Mədəniyyət

"Leonardo Art School Baku" tələbələrinin sərhədsiz fantaziyası - Bakıda keçirilən sərgidə parlaq rənglərin ardıcıllığı - FOTO

14 İyun 2024 14:40
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yerləşən "1969" qalereyasında "Leonardo Art School Baku" incəsənət məktəbinin tələbələrinin əsərlərindən ibarət sərginin açılışı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədris ilinin yekunlarına əsasən təşkil olunmuş sərgi "İncilər Aləmi" adlanır. Sərgidə gənc rəssamların tədris ili ərzində yaratdıqları ən yaxşı əsərləri nümayiş olunur.

Sərgilənən əsərlər "Leonardo Art School Baku" pedaqoqlarının diqqətli rəhbərliyi altında tələbələrin öz yaradıcı potensiallarını inkişaf etdirdiyi, özləri üçün rəsmdə yeni texnikaları kəşf etdiyi, düşüncə azadlığı, kompozisiya həlli, parlaq rənglərin ardıcıllığı ilə insanı heyrətə salan əsərlər yaratdığını nümayiş etdirir.

"Leonardo Art School Baku" tələbələrinin fantaziyası sərhədsizdir, hər bir əsər izləyicilərə ilıq və parlaq emosiyalar bəxş edən heyrətamiz və parlaq dünyadır.

Sərginin açılışında çıxış edən "1969" rəsm qalereyasının rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov sərgiyə "Leonardo Art School Baku"nun 40-dan çox yetirməsinin 80-dən yuxarı əsərinin daxil olduğunu qeyd edib.

"Qalereyamızın zalında bütün dünyada tanınan Azərbaycan rəssamlarının - Tahir Salahovun, Mikayıl Abdullayevin, Vəcihə Səmədovanın, Maral Rəhmanzadənin və başqalarının əsərlərindən ibarət sərgilər keçirilib. Fikrimcə, burada gənc rəssamların - "Leonardo Art School Baku"nun tələbələrinin əsərlərindən ibarət sərginin keçirilməsi onlar üçün incəsənəti daha çox öyrənməsi, rəsm çəkməsi, öz istedadını inkişaf etdirməsi, öz üzərində işləməsi üçün stimul və motivasiya olacaq.

"Leonardo Art School Baku"nun təsisçisi Nərminə Həsənovaya və məktəbin müəllimlərinə uşaqlarda və yeniyetmələrdə incəsənətə sevgi aşıladıqlarına, maraq yaratdığlna, onları yaradıcılığa həvəsləndirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm", - Elçin Orucov deyib.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov artıq ikinci ildir ki, "Leonardo Art School Baku" tələbələrinin əsərlərindən ibarət sərgini ziyarət etdiyini və dəyişilməz olaraq əsərlərin müəlliflərinin istedadı və səmimiyyətinə heyran olduğunu vurğulayıb.

"Sevindirici haldır ki, uşaqlar Avropa rəssamlıq məktəbi, Vinsent van Qoq, Pol Qogenin, Anri Matis və bir çox digər tanınmış rəssamların əsərləri ilə tanışdır. "Leonardo Art School Baku"nun gənc istedadları tanınmış fırça ustalarının əsərlərindən ilhamlanaraq əsərlər yaratması, onlardan bəzilərinin sərgiyə daxil olması diqqətəlayiq haldır. Bir rəssam olaraq mənim üçün yetişməkdə olan gənc nəslin əsərlərindəki kompozisiya həlli, məna, baxış maraqlıdır və əlbəttə ki, onların səmimiyyəti, yaradıcı təzahürdəki sərbəstliyi insanı valeh edir. Mən "Leonardo Art School Baku"nun müəllimləri ilə görüşdüm. Onlara böyük əhsən düşür. Yetişməkdə olan nəslin istedadlı, incəsənəti sevən və öz işinə sadiq olan müəllimlərlə məşğul olmaq, onlardan öyrənmək imkanı var", - Azərbaycanın Xalq rəssamı deyib.

Şair, publisist Fəxrəddin Meydanlı qeyd edib ki, uşağa hər hansısa sahədə dərs deyəndə və onu yönəldəndə bu işə ilk növbədə sevgi qatmaq lazımdır.

"Mən tez-tez rəsm sərgilərini ziyarət edirəm və "İncilər Aləmi" sərgisi məndə böyük təəssürat yaratdı. Şübhəsiz, bu qədər gənc istedadlarımızın olması sevindirici haldır. Gənc müəlliflərin əsərləri diqqətimi cəlb etdi. Sərgini - həm qalereyanın ab-havası, həm də sərgi məkanının tərtibatını çox bəyəndim. "Leonardo Art School Baku"ya fəaliyyətlərində böyük uğurlar arzulayıram və qoy bu kimi tədbirlər mümkün qədər çox olsun", - Fəxrəddin Meydanlı deyib.

Sərginin rəsmi açılışından sonra tədbirin qonaqları hər bir əsəri aşkar maraqla izləyirdi, sanki müxtəlif dünyalara sehrli səyahətlər edir, gənc rəssamlar isə onlara bələdçi olurdu.

Belə ki, yeddi yaşlı Əhməd Məmmədzadənin "Alisa Möcüzələr Diyarında" əsərinə baxan izləyici özünü çoxlu kilidli qapıları olan Ağ Dovşanın yuvasında "tapır", səkkiz yaşlı Leyla Quliyeva isə zebraların və fillərin yaşadığı savannada gəzişməyi "təklif edir", onun həmyaşıdı Selin Kərimova isə insanı əfsanəvi su pərilərinin yaşadığı su hövzələrinin dərinliklərinə qərq edir.

Beləliklə, bir möhtəşəm əsərdən digərinə keçid edən izləyicilər özlərini müxtəlif - xəyali, əyləncəli və nağıl aləmlərində tapırlar. Rəssamların əsərləri böyükləri uşaqlıq illərinə qaytarır, onlara sevinc, xoşbəxtlik və səmimi uşaqlıq duyğuları ilə dolu bu gözəl çağları xatırladır.

"Leonardo Art School Baku"nun pedaqoqu Əminə Rəcəbəliyevanın sözlərinə görə, hər akademik ilin sonunda yekun sərgi keçirilir.

"Biz kreativliyi inkişaf etdirir, müxtəlif texnikalara fokuslanırıq. Çox gənc tələbələrimiz flomasterlə rəsm çəkməyi xoşlayır, lakin böyüdükcə akvarel, akril boyaları daha çox sevirlər.

Uşaqların məktəbimizin proqramı üzrə məşğul olmaq, müxtəlif rəsm texnikalarını öyrənmək, daha sonra işləmək, incəsənət, rəssamlar və rəngkarlıq tarixi barədə mümkün qədər çox öyrənmək imkanının olması möhtəşəmdir", - o deyib.

Leonardo Art School Baku"nun yetirməsi, 10 yaşl Melissa Hacıyeva böyük ilhamla rəsm çəkdiyini deyib.

"Leonardo Art School Baku"da oxuduğum ikinci ildir, məşğələlərdə iştirak etmək, yeni şeylər öyrənmək çox xoşuma gəlir. Müəllimlərimiz möhtəşəmdir, öz təcrübə və biliklərini bizimlə bölüşdükləri üçün onlara minnətdaram. Sərgidə iki əsərim nümayiş olunur, biri Novruz bayramına, digəri isə dəniz mövzusuna həsr olunub. Həm birinci, həm də ikinci əsərimdə qadın obrazı yer alır", - gənc rəssam deyib.

Səkkiz yaşlı Adil Bağırov rəsm çəkməyi çox sevdiyini və hər dəfə növbəti rəssamlıq dərsini səbirsizliklə gözlədiyini vurğulayıb.

"Leonardo Art School Baku"da məşğələləri ziyarət etmək çox xoşuma gəlir, hər dərsi səbirsizliklə gözləyirəm. Artıq üç ildir ki, məşğul oluram, əsərlərimdə, adətən, insanlar, mənzərələr və heyvanları təsvir edirəm. "Leonardo Art School Baku"da bizə incəsənətdən, tanınmış rəssamlar və onların yaradıcılıq yolundan bəhs olunması çox xoşuma gəlir. Yeni bir şey öyrənmək o qədər maraqlıdır ki", - deyə Adil Bağırov əlavə edib.

Qeyd edək ki, sərgiyə 4-13 yaş arası gənc müəlliflərin əsərləri daxil olub.

"Leonardo Art School Baku" gənc istedadların öz bacarıq, kreativlik və assosiativ təfəkkürünü kəşf edərək inkişaf etdirdikləri gözəl tədris və yaradıcılıq məkanıdır. Tədris ilinin sonunda nümayiş olunan yekun sərgi və buradakı əsərlər tələbələrin əldə etdikləri bilik və bacarıqları əyani şəkildə göstərir.

Həmçinin, qeyd edək ki, "Leonardo Art School Baku" tələbələrin mərhələli yaradıcı inkişafı üçün beş əsas kursdan istifadə edir. Hər bir tədris ili "Leonardo Art School Baku" tələbələrinin ən yaxşı əsərlərinin illik ekspozisiyası ilə başa çatır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.