Mədəniyyət

“Gecə desəydim ki, Elxan, halım pisdir, o dəqiqə qaçıb yanıma gələrdi...” - FOTO

10 İyun 2023 14:36
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elxanı itirəndən sonra öz-özümə sual verirdim ki, mənim üçün Elxan Qasımov kimdir? Əvvəla onu qeyd etmək istəyirəm ki, Elxan Qasımov Azərbaycan kinosunda 60-ilə yaxın həyatını, canını, səhhətini qoymuş, cəfakeş bir insandır. Elxan Qasımov Azərbaycan kinosunun 50-ci, 60-ci, 70-ci, 80-ci, 90-cı illərdəki tarixini, o hadisələri dərindən bilən bir insan idi. Bütün bu hadisələr-həm Azərbaycan kinosunun inkişafı, çiçəklənən dövrü, həm də tənəzzül dövrü hamısı onun gözü qarşısından keçib. Elxan Qasımov mənim üçün gözəl, təvazökar dost, qayğıkeş bir şəxsiyyət idi. Çox sadə, təmiz, pak, hər zaman dostunun köməyinə gələn bir insan idi. Mən onlarla insan tanıyıram ki, çətin vəziyyətə düşəndə, bir çoxları vəfat edəndə Elxan Qasımov öz dost əlini uzadıb, onlara yardım edib, onları dəfn edib. Azərbaycan kinosunda elə bir şəxsiyyət yox idi ki, Elxan Qasımov onun xeyirində, şərində iştirak etməsin. O 1980-ci illərin əvvəllərində "Azərbaycanfilm" kinostudiyasının Həmkarlar İttifaqının sədri oldu. Həmin dövrdə Həmkarlar İttifaqı çox səmərəli fəaliyyətə başladı. O dövrdə kinostudiyanın pioner düşərgəsi təmir olundu, yay ayında kinostudiyanın işçilərinin uşaqları gedib orada dincəlirdilər. Elxan Qasımov idman yarışları keçirirdi, SSRİ-nin başqa respublikalarına çox maraqlı səyahətlər təşkil edirdi. Həmkarlar İttifaqının hesabına kinostudiyanın işçilərini ora göndərirdi. Xəstə, zəif insanların sağlamlığının qeydinə qalırdı, onların müalicə almasına şərait yaradırdı. O çox böyük işlər görüb. Bu bir daha sübut edir ki, Elxan Qasımov qayğıkeş bir insan idi".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. 

"Hansı işi ona tapşırırdılarsa, onun öhdəsindən asanlıqla gəlirdi. O həm də istedadlı aktyor idi. 1963-cü ildə ilk dəfə Adil İsgəndərovun "Əhməd haradadır?" filmində şofer Əhməd rolunu ifa etdi. Bundan sonra Zeynəb Kazımovanın "Dağ meşələrini keçərkən" filmində maraqlı bir obraz yaratdı. "Axırıncı aşırım" və s. filmlərdə də o rollar alıb. O öz fəaliyyətində rejissor kimi də çıxış edirdi, sənədli filmlər çəkirdi, dublyajlarda rejissorluq edirdi. Onun bir neçə maraqlı bədii filmi də var. "Köhnə bərə", "Qocalar qocalar" və sonuncu filmi də 2007-ci ildə çəkdiyi "Biz qayıdacağıq" filmi oldu. Bu film Qarabağ mövzusuna həsr olunmuşdu. Bu Elxan Qasımov üçün çox önəmli bir mövzu idi. Çox böyük nikbinliklə, ümidlə o fikirləşirdi ki, Azərbaycan Qarabağ torpaqlarını geri qaytaracaq. Bu həqiqətən də oldu. Bu filmdə də bu fikir səslənirdi və filmin qəhrəmanları ümidlə yaşayırdılar ki, Qarabağ torpaqları Azərbaycanındır və o torpaqları geri alacağıq. Bu gün düşünürəm ki, mən kimi itirmişəm. Mən dostumu, qardaşımı itirmişəm. Mən elə bir insanı itirmişəm ki, gecə zəng edib ona deyərdim ki, "Elxan, mənim halım pisdir". O dəqiqə maşına minib gələrdi. Mən ən əsası böyük qardaşımı itirmişəm. Mənim üçün ən ağırı odur ki, may ayının 9-da biz onunla görüşüb, mərhum kinooperator Fikrət Əsgərovun məzarı üstünə gedəcəkdik. Fikrət müəllimin 80 yaşı tamam olurdu. Mayın 8-i axşam saat 6-da danışıb söhbətləşdik, səhəri gün ona zəng etdim, telefonu götürmədi. Sonra qızı telefonu götürüb, ağlamağa başladı. Dedi ki, papa xəstəxanaya düşüb, vəziyyəti çox ağırdır. Belə bir vəziyyətdə mən Elxanı itirdim. Mən bilmirəm ki, bundan sonra özümə belə bir dost tapacam? Çətin ki, yox. Elxanın itkisi, həyatdan getməsi mənim üçün çox ağırdır. Hər zaman bu insanı ürək ağrısı ilə, məhəbbətlə yad edirəm. Allah ona rəhmət etsin" deyə Cəmil Quliyev bildirib.

Cəmil Quliyev Film Fondunda Elxan Qasımovun arxiv fondunun yaradacağını da bildirib.

"Təbii ki, biz Film Fondunda Elxan Qasımovun şəxsi arxiv fondunu yaradacağıq. 40 günü çıxandan sonra qızı ilə danışacam. O da bu işdə ümid edirəm ki, mənə kömək edəcək. Müəyyən materiallar mənim özümdə də var. O elə bir şəxsiyyət idi ki, mütləq arxiv fondunda gələcək nəsillər üçün sənədləri qalmalıdır. Onlar qorunub saxlanılmalıdır" deyə o bildirib.

Sənətkar film çəkmək arzusundan da danışıb.

"Təbii ki, mənim bir neçə ideyam var. Amma bu gün istiqamətim materialların toplanması, arxivlərin qorunmasıdır. Bizim görkəmli kino xadimləri haqqında məlumatları hazırlamaqdır və s. Arzularım var, film çəkərdim böyük məmnuniyyətlə. Zaman onu göstərər. Əsas odur ki, can sağlığı olsun" deyə Cəmil Quliyev bildirib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.