Mədəniyyət

İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın açılış mərasimi keçirilib - FOTO

26 Noyabr 2022 16:44
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, "Şuşa ili"nə ithaf olunmuş II "4.4 Qısa Tamaşalar Festivalı" başlayıb. 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində gerçəkləşən Festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Festival çərçivəsində 24 noyabr tarixində Azərbaycan Respublikasının Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "A.P.Çexovun "Ayı" və "Təklif" qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi" mövzusunda treninqi keçirilib.

25 noyabrda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cahangir Novruzovla görüş keçirilib. Daha sonra Akademik Milli Teatrında rejissoru Nigar Güləhmədova, müəllifi Goderdzi Çoxeli olan "Küknarlara məktub", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin Ülviyyə Heydərovanın eyniadlı monopyesi əsasında hazırladığı "İnanıram" tamaşaları nümayiş olunacaq. Günün sonunda isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivalın açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova bildirib ki, festivalın təşkil edilməsində teatr mühitini canlandırmaq, teatra yeni nəfəs verməkdir. "Maraqlı cəhətləri odur ki, biz janr, üslub baxımından heç bir məhdudiyyətlər qoymadıq. Festivalda dövlət teatrları ilə yanaşı, həmçinin özəl teatr kollektivləri və hətta kollektivi olmayan bütün yaradıcı şəxslərə öz işlərini təqdim etməyə imkan verildi".

Festivala peşəkarlardan ibarət münsiflər heyəti dəvət olunduğunu diqqətə çatdıran nazirliyin əməkdaşı bu layihənin davamlı olacağından inamını ifadə edib: "Şadıq ki, bu il artıq ikinci festivalımızı keçiririk. Budəfəki festival çox zəngin proqramla və daha geniş formatda olacaq. Eyni zamanda, xaricdən dəvət olunmuş mütəxəssislər tədbirə qatılıblar. Əminik ki, festival ötən il olduğu kimi bu il də teatr mühitinə öz faydalı töhfəsini verəcək".

Layihə barədə geniş məlumat verən teatrşünas Elçin Cəfərov diqqətə çatdırıb ki, festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, Festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu ilki Festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı "Kreyser sonatası" tamaşasına baxa biləcəklər.

Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. 50-yə yaxın xarici qonağın qatıldığı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər".

Festivalın münsiflər heyətinin sədri, teatrşünas İsrafil İsrafilov mədəniyyət sahəsi üçün bu cür festivalların əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, festivala təqdim edilən ötənilki tamaşalarla müqayisədə builki tamaşalar arasında xeyli dərəcədə fərq, xeyli irəliləyiş var. Festivalın əsas məqsədi də yeni adların və istedadların ortaya çıxarılmasına xidmət edir.

Keçənilki festivalın qalibi olan ƏSA Teatrının təsisçisi, rəhbəri Nihad Qulamzadə qalibiyyətlərindən və bu festivalın teatr sahəsi üçün önəmli bir çəkidə olmasından danışaraq bütün teatr sahəsinin yaradıcı insanlarını, həmçinin teatrsevərləri bu cür teatr bayramı münasibətilə təbrik edib.

Sonra festivalın proqramına həsr olunmuş videoçarx nümayiş olunub.

Festivalın ikinci günü - 26 noyabr Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ötən gün nümayiş olunmuş tamaşaların müzakirəsi ilə başlayacaq. Daha sonra Qusar Dövlət Ləzgi Dram Teatrının rejissoru Əliyar Əliyev, müəllifi qazax dramaturqu Murat Kolqanat olan  "Poni" əsəri təqdim ediləcək. Tamaşadan sonra Movement teatrının rejissoru İoseb Bakuradzenin "İmprovizə" mövsunda treninqi və  Lənkəran Dövlət Dram Teatrının Tərlan Abdullayevin quruluşunda "Qanlı namə" (İlqar Fəhmi) tamaşası baş tutacaq. Axşam saatlarında Azərbaycan Dövlət Yuğ Teatrının "Kloun Bizzz" (müəllif Matey Vişnek, rejissor Mikayıl Mikayılov) və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin "Püstə ağacı" (müəllif Maqsud İbrahimbəyov, rejissor Vaqif Əsədov) müsabiqədənkənar tamaşaları nümayiş olunacaq.

27 noyabr tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək tamaşaların müzakirəsindən sonra, Füzuli Dövlət Dram Teatrının Abdulla Elşadlının pyesi əsasında rejissoru Nicat Mirzəzadənin quruluş verdiyi  "Tənhalığın evi", Azərbaycan Dövlət Pantomima Teatrında rejissoru Ceyhun Dadaşovun Nikolay Qoqolun eyniadlı hekayəsi üzrə hazırladığı "Şinel", S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissor Raulya Türkkanın quruluşunda "Maneken" (müəllif Firuz Mustafa) tamaşaları nümayiş olunacaq. Günün müsabiqədənkənar tamaşası isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İradə Gözəlovanın Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında səhnələşdirdiyi "Anamın kitabı" olacaq.

Müsabiqənin dördüncü günü - 28 noyabr tarixində də Festivalın gündəliyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaların müzakirəsi ilə başlayacaq , A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Gəncə Dövlət Kukla Teatrının quruluşu Fərmail Paşayevə məxsus  "Dərdlərimin çamadanı" (müəllif Hafiz Ataxanlı) tamaşasının nümayişi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Teatr dünyası - dünya teatrı müasir dövrün qlobal problemləri kontekstində" mövzusunda panel müzakirə, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Cosmo" Müstəqil Teatrının rejissoru Ümüd Abbas olan "Mühacirlər" (müəllif Slavomir Mrojek) tamaşası ilə davam edəcək. Günün müsabiqədənkənar tamaşaları isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının rejissorları Levan Tsuladze və Temo Kupravanın, Lev Tolstoyun "Kreyser sonatası" povesti əsasında səhnələşdirdikləri eyniadlı tamaşası və Azərbaycan Dövlət Pantomima Teatrında rejissoru Ceyhun Dadaşov olan "Manqurt" (müəllif Çingiz Aytmatov) əsəri olacaq.

29 noyabr tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaların müzakirəsi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında A.Şaiq adına Azərbacan Dövlət Kukla Teatrının olan "Zəfər zəngi" (müəllif Zahid Xəlil, rejissor Qurban Məsimov), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Salyan Dövlət Kukla Teatrının müəllif və rejissor Laləzər Hüseynova olan "Sülh naminə birləşək", Akademik Milli Dram Teatrında Səhnə Teatrının quruluşu Namiq Ağayevə məxsus   "Qurd əfsanəsi" (müəllifi Xaqani Əliyev) tamaşalarından sonra,  S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında rejissoru  Ərşad Ələkbərov, müəllifi Anar olan "Mən, sən, o və telefon..." və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının "Kreyser sonatası" müsabiqədənkənar tamaşaları nümayiş olunacaq.

Festivalın sonuncu günü - 30 noyabrda teatrsevərləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaların müzakirəsi, Tbilisi Beynəlxalq Teatr Festivalının art direktoru Yekaterina Mazmişvili və həmin Festivalın Beynəxalq proqram üzrə prodüseri Nutsa Burjanadzenin "Festivalın strukturu: çağırışlar, vəzifələr və perspektivlər" mövzusunda ustad dərsi, K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladzenin "Qafqaz təbaşir dairəsi" mövzusunda ustad dərsi gözləyir. Günün sonunda isə Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.

Festivalın proqramı https://www.facebook.com/4.4festival

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.