bu xalça yalnız bir nüsxədə "Azərxalça" ASC tərəfindən toxunub və premyerada nümayiş olunacaq. Kostyumlar məşhur dizayner İqor Çapurin tərəfindən hazırlanıb. Baş rolları Tatyana Ten (Leyla), Sundet Sultanov/Yerqanat Yermagambet (Samir) və Nataliya Fernandes Menes (Marqo) ifa edirlər.

- "İki xalça" baletinin süjetindən azca danışa bilərsinizmi?

- Əsərdə mənim üçün əsas olan - insan duyğularının dərinliyidir. Bu gün biz get-gedə hisslərimizi itiririk. Ünsiyyət sadələşib, sevgi isə gündəlik bir anlayışa çevrilir. Halbuki məhz sevgi insanlığı çox zaman xilas edib.
Hadisələr XX əsrin əvvəllərində - Bakı, Sankt-Peterburq və Vyana şəhərlərində, Birinci Dünya müharibəsi fonunda cərəyan edir. Leyla və Samir - gənc aşiq bir cütdür. Onların sevgisi ayrılıq, sınaqlar və ağrılarla doludur. Süjetə Marqo adlı qadının daxil olması ilə hekayə yeni mürəkkəblik, fədakarlıq və bağışlama qazanır. Mənim üçün qadın sevgisi - ən güclü hissdir. Bir qəhrəman sevdiyini itirir və dərd içində qapanır, digəri - sevgisini tapır, amma onu başqasının xoşbəxtliyi üçün qurban verir.

Kişi qəhrəmanların gücü isə hökmranlıqda deyil, səhvini qəbul edə bilməkdə, öz duyğularına qarşı səmimi olmaqdadır. Mən istərdim ki, kişilər qadın sevgisinin gücünü yenidən anlayıb ona layiq olmağa çalışsınlar.
Baleti daha anlaşılan etmək üçün tamaşadan əvvəl qısa teatr təqdimatı - proloq olacaq. Bu izləyiciyə süjeti və ideyanı daha dərindən anlamağa kömək edəcək. Biz bu üsulu ilk layihəmiz "Kor bağışlama"da da tətbiq etdik və tamaşaçılardan çox müsbət rəylər aldıq.

- Layihənizdə bir çox ölkədən yaradıcı şəxslər iştirak edir. Bu sizin üçün nə deməkdir - sərhədsiz mədəniyyət?

- Bu - sözsüz anlaşma dilidir. Musiqi, rəqs, gözəllik və sevgi - bunlar siyasətdən və milliyyətlərdən üstün birləşdirici gücə malikdir. Biz bu layihə ilə daha güclü, daha cəsarətli və daha yaradıcı olduğumuzu hiss edirik. Gələcəkdə yeni səhnə əsərləri planlaşdırırıq. Ümid edirik ki, tamaşalarımız mədəniyyətin inkişafına töhfə verəcək və izləyicilərə sevinc bəxş edəcək.

Xüsusilə istəyirəm ki, "İki xalça" baleti Azərbaycanda da nümayiş olunsun. Çünki bu əsər bilavasitə sizin mədəniyyətinizlə - xalçalarla, qadın obrazları ilə bağlıdır. İlham mənbəyimiz məhz buradır!
Tamaşaçılara səslənərək demək istəyirəm: gəlin sənəti yenidən dərk etməyi öyrənək. Klassikaya qayıdaq - onun səmimiyyətinə, ruhuna. Qoy sənət yenidən gözəllik, sevgi və ilham məkanı olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.